Cəlilabad təhsil şöbəsinin müdiri ifşa olundu

Keçmiş direktor Hümmət Paşayev: «Ədalət Əsgərov məni həbs elətdirməklə qorxutdu»

“Təzəxan Mirələmli mitinqə gedib tutulursa, buna görə mən niyə cəza almalıyam?”, – deyə Fərzili kənd orta məktəbinin keçmiş direktoru Hümmət Paşayev “Azadlıq”a açıqlamasında sual edir.
Söhbət AXCP-nin Cəlilabad şöbəsinin sədri, son vaxtlar hakimiyyət tərəfindən mənəvi terrora (azyaşlı övladının həbsə düşməsi, işdən çıxarılması, polis zorakılığının qurbanı olması və s.) məruz qalan Təzəxan Mirələmlinin işlədiyi məktəbdən gedir. Məsələ burasındadır ki, Mirələmliyə qarşı qurulan planın tərkib hissəsi olmağa razılıq vermədiyindən məktəbin direktoru Hümmət Paşayevi də vəzifəsindən uzaqlaşdırıblar. Paşayev də öz növbəsində “Azadlıq”a işdən çıxarılmasının detallarını açıqlayıb.
H.Paşayevin sözlərinə görə, Təzəxan Mirələmli Ictimai Palatanın mitinqlərində iştirak etdikdən sonra Cəlilabadın təhsil şöbəsinin müdiri Ədalət Əsgərov öz adamlarını onun yanına göndərib: “Təhsil şöbəsinin məsləhətçisi məndən tələb etdi ki, səhhətimlə bağlı direktorluq vəzifəsindən istefa verməyim haqda ərizə yazım. Mən buna etiraz etdim. Onlar məni həbs elətdirəcəklərilə hədələdilər. Dedilər ki, üzümə adam dayanacaq ki, rüşvət almışam. Mən Ədalət Əsgərovu yaxşı tanıyıram. Bilirəm ki, o belə şeylər edə bilər”.
Sabiq direktorun sözlərinə görə, təhsil şöbəsinin rəhbərliyi onu Təzəxan Mirələmlini müdafiə etməkdə günahlandırıb: “Ancaq siyasi baxımdan onunla ayrı-ayrı qütblərdə dayanan adamlarıq. O, müxalifətçidir, mənsə iqtidarı müdafiə edirəm, başqa partiyanın üzvüyəm. Ancaq biz bir yerdə işləyirdik. Bir-birimizə hörmətimiz var idi. Əqidə başqa şeydir, iş başqa. Mən bunu Ədalət Əsgərova başa sala bilmədim”.
Hümmət Paşayev aşkar şəkildə hüquqlarının pozulduğunu deyir: “Mən heç bir əsas olmadan işdən çıxarılmışam. Daha doğrusu, buna məcbur qalmışam. Mən Qərbi Azərbaycanda anadan olmuşam, Cəlilabadda təkəm, heç kimim yoxdur. Amma Ədalət Əsgərovun arxasında dayanan var”.

Elmin