SEPAH 1 nömrəli döyüş hazırlığına gətirildi
İranda prezident Mahmud Əhmədinejadla ölkənin ali dini lideri Əli Xamneyi arasında gərginlik davam etdiyi vaxt ortaya daha bir ziddiyyətli informasiya çıxıb. “Mignews”.com xəbər saytı ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) “Rza Xəlil” adlı keçmiş əməliyyatçısına istinadən bildirib ki, aprelin 19-da İranda dövlət çevrilişinə cəhd edilib. Çevrilişi həyata keçirmək istəyənlər İran İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) əsas kadr bazası sayılan bəsiclərin başçıları və bir qrup ayətullah olub.
MKİ əməliyyatçısının sözlərinə görə, həmin gün SEPAH-ın bir qrup zabitinin ölkənin ali dini lideri Əli Xamneyini devirmək cəhdinin qarşısı alınıb. Zabitlər Tehranda hökumətin 130 qurumunu ələ keçirməyi planlaşdırırmış.
Çevriliş planını Xamneyinin ən yaxın ətrafı hazırlayıb.
Xamneyiyə qarşı plandan ehtiyatlanan ayətullahlar İran Təhlükəsizlik Şurasında “Əməliyyat planı -55” adlı sənədin hazırlanmasına nail olublar. Plana əsasən SEPAH-ın əsas heyəti Xamneyinin birbaşa tabeliyinə verilib. SEPAH Tehran, Təbriz, İsfahan və başqa iri şəhərlərdə bir nömrəli döyüş vəziyyətinə gətirilib. Bundan başqa, ayətullah Xamneyinin etibar etdiyi qvardiya taqımları da hərbi hazırlıq vəziyyətindədirlər.
Xatırladaq ki, çevrilişi hazırlayan zabitlər 2009-cu ilin prezident seçkisinin nəticələrini qəbul etməməklə yanaşı, rəsmi nəticəyə etiraz edənlərə qarşı amansız davranışı pisləyiblər.
İnformasiya şöbəsi