«Gül bayramı» Bakını iflic etdi

Yollar bağlandı; minlərlə paytaxt sakini bayramın yaratdığı qarışıqlıqdan əziyyət çəkdi

Bulvarı «Qullara azadlıq!», «Qul bayramınız mübarək!», «Istefa!» şüarları bürüdü

Dünənki “10 may” da əvvəlkilərdən fərqlənmədi. “Gül bayramı” adı verilən dünənki gün Bakı sakinlərinə bayram əhval-ruhiyyəsi əvəzinə, xeyli əzab-əziyyət və əsəb yaşatdı.
Gəzinti üçün paytaxtın mərkəzinə üz tutanlar az sonra bu qərarlarına görə peşmançılıq keçirirdilər. Çünki mərkəzi küçələrdə nəinki nəqliyyatın, hətta vətəndaşların da hərəkəti məhdudlaşdırılmışdı. Konkret olaraq, Respublika sarayının önündən “28 may” istiqamətinə gedənlər və gələnlərin yolu kəsilmişdi. Bu istiqamətdə hərəkət etmək istəyənlər yollarını bir xeyli uzatmaq məcburiyyətində qalırdılar. Halbuki, milyonlarla pul xərclənən bayram tədbiri məhz Respublika sarayı ilə Milli Bankın arasındakı parkda təşkil olunmuşdu. Amma parka daxil olmaq istəyənlər saatlarla növbədə gözləməli oldu. Çünki hamıdan əvvəl Ilham Əliyev parka gəlməli, atasının heykəlinin önünə gül qoymalıydı.
Təxminən saat 11 radələrində dövlət başçısı parka gəldi və bununla da ətrafda çaxnaşma yarandı. Çünki yüzlərlə paytaxt sakini Əliyevlə görüşüb, problemini çatdırmaq istəyirdi. Xüsusən də ahıl yaşlı insanlar buna çalışırdı. Lakin prezidentlə görüşməyə cəhd göstərənlərin hamısı dərhal ərazidən uzaqlaşdırıldı. Hətta media nümayəndələrinə də parka daxil olmağa imkan verilmədi. Daha doğrusu, hökumətin nəzarətində olan KIV-lərin bir qrupunun nümayəndələri əvvəlcədən müəyyənləşdirilmiş şəkildə parka buraxıldı.
Amma Ilham Əliyev çıxıb gedəndən sonra da vəziyyət qaydasına düşmədi. Çünki parka müxtəlif istiqamətlərdən daxil olmaq imkanı yaradan keçidlərin hamısı bağlanmışdı. Yalnız bir istiqamətdən daxil olmağa icazə verildi ki, bu da uzun-uzadı növbələr və ciddi narazılıq yaratmışdı. Şənlikdə iştirak etmək istəyənlər arasında sıxlığa düşən azyaşlılar ağlaşırdılar.
Yeri gəlmişkən, Bakı Şəhər Icra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov da şənliyə azyaşlı qız nəvəsilə birgə qatılmışdı.
Paytaxtdakı tədbirlər üzündən yolların bağlanması və nəticədə nəqliyyat vasitələrinin saatlarla tıxacda qalması insanların əsəblərini tarıma çəkmişdi. Şəhərin mərkəzindəki avtobusların heç biri sona qədər öz marşrutu üzrə hərəkət edə bilmirdi. Bu isə o deməkdir ki, sərnişinləri normal şəkildə mənzil başına çatdırmaq mümkün olmurdu. Bu da həm sürücülərdə, həm də sərnişinlərdə qıcıq yaradırdı, hakimiyyətin ünvanına etirazlar səslənirdi.
Yollardakı tıxaclar üzündən mənzil başına vaxtında yetişə bilməyən insanlar avtobuslardan düşür, “bunu bilərəkdən yaradıblar”, deyə narazılıq edə-edə yaxınlıqdakı metro stansiyasına üz tuturdular. Amma metroda da vəziyyət gərgin idi. Konkret olaraq, metronun “28 may” stansiyasında sərnişinlərin çoxluğu həm metrostansiyaya giriş-çıxışda, həm eskalatorlarda, həm də qatarların hərəkətində problemlər yaradırdı.
Deyəsən, bu hökumət heç bir tədbiri “karusel”siz yola verə bilmir. Seçkidə olduğu kimi, dünən də bu üsuldan istifadə olunmuşdu. Yəni, tədbirdə iştirak etmək üçün əvvəlcədən müəyyənləşdirilmiş tələbə, müəllim və s. qrupları dəstə-dəstə bir parkdakı tədbirdən başqasına aparılırdı. Məqsəd də bu idi ki, “Gül bayramı”nın izdihamlı şəkildə qeyd edildiyi, insanların yüksək əhval-ruhiyyədə bu bayrama qatıldığı görüntüsü yaradılsın.

***

Dünən günün ikinci yarısında məlum oldu ki, bir qrup müstəqil gənc xalqın pullarının “Gül bayramı” adı altında qondarma bir bayrama sərf olunmasına etiraz edəcək. Bu xəbər jurnalistlərlə yanaşı, polislərə də çatmışdı. Təsadüfi deyil ki, xəbər çatandan az sonra Səbail rayon Polis Idarəsinin rəis müavini Kamal Vəlişovun başçılığı ilə bir bölük polis bulvara doğru istiqamətləndi. Ancaq onlar da dəqiq məlumatları olmadan bulvara gedirdilər. Çünki heç kəsə bəlli deyildi ki, gənclərin etiraz edəcəyi məkan hara olacaq. Buna görə də Fəvvarələr meydanı, Milli Park, Hökumət Evinin qarşısı tam nəzarətə götürüldü. Ancaq bu “profilaktik” tədbirlər işə yaramadı. Gənclər etiraz aksiyasını keçirməyə nail oldular. 100-ə yaxın gəncin səsləndirdiyi “Qullara azadlıq!”, “Qul bayramınız mübarək!”, “Gül bayramına ”yox” deyirik!”, “Azadlıq!”, “Istefa!” şüarları bulvarı bürüdü. Milli Parkın Qüllə deyilən ərazisindən Hökumət Evi istiqamətində hərəkət edən gənclərə onlarla insanlar da qoşuldu.
Aksiya təxminən 10 dəqiqə davam etdi. Polis hadisə yerinə gələnə qədər gənclər ərazini tərk edə bildilər. Polislər etirazçıları tuta bilməsələr də, bir neçə saat ərazini nəzarətdə saxlamağa çalışdılar.

Ramin DEKO