Delfinlərin intiharı

Yəqin ki, əhalinin gur olduğu yerlərdə yol keçənlərə zor-xoş reklam vərəqələri “hədiyyə” edənlərlə qarşılaşmısınız. Ötən həftə gənc bir qızın inadla ovcuma qoyduğu vərəqədə “delfinlərin şousu” elanı vardı. Üstəlik “bir bilet alana biri də pulsuz hədiyyə” …

Məncə, Xəzərdə delfin yoxdur. O halda, bu məsum su heyvanlarının hansısa uzaq okeanlardan tutularaq böyük xərc bahasına Bakıya “ekstradisiya” edildiyi məlum olur. Mənim üçün həqiqətən maraqlıdır, bu biçarələri min kilometrlərlə uzaq məsafədən narahat edib Bakıya gətirmək yalnız qazanc məqsədi güdür, yoxsa bu da kiminsə əyləncə maraqlarına daxildir? Axı delfin saxlamaq 5-10 manata başa gələn məsələ deyil və bu biznes adamı o şoudan nə qədər qazanır ki, xərci borcunu ödəsin…

Əslində, bu, işin bir tərəfidir. Ən ağrılı tərəfi isə, ümumiyyətlə canlıların qəfəsə və ya akvariuma salınıb insanların oyununa alət edilməsindən doğan işgəncədir. Hələ o da  ucsuz-bucaqsız okeanlardan əsir alınıb  qapalı hovuzlara təslim edilən delfinlər ola.

Ötən il Yaponiyada keçirilən delfin şoularında belə bir əhvalat baş vermişdi. Tamaşa zamanı Kuru adlı bir delfin özünü gözlənilməz halda hovuzdan çölə atmışdı. Böyük seyrçi kütləsini heyrətə salan bu hadisəni əyləncə mərkəzinin təlimçiləri “yanlışlıqla atlandı” deyərək sovuşdurmaq istəsələr də, medianın qəzəbindən qurtula bilməmişdilər. Bir çox mütəxəssisin bu faktı delfinin intihar cəhdi kimi qiymətləndirməsi hay-küyə səbəb olmuş, müdriyyət də həmin üsyançı delfini başqa akvariuma göndərməklə aranı sakitləşdirməyə çalışmışdı.  

Mətbuat isə günlərcə “çarəsiz delfinin azadlıq savaşı” başlığı altında yazılar yayınlamışdı. Məsələ burasındadır ki, delfinlər dünyada ən həssas heyvanlardan sayılır. Açıq dənizlərdən ovlanıb bu hovuzlara həbs edilən və insanların əyləncə obyektinə çevrilən heyvanlar həqiqətən özlərini məhbus kimi hiss edirlər. Bu sahənin biliciləri də bildirirlər ki, əslində, belə hovuzlarda nəşəli görünən delfinlərin durumlarından məmnun olduqlarını söyləmək  mümkün deyil.

Delfinlərin tutulmasına qarşı mübarizə aparan, məşhur “Flipper” serialının keçmiş məsləhətçisi  Rik O’Barri “bu görüntülərin əsarət altındakı heyvanların çəkdiyi acını sərgilədiyini” söyləmişdi. 70 yaşında olan O’Barri Kuru haqqında “həyatına son qoymaq istədi, bir insan özünü nədən binadan aşağı atsın ki…” demişdi.

Bu həssas məxluqların intiharı ilə bağlı çoxlu təsdiqlənmiş faktları nəzərə alaraq, O’Barrinin də tam haqlı olduğu qənaətinə gələ bilərik. Elə yaxın günlərdə Yeni Zelandiyada dənizin çirkliliyindən sahilə atılıb can verən yüzə yaxın delfinin ölümünü də dünya intihar kimi qəbul etmişdi.

Hə, qayıdaq Bakıda nümayiş olunan delfin şousuna. Bu gün dünyada sıxıntıya, kədərə, ehtiyaca, haqsızlığa tab gətirə bilməyib canına qıyan çox sayda insan var.  Hesablamalara görə, keçən il ölkəmiz də intiharların sayına görə rekord göstəriciyə nail olub. Sizcə, belə insanları delfin şouları ilə xilas etmək olarmı? “Yooox” deyəcəksiniz, şübhəsiz. O zaman insanlara da, elə həssaslıqda onlardan geri qalmayan bu məsum heyvanlara da öz yerində-yurdunda rahat, azad yaşamaq haqqı vermək insanlıqdan olmazmı?  İnsanların büdcəsindən kəsib delfinləri yedirməklə deyil ki… Axı Yaponiya kimi ölkədə köləlikdən bezib intihara qalxan gözəl dəniz ulduzları burada-adi azadlıqların yasaqlandığı yerdə necə xoşbəxt ola bilər?..