Bakı-Oğuz-Qəbələ su kəməri insanları susuz qoyub

Ən böyük problem həmin ərazidəki əhalinin torpaqsız və susuz qalmasıdır

Əksəriyyətin yadında olar, bir müddət öncə Bakı-Oğuz-Qəbələ su kəmərinin təntənəli açılışı oldu. Amma əhali hələ də kəmərin faydasını görməyib. Bu mənada su kəmərində hansısa nasazlığın olması fikri gündəmə gəlib. Lakin baş nazirin müavini Abid Şərifov bu iddianı qəbul etməyərək su kəmərində heç bir problemin olmadığını söyləyir. A.Şərifov ekspertlərin son vaxtlar kəmər barədə dediklərini faciəyə çevirməməyi tövsiyə edir. O, həmçinin gecikmənin bir neçə kiçik problemlə bağlı olduğunu bildirir.
Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı qəzetimizə açıqlamasında məlum su kəmərində yaşanan böyük problemlərdən danışdı. Bəlli oldu ki, kəmər ətraf mühitə vurduğu ziyanla gündəmdə qalır: “Onun keçdiyi ərazidə ən böyük problem insan problemidir. Hələ də 3256 nəfərə bir qəpik pul və torpaq ayrılmayıb. Onlara kompensasiya verilməyib. Insanlara belə münasibət göstərilməsi böyük qanun pozuntusudur. Nazirlər Kabineti və A.Şərifov bu işdə böyük məsuliyyət daşıyır. 2009-cu ilə kimi insanlara kompensasiya verilməyib, rayon icra hakimiyyətləri də bu işdə öz məsuliyyətini unudub. Nazirlər Kabineti insanlara torpaq sahəsi ayrılması barədə onlara tapşırıq versə də bu iş yerinə yetirilməyib. Deməli, su kəməri ən böyük problemləriylə qalıb. Təkrar edirəm, ən böyük problem insanların pulsuz və torpaqsız qalmasıdır. Illərdir ki, insanlar böyük gəlir və torpağından məhrum olub. Kəmərin keçdiyi ərazilərdə bərpa işləri də aparılmayıb. Torpağın və meşələrin bərpası işi sıfır vəziyyətindədir. Kəmər başlanğıcda, yəni Oğuzda kəndləri susuz qoyub”.
Hüquq müdafiəçisi müvafiq araşdırmanın aparılmasını vacib saydı. Onun fikrincə, eyni zamanda, jurnalist qrupunun müşayiətilə Oğuzdan gələn suyun Yasamaldakı hansı su anbarına töküldüyü müəyyənləşdirilməlidir: “Ciddi problemlər qalmaqdadır və inanmıram ki, həmin su kəmərindəki iş başa çatdırılsın. Müşahidə edərsiniz, iki ilə həmin kəmərdə su görünə-görünməyə. Amma problemlər uzun müddət qalacaq”.

Nigar