kiv-df

Azərbaycanın 37-ci il adlı qara dastanı

Dövlət səviyyəsində terrorizm

Azərbaycan tarixinin qara səhifələri sırasında 37-ci illər qədər dəhşətli dövr təsəvvür etmək, bəlkə də çətindir. Çünki bu dövr bir millətin ən dəyərli, intellektual, ziyalı təbəqəsinin köklü məhvinə hesablanmışdı. O illər Azərbaycanda qətlə yetirilən insanlarla bağlı xüsusi plan hazırlanmışdı ki, o plana görə 3 ayda 1500 nəfərin güllələnməsi nəzərdə tutulurdu. O planın necə yerinə yetirilməsi isə hər kəsə bəllidir… Bu, şübhəsiz, dövlət səviyyəsində həyata keçirilən terror idi. Repressiyaların müəllifi də sovet dövlətiydi. 1937-ci və 38-ci illərdə dövlət məhkəmədən kənar repressiyalar aparılmasına qərar vermişdi. Bütün ölkədə fəaliyyətə başlayan sessiya 15 dəqiqə ərzində dövlət ittihamçısının, vəkilin, bir çox hallarda müqəssirin iştirakı olmadan qərar çıxarırdı.

“Bu, konveyr kimi bir şey idi. Məsələn, Moskvadan səyyar sessiya gəlib bir ayda minlərlə adama ittiham irəli sürüb həbs edirdi. Ən qorxulu hadisələr ”üçlüyün” yaranması ilə başladı. Yəni partiya aparatının, prokurorluğun və Daxili Işlər Nazirliyinin hər birindən bir nəfər olmaqla “üçlük” qərar verirdi.1937-ci ilin iyununda Sovet Ittifaqı Mərkəzi Komitəsinin Siyasi Bürosu repressiyaları planlı şəklə saldı. Əvvəlcədən hər respublikada, iri şəhərlərdə, yaxud vilayətdə neçə nəfərin güllələnməsi üçün limit qoyuldu. Tədricən plan artırılırdı vəÿəsasən, respublika əhalisinin sayı götürülürdü…”

30-cu illərin sonunda 1918-ci ildə qurulmuş milli hökumətin təmsilçilərindən kimsə qalmamışdı, hamısını repressiya etmişdilər. Amma SSRI miqyasında bütün xalqlar belə repressiyaya məruz qalıb. Ümumi götürəndə, bu hadisə birmənalı olaraq genosid idi. Çünki repressiyalar əvvəlcədən düşünülmüş plana əsaslanırdı və dövlət öz xalqına qarşı genosid siyasəti aparırdı.

1920-ci il 28 aprel işğalından sonra Rusiya Azərbaycanda illərlə kütləvi həbslər apardı, dəhşətli qətllər, qarətlər törətdi. Azərbaycanın işğalından sonra müxtəlif ölkələrdə ağır mühacirət həyatı yaşamağa məcbur olan Məhəmməd Əmin Rəsulzadə yazırdı: “Bolşeviklərin qarşılaşdığı ən böyük çətinlik ədəbiyyat sahəsində idi. Onlar Azərbaycanda ”proletar mədəniyyəti”ni bərqərar etmək istəyirdilər. Qısaca “proletkul” adlandırılan bu formulun mənası “formaca milli, məzmunca kommunist” olan bir ədəbiyyatdır. Lakin bolşeviklər bu arzularına heç cür çata bilmirdilər. Çünki bu iş üçün hazırlanmış kadrlar yox idi. Məktəb kimi ədəbiyyat da uzun müddət kommunizmə yabançı olan ideoloqların təsiri altında qaldı. 1937-ci ilə qədər bu sahədəki əsl hakimiyyət “inqilabdan” əvvəlki qələm sahiblərinin əlində idi…”

M.Ə.Rəsulzadə daha sonra yazır ki, 1929-cu ilin 5 oktyabr tarixli Bakıda çıxan “Kommunist” qəzetində o zamankı maarif nazirinin yazıçıların qurultayındakı çıxışında belə məqama rast gəlinir: “Azərbaycan işçiləri arasından çıxan şair və yazıçıların sayı gündən-günə artmaqdadır. Yazıçıların bu nəslinin ”Müsavat” dövründən xəbəri yoxsa da, yenə Cavadın (milli şair Əhməd Cavad nəzərdə tutulur – M.Ə.Rəsulzadə) milli məktəbinin təsirinə düşür və milli Azərbaycan ruhunda ədəbiyyat yaradırlar. Nəticədə Azərbaycanın gənc yazıçıları uydurulmuş rus təhlükəsinə qarşı çıxır və “Bağımsız Azərbaycan” şüarını idealizə etməyə başlayırlar. Almas (Almas Ildırım – M.Ə.Rəsulzadə), Əbdül, Müşfiq (Mikayıl Müşfiq), Hüseynzadə. Bunlar bir-bir millətçi olaraq proletar Yazıçılar Ittifaqından və Kommunist Partiyasından çıxırlar. Indi isə Cavadla birlikdə üçrəngli Azərbaycan bayrağını tərənnüm edirlər”.

“Zamanla ayaqlaşmayan vətən xainləri”

O illərdə hədəfə götürülən şəxslər, əsasən, günahsız insanlar idi. Sadəcə, onların düşüncəsi sovet standartlarına uyğun gəlmirdi. Əslində, repressiyaların kökündə də əsas etibarilə “zamanın nəbzini tuta bilməmək” dayanırdı. Azərbaycanda sovet hakimiyyəti qələbə çaldıqdan sonra yazıçıları kütləvi şəkildə sovet ideologiyası mövzusunda yazmağa səslədilər. Ədəbiyyat adamlarının 1937-ci ilin oktyabrında başlanan kütləvi həbsləri dəhşətli xofun yeni, daha qanlı mərhələsi oldu. Mircəfər Bağırov 1934-cü ilin partiya qurultayındakı hesabatında bildirmişdi ki, “hətta Cəfər Cabbarlı və Hüseyn Cavid kimi bizə uzun müddət yad olan insanlar artıq sosializm platformasına yaxınlaşıblar”. Amma sözsüz ki, Cəfər Cabbarlı da o ərəfədə vəfat etməsəydi, həbs olunacaqdı. “Zamanla ayaqlaşmayan” Hüseyn Cavidin taleyi isə məlumdur…

1937-ci il oktyabrın 12-dən 13-nə keçən gecə Azərbaycanın tanınmış yaradıcı adamları Əhməd Cavad, Bəkir Çobanzadə, Böyükağa Talıblı, Vəli Xuluflu, Məmmədkazım Ələkbərli, Hənəfi Zeynallı, Xalid Səid Xocayev qətlə yetirildi.

Araşdırmaçı Rəhman Babaxanlı o dövr haqqında fikirlərini belə qələmə alır: “Istəyirəm ki, Azərbaycan ədəbiyyatına qiymət verən hər bir ziyalı repressiya dövrünə qiymət verəndə M.Ə.Rəsulzadənin fikrini xatırlasın. Qoy hər kəs, xüsusən də yeni nəsil bilsin ki, Azərbaycan ədəbiyyatı kommunizmə qarşı necə sinə gərərək döyüşüb, nə qədər qurbanlar verib. 10-15 il əvvəl bu cür yazılar daha çox adama təsir edərdi, amma təəssüf ki, indi o qədər də təsir eləmir. Sanki bu cür mövzular insanlardan ötrü soyuyub, adiləşib. Gənc nəsil o insanların gözlərində, ürəklərində qalan arzularını böyütməlidir. Belə obrazlar bizə lazımdır. Bu tarixi xüsusən gənclərimiz yaxşı bilməlidirlər. Hər halda bu tarixə hələ də laqeydlik var. Təəssüf ki, unutqanlıq davam edir. Özbək türkü Xalid Səid Xocayev Mahmud Kaşğarlının ”Divani-lüğət-it-türk” əsərini tərcümə etdiyinə görə həmin gecə güllələnənlər sırasında olub. Həmin gecə xeyli başqa adamlar güllələnib. Repressiya təbiidir ki, ilk növbədə alimlərin, aydınların başında çatlamalıydı. Azərbaycan ruhunu yaşadan hər bir kəs bizə doğmalarımızdan da əziz olmalıdır. Bu şəxsiyyətlərin çəkdikləri millət üçün olub. Bunlar Azərbaycana gələn fəlakətlərin qabağına çıxan adamlar idilər. Bu, o zaman idi ki, güllələr hamımıza açılırdı. Bu adamlar güllə qabağında durarkən fikirləşirdilər ki, yəqin bu millət bizi unutmaz, yada salar. O dövrdə hansı müttəfiq respublikada bu qədər qadın repressiyaya məruz qalıb? Güllələnənlərin hamısının qadınları həbs olunurdu, ancaq erməni qadınları həbsxanalara, düşərgələrə göndərilməyib. Yazıçılar Ittifaqının 60-a yaxın üzvünün 27 nəfəri repressiyaya məruz qaldı. Əgər Üzeyir bəy axıra qədər yazıçı olsaydı, hər halda onun taleyi o dövrdə acı bir sonluqla nəticələnəcəkdi. 1920-ci ilin aprelində bolşeviklərin gəlişindən bir gün əvvəl o, “Azərbaycan” qəzetində yazmışdı ki, ruslar Bakıya meyitimizin üstündən girəcəklər. Bolşeviklər Üzeyir bəyi güllələyə bilmədilər. Baxmayaraq ki, onun adı siyahıda ilk yerdə idi. O zaman Üzeyir bəyin yaxın qohumu Hənəfi Terequlov məlumatı alan kimi özünü Nəriman Nərimanova çatdırır. Hər halda bu, həqiqətə çox oxşayır. Məncə, Üzeyir bəy özünü qorumaq üçün ədəbiyyatdan, jurnalistikadan aralanmalı, tamamilə bəstəkarlığa keçməli oldu. Arzu edirəm ki, başımıza gələnlərdən dərs alaq. Ildə heç olmasa, bir gün bizim cavanlar dəniz qırağında gəzəndə bir-birlərinə xatırlatsınlar ki, bax, bu dənizə nə qədər adamı güllələyib atıblar”.

Onlar vətənlərini sevdikləri üçün öldürüldülər

O illərdə məhv edilən insanların böyük əksəriyyəti vətənpərvər, millətçi şəxslər idi.  Məsələn, o dövrdə Əhməd Cavadın Azərbaycanı tərk etmək imkanı vardı. Onun qayınatası Süleyman Böyükbəy demək olar ki, Acarıstanın ən nüfuzlu şəxslərindən idi. Əhməd Cavad özü Mirzə Bala Məmmədzadənin qaçmasına kömək etmişdi. Bunlar barədə sənədlər də var. Qayınatası Əhməd Cavada Azərbaycanı tərk etmək barədə köməyini təklif etmişdi. Oğlu Yılmaz Axundzadə atasının bu məsələ ilə bağlı fikrini tez-tez xatırladırdı ki, M.Ə.Rəsulzadə məcburiyyətdən getdi, H.Yusifbəylini, F.X.Xoyskini, Həsən bəy Ağayevi öldürdülər. Ona görə Ə.Cavad vətəndə qalıb mümkün qədər iş görmək istəyirdi. 1926-cı ildə Cavid müalicə üçün Almaniyaya göndərilmişdi, orada qalmaq üçün yaxşı şans yaranmışdı, ancaq qalmadı.

Y.V.Çəmənzəminli də xaricdə qalmadı. Onlar Azərbaycan ziyalılarının başsız qalmaması üçün Azərbaycanı tərk etmədilər. Hətta o vaxtın komsomolçularından biri Çəmənzəminlinin Yazıçılar Ittifaqının üzvü vəsiqəsini tələb edəndə onu hətta belə ittiham edir ki, “sən fransız dilini fransızlara casusluq etmək üçün öyrənmişdin”. Görəsən, Çəmənzəminli bu ittihamları eşitmək üçünmü Azərbaycana gəlirdi? Təbii ki, dövran çox qarışıq, mürəkkəb idi, bu şəxsiyyətlər həm də çox gözəl anlayırdılar ki, hər an hər şey ola bilər.

Krım tatar ədəbiyyatının araşdırıcısı Mahmud Allahmanlı deyir ki, 37-ci ilin ilk məşəqqətlərini yaşayanlardan biri də Bəkir Çobanzadə olub. Krımda burjua ideoloqu kimi təqib olunan Bəkir Çobanzadəyə hücumların növbəti dalğası Bakıda başlandı. Bu ittihamla da böyük işgəncələrə məruz qaldı, nəticədə 1937-ci il oktyabrın 13-də güllələndi. Eyni zamanda onun neçə-neçə çap olunmamış əlyazması təqib olundu, itdi-batdı. Bu da Bəkir Çobanzadənin güllələnməsinin davamı idi: “Dədə Qorqud”un dili” adlı əsəri, Füzuli, Nəvai, Xətai haqqında çap olunmamış monoqrafiyaları yox edildi. Bütün bu fəaliyyəti və taleyi ilə Bəkir Çobanzadə araşdırmalara daha çox ehtiyacı olan araşdırmaçıdır”.

O dəhşətli dövrdə məhv edilən ziyalı nəslinin yoxluğundan sonra yaranan boşluq indi də özünü göstərir. Hər bir xalq tarixdə baş verənlərdən dərs almalı, ibrət götürməlidir. Çünki tarixdən ibrət almayanları tarix çox sərt cəzalandırır…

“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər QrupuKIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir