Avropa İlham Əliyevi Lukaşenko ilə bir sıraya qoydu

Azərbaycan hakimiyyətinə qarşı sanksiyalar reallaşır

Mayın 9-12-də Avropa Parlamentində Azərbaycan, Belarus və Şri-Lankada insan hüquqları, demokratiya və qanunun aliliyinin pozulması haqqında dinləmələr keçirilir. “Avropa Parlamentinin deputatları adı çəkilən pozuntular haqqında qətnamə üzrə təkliflər irəli sürəcəklər”, – deyə Avropa Parlamentinin mətbuat xidmətinin məlumatında qeyd edilib.
Müxtəlif beynəlxalq qurumların hesabatlarına görə, Azərbaycan vətəndaş azadlıqlarının və demokratiyanın pozulmasına görə dünyada ilk yerlərdən birini tutur (“Turan”).
Xatırladaq ki, Avropa Ittifaqı aprel ayında Azərbaycan müxalifətinin keçirdiyi etiraz aksiyalarına qarşı polisin sərt davranışlarını “adekvat olmayan” hərəkət kimi qiymətləndirmiş və Azərbaycanda insan haqları ilə bağlı problemlərdən narahatlığını ifadə etmişdi.
Bugünlərdə yerli mətbuata müsahibə verən ATƏT-in Bakı ofisinin rəhbəri də aksiyaların faktiki olaraq qadağan edilməsini çox sərt şəkildə ittiham etmişdi.
Avropa Ittifaqı Azərbaycanla “Şərq tərəfdaşlığı” layihəsi çərçivəsində əməkdaşlıq edir. Bu layihə üzrə Azərbaycan öz üzərinə insan haqları və demokratiya məsələlərilə bağlı bir sıra öhdəliklər götürsə də, həmin öhdəliklərin heç birini yerinə yetirmək istəmir.
Sabah qəbul ediləcəyi gözlənilən qətnamə Avropa Parlamentinin Azərbaycandakı vəziyyətlə bağlı narahatlığının ilk ifadəsi deyil. Hələ 2008-ci ilin aprel ayında Avropa Parlamenti Azərbaycanda insan haqlarının və söz azadlığının təmin edilməsilə bağlı vəziyyətin pisləşməsindən ciddi narahatlıq keçirdiyini bildirən xüsusi bəyanat yaymışdı.
Maraqlıdır ki, bu dəfə Azərbaycandakı vəziyyət Belarus və Şri-Lanka ilə eyni müstəvidə müzakirə edilir. Bu, əslində Azərbaycan hakimiyyəti üçün həm də bir siqnal olmalıdır. Şri-Lankanı bir tərəfə qoysaq, MDB məkanında olan Belarusla eyniləşmək belə, Azərbaycan üçün yaxşı heç nə vəd etmir. Belə ki, hazırda Belarus Avropa strukturlarının ciddi sanksiyaları altındadır, bu ölkənin iri vəzifə tutan dövlət məmurlarının Avropa Birliyi ölkələrinə səfərləri, faktiki olaraq, qadağan edilib: onlara viza verilməsi yasaqdır.
Azərbaycan hökumətinə qarşı oxşar sanksiyaların tətbiq ediləcəyinin mümkünlüyü isə bir neçə aydır, müzakirə edilir. Indi Azərbaycanın Belarusla birlikdə müzakirəyə çıxarılması, həmin eyhamın birbaşa xatırlanması da sayıla bilər. Belarus məmurlarından fərqli olaraq Azərbaycan məmurlarını Avropaya bağlayan tellər qat-qat artıqdır. Ən azı, Azərbaycan məmurları Avropa ölkələri ilə ciddi biznes əlaqələri qura biliblər. Oxşar sanksiyaların doğura biləcəyi siyasi məhdudiyyətlərdən əlavə onlar hətta ciddi maliyyə problemlərilə də üzləşə bilərlər.
Üstəlik, o da xüsusi qeyd edilməlidir ki, Azərbaycanın Belarusla birgə müzakirəyə çıxarılması Ilham Əliyevin siyasi imicinin Lukaşenko ilə eyniləşdirilməsinə gətirib çıxarır.
Bütün dünyada korrupsiyanın və dövlət zorakılığının simvollarından birinə çevrilən Şri-Lanka ilə eyni siyahını bölüşmək də Azərbaycanın imici üçün yaxşı heç nə vəd etmir. Doğrudur, Azərbaycan prezidenti Ilham Əliyevin Şri-Lanka prezidenti Mahinda Racapaksayla özəl dostluq əlaqələri var, amma bu əlaqələrin korrupsiya mənafelərilə birbaşa bağlı olmadığına kimsə əmin deyil.
Azərbaycanla Şri-Lankanı oxşar vəziyyətə gətirən, təkcə insan haqlarının müntəzəm olaraq pozulması yox, həm də bu ölkədə vaxtaşırı baş verən sel fəlakətləridir. Amma Şri-Lankada insan haqları ilə bağlı ciddi problemlərin olmasının mühüm bir səbəbi də var: bu ölkədə vətəndaş müharibəsi cəmi iki il əvvəl başa çatıb. “Çiçəklənən” və iqtidar ideoloqlarının “regionun lider dövləti” adlandırdığı Azərbaycan özünü dünyanın gözündə bu şkalaya qədər endirə bilib.

İnformasiya şöbəsi