Aksiyalara qoyulan qadağalar qaldırılmalıdır

Əvvəl-axır hakimiyyət cəmiyyətlə hesablaşmalı olacaq

ATƏT-in Bakı ofisinin rəhbəri, səfir Əli Bilgə Cankorel bir neçə gün əvvəl açıqlamasında Azərbaycanda sərbəst toplaşmaq azadlığının təmin olunmaması ilə bağlı hakimiyyətə açıq mesaj göndərdi. ATƏT rəhbəri bildirib ki, Bakının mərkəzindən xeyli uzaqda, bir stadionda keçirilən tədbir aksiya sayıla bilməz. Qanunda aksiyalara görə icazə yox, xəbərdarlıq nəzərdə tutulub, BŞIH-in icazə vermək, ya da verməmək səlahiyyəti yoxdur.
Azərbaycanda sərbəst toplaşmaq azadlığı ilə bağlı diqqətlə izlənilən daha bir məqam Ermənistan hakimiyyətinin bir müddət əvvəl 2008-ci ildən mitinqlərə qoyulan qadağanı qaldıraraq, müxalifətə “Azadlıq” meydanında aksiya keçirməyə icazə verməsidir. Amma Azərbaycanda beynəlxalq aləmin bütün təklif və tövsiyələrinə baxmayaraq qadağalar hələ də davam edir. Bu ilin aprelin 2-dən sonra isə potensial siyasi məhbus ola biləcək şəxslərin siyahısı daha otuz nəfər arta bilər.
Hakimiyyətin hələ də sürdürməkdə olduğu qadağaların sonda nəylə nəticələnə biləcəyi ilə bağlı tanınmış jurnalist Mahal İsmayıloğlu və politoloq Hikmət Hacızadənin mövqeyini öyrəndik…

ATƏT rəsmisinin fikirlərinin Azərbaycandakı reallığı əks etdirdiyini deyən Mahal İsmayıloğlu vurğuladı ki, hələ Əli Bilgə Cankorel hakimiyyətə daha loyal şəxs sayılır. Insan azadlıqlarının istənilən ölkədə məhdudlaşdırılmasının təzadlı proseslərə apardığını deyən M.Ismayıloğlu vurğuladı ki, insanlar narazılıqlarını ifadə etmək imkanı tapmayanda cəmiyyətdəki bütün əlaqə sistemləri pozulur: “Insanlar hakimiyyətin yürütdüyü siyasətdən narazılıqlarını aksiyalar vasitəsilə ifadə edirlər. Azərbaycanda isə bu imkan əldən alınıb. Hakimiyyət məhz bu cür aksiyalara görə öz siyasətinə müəyyən korrektələr edir. Azərbaycanda bu təmas yoxdur. Bu isə o deməkdir ki, cəmiyyətdə narazılıq pik həddinə çatanda situasiya daha dramatik ola bilər. Əvvəl-axır hakimiyyət cəmiyyətlə hesablaşmalı olacaq. Çünki indiyə qədər heç kim dünyada müəyyənləşdirilən inkişaf yolundan kənara çıxa bilməyib”.

Politoloq Hikmət Hacızadə isə vurğulayıb ki, tarix bu cür qadağaların hansı nəticələrə gətirib çıxardığını dəfələrlə göstərib. Ona görə bu gün analoji siyasəti davam etdirən Azərbaycan hakimiyyətinin də oxşar rejimlərin aqibətini yaşayacağı istisna deyil: “Cəmiyyətin son həddə qədər sıxışdırılması, ona etirazını bildirməyə imkan verilməməsi sonda partlayışa aparır. Onda yığılan mənfi enerjini çıxarmaq üçün topluma vaxtaşırı imkan vermək lazımdır. Əgər bu kurs tutulmazsa, ölkədə vəziyyət olduqca ağır olacaq”.

Xəyal