Yaxın günlərdə Suriya rəhbərinin legitimliyi gündəmə gətiriləcək
Suriyada Bəşər Əsəd rejiminin etirazları yatırmaq üçün müxalifət tərəfdarlarına qarşı və aksiyaların kütləvi hal aldığı şəhərlərdə qanlı əməliyyatları davam edir. Ötən gün səhər saatlarında ölkənin üçüncü böyük şəhəri Humusa yeridilən əlavə hərbi birləşmələr şəhərin Bab Əmro bölgəsini tank atəşinə tutub.
Şəhər sakinlərinin sözlərinə görə, Bab Əmroda ağır texnika və yüngül silahlardan istifadə edən hərbçilər hakimiyyət əleyhdarlarının sıx məskunlaşdığı bölgələri hədəf alıb.
Suriyada fəaliyyət göstərən hüquq müdafiə təşkilatları məlumat yayaraq Banyas şəhərində Bəşər Əsəd rejiminə qarşı etirazlar başlanandan bəri həbs olunan müxalifət tərəfdarlarından 300 nəfəri azadlığa buraxılıb. Şəhərin verilən su, telekommunikasiya və elektrik enerjisi bərpa olunub.
Bundan başqa BMT-dəki mənbələrdən “Reuters” agentliyinə sızan məlumatlarda bildirilir ki, Suriya təşkilatın İnsan Hüquqları Şurasına üzvlükdən imtina edərək və öz yerinə Küveytin namizədliyinə baxılmasına icazə verib.
Mənbənin məlumatına görə, etiraz aksiyalarına sərt müdaxilə etdiyi üçün BMT Əsəd rejiminə sərt reaksiya sərgiləyirdi. Bir müddət idi ki, BMT Suriyaya İnsan Hüquqları Şurasına üzvlükdən imtina etməsi üçün təzyiqlər göstərirdi.
“Associated Press” agentliyi isə ABŞ administrasiyasındakı mənbəyə istinadən rəsmi Vaşinqtonun Suriyada Bəşər Əsəd hakimiyyətini “qeyri-legitim” elan etməyə hazırlaşdığını bildirib. Ağ evdəki mənbənin sözlərinə görə, ABŞ yaxın günlərdə Suriyada Əsəd ailəsinin uzun müddətdir davam edən iqtidarının sona çatması haqda çağırış edə bilər.
Suriya təhlükəsi düşmənləri birləşdirdi
Bu arada ABŞ-da fəaliyyət göstərən Beynəlxalq Münasibətlər Təşkilatının Yaxın Şərq üzrə eksperti Stiven Kuk Suriyada yaşananların bölgədə gözlənilməz bir “Əsəd koalisiyası” yaradılmasına gətirib çıxardığını söyləyib. Kuk Səudiyyə Ərəbistanı, İsrail və İrandan ibarət bu üçlüyə Türkiyənin könülsüz qatıldığını bildirib.
Ekspertin sözlərinə görə, İsrail, Səudiyyə Ərəbistanı, İran və Türkiyə yaradılan koalisiyaya öz strateji maraqlarına görə qoşulublar. Strateji baxımdan çox əhəmiyyətli bir tərəfdaş olan Hüsnü Mübarək və Misiri itirən İsrail üçün Bəşər Əsədi qazanmaq təsəlli ola bilər. Buna görə də İsrail maraqları baxımından Bəşər Əsəd nəyin bahasına olursa-olsun rejimini qorumalıdır.
Səudiyyə Ərəbistanı isə Suriyada etirazlar başlandığı gündən və nümayişlərin Dəraa vilayətinə yayıldığı ərəfələrdə Əsəd rejiminə siyasi dəstək göstərdiyini bildirdi.
Rəsmi Ər Riyadın Bəşər Əsədə verdiyi dəstək göstərdi ki, Səudiyyə Ərəbistanı bölgəni bürümüş inqilab dalğasından ciddi narahatlıq keçirir və bu hadisələri ölkə üçün ciddi təhdid görür. Səudiyyə Ərərbistanı xalq üsyanlarının yatırılması üçün əlindən gələni edir.
Bəşər Əsəd rejimini dəstəkləyən koalisiyaya İranın da qoşulması ən gözlənilməz hadisə olub. Tehran bütün dünyaya bölgədəki xalq hərəkatlarının İran inqilabının haqlı olduğunu və bölgədəki dəyişikliklərin İranın maraqlarına xidmət etdiyini izah etməyə çalışırdı. Ancaq həqiqət isə başqadır. Suriyadakı hökumət əleyhdarları İrandakı kimi bir sistemin qurulmasına can atmır. Ərəblər yeni bir avtoritar rejim deyil daha çox azadlıq istəyir.
Dəməşq isə Tehranın Ərəb dünyasına açılan ən önəmli qapısıdır. Bu səbəbdən İrana qarşı daha soyuq münasibət göstərən bir Suriya Tehranın bölgədəki təsirini zəiflətməsə də nəticədə hər iki tərəf üçün zərərli hadisələr yaşanacağı istisna deyil. İranın İsrail və Səudiyyə Ərəbistanı ilə birlikdə Bəşər Əsədə dəstək verməsinin altında bu kimi istisnalar və Tehranın öz maraqları yatır.
Türkiyənin mövqeyinə gəlincə isə Stiven Kuk bildirib ki, Ankara müttəfiqi Bəşər Əsədin dəstəkləmək məcburiyyətində qalıb. Türkiyə Mübarəkə qarşı sərt mövqe sərgilədi, Qəzzafi məsələsində mümkün qədər tərəddüdlü davransa da sonradan səsini yüksəltdi. Ancaq Əsəd mövzusunda səssizliyini qorudu.
Ərdoğan bir tərəfdən Dəməşqə xüsusi heyət göndərir, digər tərəfdən isə Əsəd rejiminə qarşı Qərb koalisiyaslnda yer alaraq Suriya hakimiyyətini etirazlara sərt müdaxiləyə görə tənqid edir. Ankaranın bundan daha irəli getməsini gözləməmək lazımdır. Türkiyədəki liderlər Suriya ilə münasibətlərdən məmnundur. Türkiyə “Əsəd koalisiyası”nda ən könülsüz üzv olsa da itirəcək şeyləri çoxdur.
Ekspert sonda əlavə edir ki, Əsəd tərəfdarı olan koalisiyanın güclü olduğunu söyləmək qeyri-mümkündür. Çünki bu ölkələr bir-birlərinə düşmən mövqedə dayanır. Ancaq hər birinin Bəşər Əsədin hakimiyyətdə qalması üçün verdiyi dəstək bu ölkələrin regionda başlanmış rejim dəyişikliklərindən nə qədər qorxduğuna işarədir.
Turan