Nəqliyyat Nazirliyində keçirilən «daş müşavirəsi»nin sirri açıldı
Yol polislərinin yolların qorunması adı altında reydləri davam edir. Ötən saylarımızda bildirmişdik ki, bu reydlərin nəticəsində tikinti materiallarının qiymətləri bahalaşıb. Doğrudur, yol polisləri iddia edir ki, iri tonnajlı maşınlar normadan artıq yükləndiyinə görə yollar dağılır. Lakin məsələ burasındadır ki, Azərbaycanda yolların neçə ton yükə davamlı olduğu hələ müəyyənləşdirilməyib. Bu halda yol polislərinin reydləri heç bir məntiqə sığmır. Çünki yükgötürmə qabiliyyəti 5 ton olan maşın normadan 2 ton artıq (cəmi 7 ton) yüklənməklə yolları dağıdırsa, bəs onda bu yollar yükgötürmə qabiliyyəti 10 ton olan maşınlara necə dözür? Normadan artıq yük vurmaq təhlükəsizlik məsələsidir və yol polisləri buna diqqət çəkməlidir. Yolların dağılmasının qarşısını almaq üçün yolun neçə ton yükə davamlı olması müəyyənləşdirilməlidir.
Yol polislərinin bu reydləri bahalaşma ilə yanaşı iri tonnajlı maşınların sürücülərində ciddi narazılıq yaradıb. Çünki sürücülər faktiki olaraq gündəlik qazanclarından məhrum olublar. Yaxud da, cüzi qazancla kifayətlənməyə məcbur qalıblar.
Əldə etdiyimiz məlumatlara görə, əslində bu məsələnin kökündə nəqliyyat naziri Ziya Məmmədovun yeni biznes layihəsi dayanır. Nazir çalışır ki, bütün yükdaşımaları öz nəzarətinə götürsün. Ölkəyə gətirilən mallar dəmir yolu vasitəsilə regional bazalara daşınsın və oradan paylansın. Ilkin mərhələdə tikinti materialları, daha sonra ərzaq məhsulları ilə bağlı regional bazaların yaradılması planlaşdırılır. Məlumatlarda bildirilir ki, bu barədə Ilham Əliyevə də məruzə olunub. Dövlət başçısı inandırılıb ki, ölkə daxilində də yükdaşımalar dəmir yolu vasitəsilə həyata keçirilərsə, bu magistral yolların dağılmasının qarşısını alacaq. Eyni zamanda iri tonnajlı maşınların şəhərlərə daxil olmaması tıxac probleminin qismən həllinə gətirib çıxaracaq.
Lakin Ziya Məmmədovun bu layihəsi bir çox oliqarxların maraqlarına ziddir. Ona görə də nazir işini ehtiyatla tutur. Əsas diqqəti yolların dağıdılmasına yönəldir, mətbuatı, digər müvafiq qurumları prosesə cəlb edir və s.
İnformasiya şöbəsi



