Vidadi Isgəndərli kimlərin hədəfində idi

«Məmurların heyvanları ziyalılardan yaxşı yaşayır»

“Demokratiyanın Inkişafına Kömək” ictimai birliyinin sədri, hüquq müdafiəçisi Vidadi Isgəndərli Ictimai Palatanın aprelin 17-də Bakıda keçirdiyi mitinqə görə həbs olunsa da, həbs müddəti başa çatan gün – mayın 2-də yeni ittihamla həbsinin müddəti artırılıb. Ona Cinayət Məcəlləsinin 159.4.1 (vətəndaşı öz iradəsinə zidd səs verməyə məcbur etmə və ya onun səs verməsinə mane olma) və 160.2.1-ci (seçki komissiyalarının işinə müdaxilə etmə və ya təsir göstərmə) maddələri ilə yeni ittiham elan olunub.
Qeyd edək ki, V.Isgəndərli bu işlə bağlı ötən ilin sonu Respublika Prokurorluğunun Ağır Cinayətlərə Dair Işlər üzrə Istintaq Idarəsinin açdığı cinayət işinə xitam verildiyini “Azadlıq”a bildirmişdi.
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov “Azadlıq” radiosuna açıqlamasında isə bildirib ki, Vidadi Isgəndərli haqda açılan cinayət işinə xitam verilməsi ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil: “Seçkidən sonra açılan iş icraatda olub. Həmin cinayət işi 7 noyabr parlament seçkisindən sonra 89 saylı Göyçay-Ağdaş DSK-dan daxil olan məlumat əsasında başlanıb”.
Vidadi Isgəndərli mətbuatda çıxışları ilə daim gündəmdə olub. Onun sonuncu seçkidə ITV-dəki 4 dəqiqəlik debatından bəzi məqamları oxucuların diqqətinə çatdırırıq.
Öncədən bildirək ki, Vidadi Isgəndərlinin 89 saylı Göyçay-Ağdaş seçki dairəsindən əsas rəqibi Iqtisad Universitetinin rektoru, YAP-ın vahid namizədi Şəmsəddin Hacıyev debatda iştirak etməmişdi: “20 faizi işğal olunmuş bir ölkənin qalan əraziləri ciddi rejimli kalon qanunları ilə idarə olunur. Korrupsiya ilə mübarizə aparan prokurorluq orqanları özü korrupsiyalaşır, meyit alveri edir… Məmurların saxladığı heyvanlar ölkənin ziyalılarından, müəllimlərindən, müharibə iştirakçılarından yaxşı dolanır. Vergi orqanları, nəqliyyat departamenti işçiləri sürücülərə divan tutur. Televiziya kanalları yaltaqları, məddahları vətənpərvər kimi, vətənpərvərləri isə düşmən kimi qələmə verirlər. Müxalif fikirli insanlara beş ildə bir dəfə 4 dəqiqə efir vaxtı ayrılır. Rüşvətxor məmurlar insanlarda gələcəyə, seçkiyə, dövlətə inamsızlıq yaradırlar… Mən Göyçay rayonunun icra başçısı Mənsur Məmmədovun dələduzluq, dövlət əmlakını külli miqdarda mənimsəməsi barədə Ilham Əliyevə məktub yazmışam. 2008-ci ildə Mənsur Məmmədov dələduzluq edərək Qaraməryəm və başqa kəndin sakinlərindən qaz pulu yığaraq on minlərlə manat pul mənimsəmişdir. Göyçaya su çəkilişi ilə əlaqədar 13 milyon manat yoxa çıxardılmışdı. Mənsur Məmmədov xalası oğlu, nəqliyyat naziri Ziya Məmmədova 100 hektarlıq torpaq sahəsi, dəyəri milyonlarla ölçülən villa hədiyyə etmişdir… Mənsur Məmmədov Heydər Əliyev mərkəzinin tikilməsi üçün xadimələrdən, müəllimlərdən, həkimlərdən zorla pul yığıb…”.
V.Isgəndərlinin həbsi rayonda böyük səs-küyə səbəb olub. Öz etirazlarını bildirən insanlar ölkə başçısına müraciət ünvanlamaq üçün imza toplayırlar. Onlara da icra başçısı təzyiq edir.

Ramin DEKO