Türkiyədə seçkiləri kim qazanacaq?

Ərdoğan planlarını həyata keçirə biləcəkmi?

Elxan Şahinoğlu: «AKP-nin hazırkı hədəfi yalnız təkbaşına hökumət qurmaq deyil, həm də Anayasanı dəyişə biləcək səsə malik olmaqdır»

İyunun 12-də Türkiyədə keçiriləcək parlament seçkiləri ölkəmizdə də diqqət mərkəzindədir. Artıq indidən seçkilərin qızğın mübarizə şəraitində keçiriləcəyini demək olar. Hazırkı hökumətin əhalinin arasında ciddi nüfuza sahib olması bu dəfə də hakim partiyanın şanslarının yüksək olacağını deməyə əsas verir. Əslində seçkilərdən hansı nəticəni gözləmək olar? Bununla bağlı “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, analitik Elxan Şahinoğlunun fikirləri ilə tanış olduq.

– Türkiyədə parlament seçkisinə təxminən 1 ay qalıb. Hakim Ədalət və Inkişaf Partiyası son iki seçkidən qalib çıxıb. AKP 12 iyun seçkisində səslərini qoruya biləcəkmi?
– 550 yerlik Türkiyə Böyük Millət Məclisində təkbaşına hökumət formalaşdırmaq üçün 276 səs, Anayasa dəyişikliyini həyata keçirmək üçün 367 səs lazımdır. Anayasa dəyişikliklərini referenduma çıxarmaq üçün isə 330 səsə ehtiyac var. Bunu ona görə xatırladıram ki, AKP-nin hazırkı hədəfi yalnız təkbaşına hökumət qurmaq deyil, həm də Anayasanı dəyişə biləcək səs qazanmaqdır. Məncə, AKP 276 həddi asanlıqla keçəcək, yəni yenə təkbaşına hökumət qurmaq imkanını qazanacaq, ancaq əldə edəcəyi millət vəkili sayı baş nazir Ərdoğana Anayasanı parlamentdə dəyişməyə imkan verəcəkmi, bu, böyük sualdır.

– AKP hazırkı Anayasanı nədən dəyişməyə ehtiyac duyur?
– AKP Türkiyəyə və dünyaya Anayasanı dəyişəcəyini vəd edib, buna görə də Ərdoğan bu vədi nə yolla olursa olsun, həyata keçirmək məcburiyyətindədir. Əslində Türkiyədə böyükdən-kiçiyə, partiyaların hamısı və ictimaiyyət Anayasanın dəyişməsinin gərəkliyini anlayır. 1980-ci illərin əvvəllərində hərbi çevriliş edən generalların təlimatı ilə hazırlanan indiki Anayasa Türkiyənin tələbatını və gələcəyə sıçrayışını əngəlləyən amildir. Doğrudur, müxtəlif vaxtlarda Anayasaya zəruri dəyişikliklər edilib, ancaq bunlar problemi köklü həll etməyib. Odur ki, müasir tələblərə cavab verən Anayasaya böyük ehtiyac var. Sadəcə, partiya və sosial qrupların Anayasanın hansı şəkildə dəyişikliyə məruz qalacağına baxışları fərqlidir.

– AKP Anayasanı parlamentdə dəyişmək üçün zəruri səsə yiyələnməzsə, hansı variantlara əl ata bilər?
– Bir neçə variant mümkündür. Böyük ehtimalla növbəti parlamentdə də AKP ilə yanaşı, Cümhuriyyət Xalq, Milliyətçi Hərəkat və Barış və Demokratiya Partiyaları təmsil olunacaqlar. AKP Anayasanı parlamentdə dəyişmək üçün bu partiyaların hər hansı biri ilə dil tapmalıdır. Bu variantlardan hər birini nəzərdən keçirək. Birinci variant: AKP BDP ilə ortaq məxrəcə gəlir. Ancaq bu o deməkdir ki, AKP PKK-nın siyasi qanadı kimi dəyərləndirilən BDP-nin kürd bölgələr üçün muxtariyyət tələblərinin Anayasada yer almasına yaşıl işıq yandırmalıdır. Fikrimcə, AKP bu varianta üstünlük verməz. Çünki bu halda həm AKP-nin reytinqi aşağı düşəcək, həm də açığı, Türkiyə bir-birinə qarışacaq. Ikinci variant: AKP CHP ilə ortaq məxrəcə gəlir. CHP AKP-nin reytinqinə zərbə vurmaq üçün yeni Anayasaya o qədər maddə təklif edəcək ki, Ərdoğanın buna getməsi mümkün görünməyəcək. Sonuncu variant: AKP MHP ilə ortaq məxrəcə gəlir. Əslində iki partiya arasında belə bir təcrübə yaşanıb. Ərdoğan hicab məsələsini parlamentdə həll etmək istədikdə ona MHP dəstək vermişdi. Buna baxmayaraq, CHP-dən fərqli olaraq MHP tamam əksinə, Anayasanın sütun maddələrinin yerində qalmasını AKP-dən tələb edə bilər. Sadalanan variantların hər biri AKP-nin işini çətinləşdirəcəyindən hakim partiyanın yeganə yolu qalır: parlamentdə heç olmazsa, 330 səs qazanaraq yeni Anayasanı referenduma çıxarmaq. Bu halda AKP-nin qələbəsi təmin olunub. Hakim partiya seçkilərdən birinci çıxdığı kimi, böyük ehtimalla, referdumdan da qalib çıxacacaq.

– Ərdoğanın yeni Anayasada ən böyük dəyişiklik hədəfi hansıdır?
– Ərdoğan yeni Anayasada Cümhurbaşqanının səlahiyyətlərini artırmağı hədəfləyib. Başqa sözlə, Türkiyədəki siyasi sistem əsaslı dəyişikliyə uğramalıdır. Bir növ parlament və baş nazir səlahiyyətlərinin bir qismini Cümhurbaşqanı ilə bölüşməli olacaqlar və bu halda dövlət başçısını qanunverici orqan deyil, xalq seçəcək. Ərdoğan Cümhurbaşqanının səlahiyyətlərinin artırılmasını idarəetmənin daha effektiv şəklə gətirilməsi ilə izah edir. Ancaq çoxlarına da aydındır ki, Ərdoğan səlahiyyətləri artırılan Cümhurbaşqanı kreslosuna göz dikib. Baş nazir söyləyib ki, bu parlament seçkisi onun üçün sonuncudur, növbəti seçkilərdə o, partiya liderliyindən istefa verəcək. Yəni AKP-nin sükanı bir başqasına etibar ediləcək. Ancaq bu, Ərdoğanın siyasətdən getməsi anlamına da gəlmir. Ərdoğan baş nazir kreslosunu səlahiyyətləri artırılan prezident kreslosuna dəyişmək istəyir. Ancaq onun bu istəyi nəinki müxalifət partiyalarının, hətta bir qism tərəfdarlarının da etirazına səbəb olub. Baş nazirin yardımçısı Bülənt Arınc belə Cümhurbaşqanı səlahiyyətlərinin artırılması təklifinə müsbət yanaşmır. Odur ki, Ərdoğanın Anayasanın bir çox maddəsini yenisi ilə əvəz etməsi dəstək qazanarkən, Cümhurbaşqanı səlahiyyətlərini artıran bircə maddəni irəli sürməsi böyük mübahisə predmetinə çevrilə bilər.

Fizzə Heydərli