Qara kürü yemək istəyən yazıçının nazirə məktubu

Qələbə günündə özümü müasir faşizm barədə yazmağa hazırlamışdım. Bizim ölkədə də indi hakim olan ur-faşizmin hansı cildlərə girdiyini təsvir etmək üçün kifayət qədər həvəsli idim. “Ur-faşizm ən günahsız növ və formalarla ortaya çıxa bilər”. Bir neçə gün öncə yazımda tanınmış ədib Umberto Ekonun “Əbədi faşizm” adlı essesindən bu sitatı gətirərkən də 9 Mayda həmin mövzuya qayıdacağımı düşünürdüm. Təşkilatlanmış yalançılar və oğrulardan ibarət Azərbaycan hakimiyyətinin gerçək cizgilərini açaraq, onun faşizm üzərində qələbəyə bayram etməsinə haqqı çatmadığını ciddi-ciddi ortaya qoymaqda israrlı idim. Lakin səhər tezdən yazıçı Seymur Baycandan bir məktub aldım. Seymur bəy bu açıq məktubu hansı yollasa mətbuatda yaymağı məndən israrla xahiş edirdi.

Seymur Baycanın Kəmaləddin Heydərova məktubu

Fövqəladə hallar naziri cənab Kəmaləddin Heydərova açıq məktub

Cənab nazir!

Sizə açıq məktub yazmağımın səbəbi o deyil ki, yanğınsöndürənlər mağazamı bağlamaq istəyir. Xeyr, mənim nə mağazam var, nə də qəzalı vəziyyətdə olan evim. Nə kiçik sahibkaram, nə də Qəbələ rayon sakini. Məktubun yazılma səbəbi tamam başqadır. Düz dörd aydır ki, mənim ürəyim yüz qram qara kürü istəyir. Yaradıcı adamın ürəyi bir az şıltaq olur. O cümlədən, mənim ürəyim də şıltaq ürəklər qəbiləsindəndir. Onun istədiyi şeyi qismən də olsa yerinə yetirməyəndə, əlim heç bir işə yatmır. Nə kitab oxuya bilirəm, nə də yaza bilirəm. Heç filmə də baxa bilmirəm.  Görün vəziyyət nə yerdədir ki, artıq mən sizə açıq məktub yazmaq məcburiyyətində qalmışam.

Cənab nazir!

Eşitdiyimə görə ölkəmizdə kürü biznesi sizin nəzarətinizdədir. Siz fövqəladə hallar naziri olmaqla yanaşı, həm də bir çox populyar,  sevilən mahnıların müəllifisiniz. Əgər nazir kimi mənim məktubum sizə təsir etməsə, məktubumu heç olmasa yaradıcı adam kimi oxuyun. O zaman dörd kitab müəllifinin, regionun lider dövlətində yaşayan yazıçının yüz qram qara kürü ala bilməməsini bəlkə başa düşdünüz.

Hörmətlə, Seymur Baycan.

Böyük Qələbənin sevilməyən Stalini

Ellər atası Iosif Stalin olduqca təzadlı taleyə sahibdir və onun  qisməti çox ibrətamizdir. Baxın, bütün dünya hər il Stalinin böyük payı olduğu bir Qələbəni qeyd edir, amma onun özü tarixə zalım, amansız və yırtıcı rəhbərlərdən biri kimi düşüb. Deməli, insanlara, onların haqlarına və azadlığına qarşı qara əməlləri tarix bağışlamır.
Faşizm üzərində Qələbədə onun böyük payını kimsə dana bilmir. Üstəlik, onun kifayət qədər idealist bir ömür sürdüyünü də bilirik. Indiki avtoritar liderlərin hər yerdə hesablarda pulları, şirkətləri, villaları ortaya çıxır. Onların əhli-kefliyi, zənginlik içində yaşaması, qadına, məişətə münasibətinə baxanda Stalin gözümüzdə göylərə ucala bilər. Bu adam əsir düşən doğma oğlunu faşist generalı ilə dəyişməkdən imtina etdi. Uniformanı əynindən çıxarmadan yaşadı. Amma yenə də onu  zalım, amansız və yırtıcı bir rəhbər kimi xatırlayırıq. Və bu zaman haqsızlıq da etmirik.
Ilahi, belə bir adamı bağışlamayan tarix müasir dövrün cılız, pul düşkünü olan rəhbərlərinə hansı qisməti bəxş edəcək?