Ermənistandan deportasiya olunan azərbaycanlıların sənədlərinin yandırıldığı bildirilsə də, komitə rəsmisi bunu təkzib edir
Eldar Namazov: «Sənədlər qaydasındadırsa, o zaman Qaçqın və Məcburi Köçkünlərlə Iş üzrə Dövlət Komitəsinin arxivləri açılmalıdır»
“Yeni Müsavat” qəzetinin dünənki sayında dərc olunan məlumata görə, Qaçqın və Məcburi Köçkünlərlə Iş üzrə Dövlət Komitəsi köhnə binadan təzə binaya köçəndə Ermənistandan qaçqın düşənlərin çoxunun sənədlərini yandırıb. Nəticədə çox vacib sənədlər yox edilib ki, bu da gələcək üçün bir sıra problemlər yarada bilər.
Qərbi Azərbaycanın Vedibasar mahalından olan professor Firudin Cəlilovun sözlərinə görə, komitə arxivə getməli olan çoxlu sayda sənədi məhv edib. “Aldığım məlumata görə, ”Qaçqınkom” köhnə binadan təzə binaya köçəndə Ermənistandan qaçqın düşənlərin çoxunun sənədlərini yandırıb”, – deyə F.Cəlilov vurğulayıb.
Ekspertlərin mövqeyinə görə, bu sənədlərin məhvi təqribən 250 minədək qərbi azərbaycanlını təcavüzkar Ermənistana qarşı beynəlxalq məhkəmədə iddia qaldırmaq şansından məhrum edir. Əgər onların Ermənistanda doğulması və yaşamasını, qeydiyyatı və ya mülkiyyət hüququnu təsdiqləyən faktlar olmasa, aydın məsələdir ki, soydaşlarımız öz hüquqları ilə bağlı Avropa Məhkəməsində dava aça bilməyəcək. Azərbaycan Deportasiya Qurbanları Mərkəzinin təsisçilərindən biri, politoloq Eldar Namazov “Yeni Müsavat”a açıqlamasında məlumatı təsdiqləyib. O bildirib ki, deportasiya zamanı insanların gətirdiyi bir çox sənədlərin, yığılan materialların əksəriyyəti bir məmurun tapşırığı ilə elə həyətdəki zibilliyə tökülüb və yandırılıb. E.Namazovun qənaətincə, bu, çox ciddi hadisə, hətta dövləti cinayətdir.
Məsələ ilə bağlı Qaçqın və Məcburi Köçkünlərlə Iş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Sənan Hüseynova müraciət etdik. O, Ermənistandan deportasiya olunan azərbaycanlıların onlarda olan bütün sənədlərinin arxivdə saxlanıldığını dedi. Və bildirdi ki, bu istiqamətdə yayılan məlumatlar reallığa uyğun deyil. E.Namazov isə qəzetimizə açıqlamasında bildirdi ki, deportasiya olunanların sənədlərinin məhv edildiyinə dair onlarda olan informasiya ciddidir. Sözügedən məsələnin çox ciddi və həssas olduğunu deyən E.Namazov vurğuladı ki, bu məsələyə böyük məsuliyyətlə yanaşmaq lazımdır: “Bizdə olan məlumata görə, bina dəyişdirilərkən böyük miqdarda vacib rəsmi sənədlər məhv edilib. Bu istiqamətdəki araşdırmamızı davam etdirəcəyik. Amma əgər Qaçqın və Məcburi Köçkünlərlə Iş üzrə Dövlət Komitəsi bu məlumatların həqiqiliyini inkar edirsə, bu vəziyyətdən bir çıxış yolu var. Qoy bu dövlət strukturu öz arxivlərini açsın. Bu zaman bizim təşkilatın tarixçiləri, hüquqşünasları və alimləri həmin sənədlərlə tanış olmaq imkanı əldə edəcəklər”.
Ümumiyyətlə, dünya praktikasında təcavüzə məruz qalan, torpaqları işğal olunan ölkənin bu yönümlü arxivlərinin ictimaiyyətə açıq olduğunu diqqətə çatdıran E.Namazov əlavə etdi ki, bu zaman Azərbaycan Ermənistana qarşı informasiya müharibəsində böyük üstünlüklər qazanmış olardı: “Məsələn, Türkiyə qondarma erməni soyqırımının yalan olduğunu sübut etmək üçün öz arxivlərini bütün dünyanın üzünə açıb. Və dəfələrlə hətta erməni alimləri belə araşdırmalar aparmaq üçün bu arxivlərə dəvət olunublar. Amma Ermənistan bu addımdan yayınır. Azərbaycanlıların da Ermənistandan deportasiyasından iyirmi il keçir. Əgər bu sənədlər arxivlərdə saxlanılıbsa, onlar ictimaiyyətin üzünə açılmalıdır. Çünki bu təkcə Qərbi azərbaycanlıların problemi deyil. Bu məsələ ümumilikdə Dağlıq Qarabağ probleminin hazırkı vəziyyətinə təsir edə, Ermənistanın bütün dünyaya təcavüzkar obrazının sübut olunmasına kömək edə bilər. Ona görə biz həm öz araşdırmalarımızı davam etdirəcək, həm də sözügedən arxivlərin açılması üçün müraciətlər edəcəyik”.
Xəyal



