Mahal İsmayıloğlu: «Bilirlər ki, korrupsiya piramidasının əsas iştirakçılarından biri kimi Fövqəladə Hallar nazirinin real təsir rıçaqları var»
Azərbaycandakı idarəçiliyin qeyri-ənənəvi olması özünü bir sıra məsələlərdə açıq göstərir. Son zamanlar müşahidə olunan məqam ondan ibarətdir ki, bir çox hallarda xarici ölkələrin səfirləri və paytaxtımıza təşrif buyuran qonaqlar dövlət başçısı ilə yanaşı fövqəladə hallar naziri Kəmaləddin Heydərovla da görüşürlər. Buna misal olaraq K.Heydərovun ötən bir neçə ayda ABŞ-ın, Niderlandın, Latviyanın, Polşanın, Ispaniyanın səfirləri ilə görüşməsini göstərmək olar.
Maraqlıdır ki, bir çox hallarda dövlətin ikinci və üçüncü şəxsləri qaldığı halda xaricilər məhz K.Heydərovla bir araya gəlməyə üstünlük verirlər. Bir çox hallarda Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev də bu görüşlərdən kənarda qalır. Bütün bunlar isə WikiLeaks-dəkı bir sıra məlumatlara diqqəti çəkir. Belə ki, həmin saytda gedən məlumatlara görə, K.Heydərov bir çox dairələrdə siyasi hakimiyyətə iddialı şəxs kimi qəbul olunur.
Bir çox ekspertlərin fikrincə, bu tendensiyanın əsas səbəbi xarici diplomatların ölkəmizdə məmurların formal olaraq sıralamasına deyil, real təsir imkanlarına diqqət yetirmələridir. Çünki Azərbaycanda formal olaraq iki və üçüncü sırada yer alan məmurların təsir imkanları bir çox hallarda tutduqları yerə adekvat olmur. Amma tam tərsinə, formal olaraq 30-cu yerdə qərarlaşan şəxslərin təsir imkanları daha geniş olur. Bütün bunlar isə təbii ki, şəffaf və demokratik idarəçiliyin mövcud olmaması ilə bağlıdır.
“Xalq qəzeti”nin sabiq baş redaktoru Mahal Ismayıloğlu da bildirdi ki, bütün dünyada qəbul olunan müəyyən etiket qaydaları var. Onlara görə xarici qonaqlar ölkəyə gələrkən öz dövlət maraqlarını təmin etmək üçün real gücə sahib olan şəxslərlə görüşməyə üstünlük verirlər: “Kapital özü bir siyasətdir. Əgər bir insanın əlində külli miqdarda kapital cəmləşibsə, deməli, o da siyasətdə öz şərtlərini diqtə edir. Xaricilər çox gözəl bilirlər ki, Azərbaycandakı korrupsiya piramidasının əsas iştirakçılarından biri Kəmaləddin Heydərovdur. Bu isə o deməkdir ki, Fövqəladə Hallar Nazirinin real təsir rıçaqları var. Ona görə də onlar qarşılarında duran vəzifələri yüksək səviyyədə yerinə yetirmək üçün real gücü təmsil edən şəxslərlə görüşməyə üstünlük verirlər”.
Hikmət



