Müxalifətin pislədiyi çıxışı niyə Əli Həsənov da pislədi?

Heydər Camal adlı ağıl sahibi deyəndə ki, ABŞ Gürcüstanın əlilə Azərbaycanda hakimiyyəti dəyişmək istəyir, bizim demokratik kəsim, müxalifət təmsilçiləri buna etiraz etdi, həmin açıqlamanı təxribat adlandırdı. Heydər Camalın  Rusiyanın danışdırdığı bir adam olduğunu hamı aydınca təsəvvür etdiyindən, Rusiyanın da ABŞ-a, Gürcüstana, eləcə də Azərbaycana münasibəti bəlli olduğundan, bu reaksiyalar çox təbiidir. Belə çıxırdı ki, Heydər Camal həm də Azərbaycan hakimiyyətinin maraqları naminə danışır.
Amma deyəsən heç də hamı ilk andan fərqində olmadı ki, bu açıqlama birmənalı şəkildə Azərbaycan hakimiyyətinin ziyanına idi. Dəyənəyin iki başının olmasını belə hallarda yada salırlar. Çünki bu xəbər Azərbaycan hakimiyyətinin perspektivini sarsıdır, onun gələcəyini təhlükə dumanına bürüyür. Təsəvvür edin ki, uzun illər bu hakimiyyət cəmiyyətə aşılayıb ki, onlar bütün dünyada yüksək dəstəyə sahibdir, həm Rusiyanın, həm də ABŞ-ın önəm verdiyi bir iqtidardır, üstəlik, regionda və uzaq coğrafiyalarda onlar hörmətə və etibara sahibdir. Məhz bu məqam mövcud hakimiyyəti ölkə daxilində güclü edir, xüsusən də onun dəyişməsini istəyənlərə ümidsizlik gətirirdi. Amma bu amil son iki ildə amansızlıqla iflasa uğrayıb, həmçinin ABŞ və Türkiyənin Ilham Əliyevə münasibətinin kəskin dəyişdiyi ortaya çıxıb. Bunu bütün vətəndaşlar hiss edir, hətta hakimiyyət nümayəndələri özləri etiraf edirlər. 2 aprel mitinqindən sonra 20 səfirin müxalifət nümayəndələrinin görüşünə gəlməsi də Azərbaycan hakimiyyətinə yaxşı olmayan münasibətin nümayişi idi.

Məhz belə bir vaxtda eşidəndə ki, ABŞ kimi nəhəng bir dövlət Azərbaycana çıxış imkanları hər mənada böyük olan qonşu Gürcüstan vasitəsi ilə burada hakimiyyəti dəyişmək planı üzərində işləyir, adamlar başlayır bu hakimiyyətin ağır durumunu, tezliklə gedəcəyini, güclü “düşmənlərə” sahib olduğunu düşünməyə…

Bu da bizim iqtidarın təməlini sarsıdan bir düşüncədir. Elə o səbəbdən də, Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov Heydər Camalın və bunun davamı kimi ortaya çıxan bəzi gürcü müxalifətçilərinin səsləndirdiyi fikri təkzib etdi, bunu təxribat adlandırdı. Gürcüstanla dostluğu önə çəksə də, Əli Həsənov əslində, cəmiyyəti inandırmağa çalışır ki, belə bir plan yoxdur və ABŞ onları dəyişmək istəmir. Bu, Zahid Orucun bir müddət Qərbin əleyhinə danışıb, birdən də “Qərb Azərbaycanda iqtidarın müttəfiqidir” deməsinə bənzəyir.

Qərblə qarşıdurma bu hakimiyyəti çökdürəcək amildir. Bu hal hakimiyyətin gücü, perspektivi haqda təsəvvürləri heçə endirir, ondan narazılara inam verir və hakimiyyətin öz içərisinə ruh düşkünlüyü, mərkəzdənqaçma gətirir. Bu da reallıqdır ki, Qərblə qarşıdurma danılmaz və gizlədilməsi mümkün olmayan bir hala gəlib. ATƏT-in Bakı ofisinin rəhbəri Əli Bilge Cankorelin son müsahibəsi də göstərir ki, demokratik dünya Azərbaycan hakimiyyəti ilə artıq tamam başqa dildə danışır. 2 il əvvəl bu hal yox idi.
Səfir Cankorel qanunları və öhdəlikləri çox sərt şəkildə Azərbaycan hakimiyyətinə xatırladıb. Iqtidardakılar bunu nəzərə almaya bilər, bunu qulaqardına vura bilər, amma cəmiyyət bunu eşidir, görür. Görür ki, hakimiyyət dünyadakı dayaqlarını itirir, təklənir. Bu da cəmiyyətin yeni arzularına qanad verir.