Tərəflərdən biri Ilham Əliyevi loyal, digəri isə mühafizəkar olmağa təhrik edir
Ilham Əliyevin yaxın ətrafı iki yerə bölünüb. Hakimiyyətdə qruplaşmalar çoxdur, lakin indi söhbət son baş verən proseslərə münasibətdə iki fərqli mövqenin olmasından gedir. Hakimiyyətə yaxın mənbənin verdiyi məlumata görə, birinci qrup (bu qrup olaraq şərti olaraq “liberal qrup” da adlandırmaq olar) Ilham Əliyevi inandırmağa çalışır ki, mühafizəkarlıq edərək müxalifəti əzmək, beynəlxalq təşkilatlarla tarana getmək sonda mənfi nəticələr doğura bilər.
“Liberal qrup” hesab edir ki, bu proses uzun müddət davam etməyəcək. Ən uzağı 2013-cü il prezident seçkilərində hakimiyyət müxalifətə keçəcək. Ona görə də “liberal qrup” Ilham Əliyevi məsələlərə bir qədər loyal yanaşmağı təklif edir. Onların başqa bir arqumenti isə beynəlxalq təşkilatların tutduğu mövqe ilə bağlıdır. Əgər 2 aprel aksiyasından sonra ABŞ-ın ölkəmizdəki səfirliyi və beynəlxalq təşkilatların yerli ofisləri hakimiyyətin zorakılığını pisləmişdisə, 17 aprel aksiyasında artıq ABŞ Dövlət Departamenti, Avropa Ittifaqı və digər beynəlxalq strukturların mərkəzi ofislərindən sərt bəyanatlar gəlməyə başladı. “Ilham Əliyevi mühafizəkarlıqdan çəkindirmək istəyən qrup hesab edir ki, hər iki aksiya ilə bağlı bəyanatlar beynəlxalq aləmin hakimiyyətə ciddi mesajı kimi qəbul edilməlidir. Bundan sonra isə sanksiyalar gələ bilər ki, bu da hakimiyyət üçün mənfi nəticələr doğuracaq. Ona görə də bu qrup düşünür ki, indidən bəzi qadağaları aradan qaldırmaq lazımdır”, – deyə mənbə bildirib.
Mənbənin sözlərinə görə, ikinci qrup isə tamamilə əks mövqe tutub(bu qrupu şərti olaraq “mühafizəkar qrup” adlandırmaq olar). Yeri gəlmişkən, bu qrupa YAP-ın rəhbərliyi də daxildir. “Mühafizəkar qrup” hesab edir ki, indik vəziyyətdə bir addım geri çəkilmək etirazların daha da genişlənməsinə səbəb ola bilər. Ona görə də Ilham Əliyev heç bir güzəştə getməməli və müxalifətə qarşı aqressiv siyasəti davam etdirməlidir. Hələlik Ilham Əliyev bu məsələdə qəti mövqe bildirməyib. Onun hansı qrupun mövqeyini qəbul edəcəyi qarşıdakı proseslərdə bəlli olacaq. Lakin indiki halda ən azı beynəlxalq təşkilatlarla tarana getməmək qərarına gəlinib. Bu mövqeni hər iki qrup bölüşür. Son günlər hakimiyyətin nəzarətində olan telekanallarda beynəlxalq təşkilatlara qarşı aparılan kampaniyaya son verilməsi də bunu göstərir…
Azad