Yəmən xalqı yenə küçələrə axışdı

Müxalifət Əli Abdulla Salehin istefa verəcəyini bəyan etdi

 

Yəməndə Əli Abdulla Salehin istefası tələbiylə etiraz aksiyaları dünən da davam edib. Cümə namazından sonra paytaxt Səna və Taiz kimi iri şəhərlərdə və əyalətlərdə küçələrə axışan on minlərlə Saleh əleyhdarları prezidentdən təklif olunan “Yol xəritəsi”ni dərhal imzalamağı və istefaya getməyi tələb edib.
Neçə aydır ki, istefası tələb olunan Əli Abdulla Saleh tərəfdarları paytaxt Sənanın mərkəzi meydanına toplaşıb. Prezident mitinqdə çıxış edərək Yəməndə baş verən son hadisələri yanlış siyasətin nəticələrindən biri adlandırıb.
Yəmən müxalifətinin nümayəndələri isə Əli Abdulla Salehin hakimiyyətdən getməsinə dair plana prezidentin öz dəyişikliklərinin edilməsi təklifinə rədd cavabı verib. Saleh isə sənədi müxalifətin birinci imzalamayacağı təqdirdə, hakimiyyətdən getməyinə dair razılaşmanı imzalamayacağını bəyan edib. Müxalifət lideri Sultan Ətvani isə bu təşəbbüsü dəstəkləməyəcəyini bildirib.
Xatırladaq ki, Yəmən prezidentinin istefası tələbi ilə kütləvi nümayişlərdə 130 adam ölüb. Yəmən müxalifəti ABŞ, Avropa və Fars körfəzi ölkələrinə müraciət edərək, Əli Abdulla Salehin istefasına nail olmağa çağırıb.

 

İnformasiya şöbəsi