«Ermənistana gədən qonaqlar «soyqırım» abidəsini, Azərbaycana gələnlər isə Heydər Əliyevin məzarını ziyarət edir»
Bu günlərdə Bakıya səfər edən və buradan Yerevana gedən Litva prezidenti Dalya Qribauskayte “erməni soyqırımı” qurbanlarının abidəsini ziyarət edib. O, “erməni soyqırımı” muzeyinə də baş çəkib. Abidə və muzeyə baş çəkmək bir qayda olaraq rəsmi protokola salınıb və hər kəs buna əməl edir. Azərbaycan isə rəsmi protokola yalnız Heydər Əliyevin məzarının və muzeyinin ziyarəti salınıb. Bir çox hallarda mötəbər qonaqlar hətta Şəhidlər xiyabanına da aparılmır. Bu kimi məsələlərdə Azərbaycan birmənalı şəkildə Ermənistana uduzur. Çünki düşmən ölkə qondarma soyqırımına ehtiramla yanaşmağa məcbur etdiyi halda, Azərbaycan baş verən faciələrə də hörmət etdirməyi bacarmır. Görünür, YAP iqtidarı üçün Heydər Əliyevin məzarı və muzeyi milli faciələrdən daha yüksəkdə dayanır.
Bəs hakimiyyətin bu məsələyə laqeyd yanaşmasının arxasında nə dayanır?
“Əgər bir hakimiyyət öz dərdinə sayğı duymursa, bunu qonaqlardan gözləmək mümkünsüzdür”
Tanınmış publisist Mehriban Vəzir bunu Azərbaycan tərəfinin qüsuru kimi qiymətləndirir. Onun fikrincə, qüsur deyib əsl mahiyyətini anlamadığımız bu məsələ sistemli olaraq davam edir. Əgər bir dövlət, xalq, hakimiyyət öz problemlərinə diqqət yetirmirsə, dərdinə sayğı duymursa, bunu qonaqlardan gözləmək mümkünsüzdür.
M.Vəzirin sözlərinə görə, Ermənistan hakimiyyəti daha vətənpərvər, siyasətlərində və iddialarında daha səhihdir. Ona görə nəticə də belə alınır. Azərbaycanda isə yalnız hay-küy salınır. Amma bu, davamlı siyasət deyil.
“Hakimiyyət Heydər Əliyevin unudulacağından ehtiyatlanır və bu səbəbdən də onun abidəsi daha çox ziyarət edilir”
AXCP sədrinin müavini Razi Nurullayevin fikrincə, xarici qonaqların Heydər Əliyevin həm məzarını, həm də muzeyini ziyarət etməsi bir qədər yorucudur. Onların birini Şəhidlər xiyabanı, yaxud Xocalı abidəsi ilə əvəz etmək olar.
R.Nurullayev Azərbaycan iqtidarının sanki unudulmaq qorxusu ilə yaşadığını da qeyd etdi. Hər zaman Heydər Əliyevin unudulacağından ehtiyat edirlər və bu səbəbdən də onun abidəsi daha çox ziyarət edilir.
AXCP sədrinin müavini rəsmi protokol qaydalarının tərtib edilməsində diplomatiyanın qüsurunun olduğunu da vurğuladı: “Artıq Ermənistan soyqırımını tanıtdırıb. Ancaq Azərbaycanda Xocalı soyqırımı abidəsini ziyarət etmək bir qədər çətin olar. Azərbaycan diplomatiyası çalışmalıdır ki, xarici qonaqlar Xocalı soyqırımı abidəsini ziyarət etsinlər. Digər təzadlı məsələ ondan ibarətdir ki, Azərbaycan parlamentinin özü Xocalı soyqırımını tanımayıb, buna hüquqi-siyasi qiymət verilməyibsə, o zaman başqa ölkələrdən gələnlər necə gedib o abidəni ziyarət edə bilərlər”.
R.Nurullayevin sözlərinə görə, Şəhidlər xiyabanı ilə bağlı məsələni həll etmək daha asandır. Bu, xarici qonaqların Dağlıq Qarabağ münaqişəsi ilə bağlı daha çox məlumatlı olmasına da yardım edər. Hər halda iqtidar bu məsələni tezliklə yoluna qoymalı və rəsmi protokolda dəyişikliklər etməlidir.
Fizzə