Hökumət gənclərin bir araya gəlməsindən ehtiyat edir
Təhsil Nazirliyi “Son zəng” günü ölkənin ümumtəhsil məktəblərinin məzunlarının kütləvi gəzintilərinin tərəfdarı deyil. Bunu, jurnalistlərə açıqlamasında təhsil naziri Misir Mərdanov bildirib.
Nazir hesab edir ki, belə kütləvi nəzarətsiz gəzintilər zamanı mədəniyyətimizə yad olan, qabaqcadan məlum olmayan və yolverilməz vəziyyətlər yarana bilər. Ona görə də, buna yol vermək olmaz. Ekspertlər isə əsl səbəbin bu olmadığını, belə etməklə Təhsil Nazirliyinin sırf Azərbaycan hökumətinin maraqlarından çıxış etdiyini deyir. Azərbaycanda sərbəst toplaşmaq azadlığına ciddi maneələrin olduğunu hər kəsə bilir. Insanların təmsil olunduqları təşkilat və çevrələrdən asılı olmayaraq kütləvi şəkildə bir yerə toplaşması Azərbaycan hökuməti üçün ən arzuolunmaz haldır. Hökumət istər siyasi partiya üzvlərinin, istər vətəndaş cəmiyyəti təmsilçilərinin, istər dindarların, istər tələblərin, istərsə də sadə vətəndaşların bir araya gəlməməsi üçün səylərini əsirgəmir. Ölkədə keçirilən hər bir kütləvi tədbir polis müdaxiləsi ilə dərhal dağıdılır.
Növbəti addım kimi də “Son zəng” gəzintilərinə qadağa qoyuldu. Məlum məsələdir ki, dünyada və Azərbaycanda siyasi gərginliyin artıdığı bir vaxtda minlərlə gəncin mərkəzi meydanlara axışması hökumət üçün növbəti təhlükədir. Ona görə də, hökumət “nə olar-nə olmaz” prinsipi ilə yanaşaraq ehtiyatlılığı əldə vermək istəmir.