Qara tarixi qaranlıq adamlar yazırlar


Mən o hakimi tarixin lənətlənmişlər siyahısında görürəm

Ayəndə Mürsəliyeva

Azərbaycanda baş verən həbslər yeni deyil. Azərbaycan 37-ci ili yaşamış adamların ölkəsidir. O zaman da hakimiyyəti  “kommunizm” ideologiyası ilə yüklənmiş bir dəstə quldur idarə edirdi. O zaman da hakimiyyət fərqli düşünənlərə amansız cəzalar verirdi. Saxta ideyalar Azərbaycanın parlaq adamlarını – gəncləri, ziyalıları,.. gedər-gəlməzə yolladı. Adamların həyatı məhv edildi. Indi yenə həmin qara tarix təkrarlanır. O zaman da məqsəd indikinin eyni idi: fərqli düşünənləri, fərqli fikir söyləyənləri məhv etmək. Artıq Azərbaycanda fərqli fikir söyləmək yalnız xüsusi cəsarət sahibi sayılanlar üçün və xüsusi risqlə mövcuddur. Adi həyatı ilə yaşamaq istəyənlər üçün fərqli düşüncə yasaqdır.

Bu ölkədə xüsusi imtiyazın olmadan yalnız yaltaqlıq və məddahlıq edə bilərsən. Mövcudluğunu qorumaq üçün yaltaq olmalısan! Bu, rəsmi məntiqdir. Və get-gedə bu gerçəklik daha da qaba şəkil alır. Əvvəlki illərə nisbətən həbs olunanların sayı da durmadan artır. Hüquq müdafiə təşkilatları siyasi məhbusların böyüyən siyahısını tərtib etməyə imkan tapmırlar.

Bundan narahat olmayan yalnız Ilham Əliyevdir. “Amnesty International” Insan Hüquqları təşkilatı aprelin 2-də Ictimai Palatanın Bakıda keçirdiyi mitinqə görə cinayət məsuliyyətinə cəlb olunan və barəsində 2 aylıq həbs-qətimkan tədbiri seçilən şəxsləri vicdan məhbusları saydığını açıqlayıb. Qurum bunu həmin şəxslərin həbsinin hüquqa zidd olması, hüquq pozuntularına yol verilməklə həbsə atılması ilə əsaslandırıb. Həm də onlar məhkəmə hökmü olmadan vicdan məhbusu elan ediliblər. “Amnesty International” da, başqa beynəlxalq təşkilatlar da siyasi motivlə həbs edilənlərin məhkəmə hökmünün olacağını əla bilirlər. Azərbaycanda qara təcrübə və qara ənənələr dünyada heç kimi bu ölkə barədə parlaq məntiqlə düşünməyə qoymur. Bizim hakimiyyət isə öz qara ənənələrini daha da möhkəmlətməkdədir.
Bütün dünya təşkilatları deyirlər ki, bu insanlar siyasi əqidəsinə və düşüncəsinə görə həbsdədirlər. Hakimiyyət isə onların “müxtəlif” cinayətlərə görə həbsə atıldıqlarını söyləyir. Həmin “müxtəlif” cinayətlərdən birinə görə hətta hüquq müdafiəçisi də həbsə atılıb.

Andreas Qrosun bir sözü vardı: “Siyasi məhbus probleminin mahiyyəti cinayətin xarakterindən çox, ədalətli istintaq və məhkəmə prosesindən keçirilməsindədir”. Nə qədər ki, Azərbaycanda ədalətli və müstəqil məhkəmə sistemi yaranmayıb, o zaman günahsız insanların həbsə atılma prosesi də durmayacaq.

AXC-nin gənc fəalı Cabbar Savalanlıya hakim iki il yarım həbs verdi. Cabbarın çöhrəsində o qədər məsumluq var ki… Hökmü oxuyan hakimin bu məsumluqdan utanmaması üçün çox anlaşılmaz psixologiya sahibi olması tələb edilir. Bizim məhkəmələr qara şou məkanıdır. Qara niyyətlərin sifarişini yerinə yetirmək üçündür. Bunu Eynulllanın, Mirzə Sakitin, Qənimət Zahidin, Cabbar Savalanlının və onlarla başqalarının “mühakimə”sində təkrar-təkrar gördük.

Indi də 37-dir. Əhməd Cavad, Hüseyn Cavid, Salman Mümtaz deyil, Cabbar Savalandır, Bəxtiyar Hacıyevdir, Eynulla Fətullayevdir, Sahib Kərimovdur, Arif Hacıyevdir, Şahin Məmmədlidir, Tural Abbaslıdır… və onlarla başqalarıdır.

37-nin qara tarixini yazanlar əbədi olaraq lənətlənəcəklər. Indi həmin qara tarixə imza atanlar da eyni qaydada lənətlənəcəklər. Onların da qazandığı bu olacaq. Amma Cabbar kimi gənclər Azərbaycanın işıqlı tarixinə imza atanlar kimi yaddaşlara yazılırlar: “Azərbaycanda insanlara ya azadlığı,ÿ ya da çörəyi seçmək təklif olunur. Çörəyi seçənlər azadlıqlarını itirirlər. Mən Azadlığı seçmişəm… Biz heç vaxt irticaçı hakimiyyətin tabutuna girməyəcəyik. Inşallah, azadlıq məbədində görüşəcəyik”.
Bunu Azərbaycan gəncliyinin irticaya mesajı kimi qəbul edin.