“Onlar həyat və sağlamlıq üçün təhlükəlidir”

«Biz vaxtı saat-saat yox, il-il itiririk»

«Masonlar oturub qara otaqlarda…»


Ayəndə Mürsəliyeva

Virtualda gəncliyin ən fəal nümayəndələrindən biridir. Türkiyədə oxuyur və tez-tez Bakıda da olur. Gerçəkdə də siyasi gəncliyin fəallarındandır. Görünür, virtualda anonim olmadan fəallıq göstərənlərin hamısını elə bu sayaq qəbul etmək lazımdır: enerjili, qaynar, ən başlıcası, vətəndaş mövqeyi ilə fərqlənən.


– Məcidin özünü Facebook təqdimatı gerçəkdən çoxmu fərqlənir?
– Real adım və soyadım Məcid Məcidlidir. Romantik bir anımda soyadımın yerinə kəndimiz Mərcanlının adını yazdım, elə ondan sonra Mərcanlı kimi qaldı. Virtualda adım-soyadım Mecid Mercanlı keçir. Bu arada, məndən öncəki müsahiblərinizdən biri, Xalisə xanım da kəndçimizdi.ÿÿ

– Və əlbəttə, bioqrafiya. Kimsən, nəçisən, kimlərdənsən?
– 21 noyabr 1990-cı ildə Bakının keçmiş Oktyabr (indiki Yasamal) rayonunda (rəsmi sənədlərdə belə keçir, amma əslində Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində) anadan olmuşam. 134 və 286 saylı orta məktəblərdə rus bölməsində təhsil almışam. 2008-ci ildə orta məktəbi bitirdim, TQDK və YÖS imtahanlarına girdim, ikisində də uğur qazandım, demək olar, amma əsas məqsədim Türkiyə olduğu üçün buranı seçdim. Türkiyənin Fatih universitetinin Siyaset Bilimi ve Kamu Yönetimi (Bələdiyyə idarəeetməsi deyilir bizdə) fakültəsinin 2-ci kurs tələbəsiyəm və hazırda Istanbulda yaşayıram. Hələlik özüm haqda bu qədər. Geniş bir bioqrafiyam yoxdu.

Bütün aclar çörək istəmir… Azadlıq istəyənləri də var

– Məcid Mərcanlı Facebooku necə buldu? Haradan-haraya? Orada nələri görüb-duydun?
– fb ifadə azadlığıdır. Ona görə bizdə qısa zamanda bu qədər populyar oldu. Insanlar azadlığa acdılar, susuzdular. Özləri yazmasalar belə izləyirlər, bəyənirlər. Açığı, mən istərdim ki, hamı fikrini açıq-aşkar yazsın, amma insanlar qorxurlar və bizim onlar üçün eləyə biləcək bir şeyimiz yoxdur. Kim görüb ürəklənirsə, sadəcə, alqışlaya bilərik və son zamanlarda da belələrinin sayı getdikçə çoxalır, bu da təbii, müsbət haldır. Facebook həm də alternativ media rolunu oynayır. Azərbaycan kimi avtoritarizmlə idarə olunan ölkələrdə Facebook tv-lərə, radiolara alternativdir və informasiya blokadasını aşmaq üçün çox təsirli vasitədir. Əlbəttə, bu da hakimiyyətə sərf eləmir; insanlar fərqli fikirlərlə, fərqli ideologiyalarla tanışırlar, söz azadlığının gözəlliklərini dadırlar.

– Yalnız Facebookdamı? Bu şəbəkələrin heç zərəri yoxdumu?
– Facebook-dan əlavə Tvitter-də də hesabım var. Vaxtım olduqca Tvitter-də də yazıram. Sosial şəbəkələrin xeyri, yuxarıda qeyd etdiyim kimi, azadlıqdır: fikirlərini bölüşürsən, istəmədiyin insanları silirsən, görmək istəmədiklərini bloka atırsan, ümumiyyətlə, adını görmürsən. Başqaları qarşısında öhdəliyin yoxdur və tam sərbəstsən, dostlarını belə özün müəyyənləşdirirsən. Zərərlərinə gəldikdə, heç içdiyimiz suyun da zərərsiz olduğunu deyə bilmərik. Hələ bizim kimi tələbələr içməli su almağa pulu olmayanda krantdan içirsə, deməli, sosial şəbəkələrin zərərindən çox danışmağa ehtiyac qalmır.ÿ

Siyasətə birbaşa dəxlim var…

– Siyasətin sənə və ya sənin siyasətə dəxlin varmı?
– Siyasətə birbaşa dəxlim var. Mövqeyim ortadadı, partiya mənsubiyyətimi səhifəmə daxil olan hər kəs bilir. Qəzetlərdən siyasi xəbərləri, sevdiyim köşə yazarlarının yazılarını, korrupsioner hakimiyyəti ifşa edən materialları demək olar ki, hər gün paylaşıram. Səbəbi isə insanlara avtoritarizmin çirkinliklərini göstərməkdir, oxusunlar və yaxşı-yaxşı düşünsünlər. Bəlkə biri hansısa paylaşdığım yazıdan sonra özündə cəsarət tapdı və mübarizəyə qoşuldu. Düzünü desəm, effekti də olur.

– Facebook da siyasətdimi sənin üçün?
– fb-də fəaliyyəti tam siyasi saymazdım. Düzdür, çox köməyi dəyir, yeni insanlarla tanış olursan, ünsiyyət qurursan, belələri olur. Bir çoxları bizim Facebook-da fəallığımız sayəsində siyasi-ictimai prosseslərlə maraqlanmağa başlayır. Məndə də belə olmuşdu. Mənə görə siyasi fəaliyyət, hələ ki, zallarda, küçə və meydanlardadı, Facebook sadəcə, araçıdır. Heç mövcud hakimiyyət də bizə başqa şans buraxmayıb. Olanımız budur.ÿFacebook açıq tribunadı, hamı öz sözünü deyə bilər. Burda aparılan müzakirələrin də təsirsiz olduğunu düşünmürəm. Son seçkilərdə buna şahid olduq, AXCP və Müsavatın birləşməsi çağrıları, imzatoplama kampaniyasının “AXCP-Müsavat bloku”nun yaranmasında ciddi rolu oldu, məncə. Və hakimiyyətin son zamanlarda Facebook əleyhinə apardığı təbliğatlar, YAP ideoloqlarının açıqlamaları da onu göstərdi ki, ciddi təlaş içindədilər və özləri də hər şeyin fərqindədilər.
On illərlə vaxt itiririk…

– Facebook səni gerçək həyat dostları ilə tanışdırıbmı?
– Bəli. Hazırda siyasi-ictimai sektorda tanıdığım bütün gənclərlə, demək olar, Facebook-da tanışmışıq. Sonradan dostluğumuz real həyata köçüb və indi doğrudan da çox sevdiyim dostlarım var ki, Facebook sayəsində tapmışam. Səbəbi isə müxalifətçi olmağımızdır. Hər şeydə bir xeyir var, deyirlər, diktaturanın sayəsində çox yaxşı dostlar qazanmışam.

– Bu cür sosial şəbəkələr ictimai rəyə təsirinə görə ənənəvi KIV-ə çoxmu uduzur, səncə?
– Ənənəvi KIV deyəndə,.. hakimiyyətin bağlatdıra və ya satın ala bilmədiyi 2-3 qəzet qalıb. Və bu qəzetlərdən başqa ancaq idman qəzetləri oxunur. Yəni ənənəvi KIV deyəndə 5-6 mənasız tv və onlarca kağız israfı qəzetlərin onsuz da ictimai rəyə heç bir təsiri yoxdur. Artıq insanlar yerli tv-lərdən üz döndəriblər, az qala hər evdə xarici tv-ləri izləmək üçün peyk antennaları var. Sosial şəbəkələr də bu boşluğu doldururlar. Və məncə, nəinki uduzur, hətta müqayisə eləməyəcək qədər üstündür, zamanla sosial şəbəkələr daha da çox yayılacaq. Bu prossesin qarşısını almaq qeyri-mümkündür.

– Facebook-da bu qədər vaxt itirməyə dəyərmi? Və ümumən, burada vaxtı itirdiyini güman edirsənmi?
– Həyata gələndə məşq eləyib gəlməmişik, birbaşa düşmüşük düz ortasına. Özü də Azərbaycan kimi başı bəlalardan ayılmayan ölkədə doğulub, gözünü açandan muharibə və diktatorlar görmüsənsə, vaxt itkisini problem eləməyə dəyməz. Vaxt itkisi 1993-cü ildən var, istəməsək belə 18 ildir boş şeylərə vaxt itirməklə məşğuluq. 21-ci əsrdə ibtidai icma quruluşu ilə mübarizə aparmaqdan daha böyük vaxt itkisi nə ola bilər? Amma biz bu gün mübarizə aparmasaq gələcəyimizin məhvinə razılaşmış olarıq. Ona görə sosial şəbəkələrdə gündə 5-6 saat vaxt keçirməklə bir şey olmaz.

Inqilabları başqa seçim qoymayan hakimiyyətlər törədir

– Ərəb dünyasını silkələyən o qaynar siyasi hadisələrdə də sosial şəbəkələrin böyük təsiri barədə danışırlar. Səncə, belədirmi və ya Facebook olmasaydı, Hüsnü Mübarək hələ də Misir sultanı olaraq qalacaqdımı?
– Facebook-un rolu olub, amma o inqilabların səbəbkarı Facebook ya Tvitter deyildi. Inqilabları əzilən xalqlar eləyir, indi sosial şəbəkələr onu sadəcə, bir az tezləşdirir. Facebook olmasaydı da başqa metodlardan istifadə edəcəkdilər, amma nəticədə yenə azadlıq istəyəcəkdilər. Ümumiyyətlə, belə bir fikir var ki, “inqilablar xaricdən dəstəklənir deyə olur, ay nə bilim,  ”masonlar oturub qara otaqlarda inqilab eləyirlər”. Bir də klişe bir ifadə var: “inqilabları axmaqlar eləyir”. Bu opportunist cümlə ümumiyyətlə, insanlığa təhqirdir, məncə. Axmaq, inqilab eləyənlər yox, xalqa inqilabdan başqa seçim qoymayanlardır. Insanlar öz təbii haqları uğrunda, azadlıqları uğrunda, insanlıq uğrunda canlarından keçirlər, həyatlarını fəda edirlər, ailələrindən imtina edirlər, amma onların zəhmətləri, qəhrəmanlıqları danışılmır, xaricdən kiminsə dəstəklənməsi danışılır. Tunisdə, Misirdə, Liviyada, Suriyada eləcə də Azərbaycanda haqq, ədalət uğrunda canlarından keçənlərin ruhu qarşısında baş əyirəm. Onlar əsl qəhrəmanlardı.

Başı kəsilmiş toyuq kimi…

– Sosial şəbəkələrdə təxribatlarla qarşılaşırsanmı? Məsələn, sənin adına yalançı profillər açılması kimi?..
– Bilmirəm niyə, amma bu təxribatları başı kəsilmiş toyuğun özünü ora-bura çırpmasına bənzədirəm. Başqasının adından səhifə açıb təhqirlər yağdırmasını başqa necə başa düşmək olar axı? Acizliyin son nöqtəsi də demək olar.

– Facebook-mu, Tvitter-mi? Hansına daha çox üstünlük verirsən?
– Tvitter Facebook-a baxanda daha sadədi. 140 işarəlik qeyd yaza bilirsən, yəni “az olsun, saz olsun” prinsipi işləyir orda. Tvitter-də aktivliyin artmasını mən də istəyirəm, Facebook-u keçə bilməsə də kifayət qədər insan ora axışacaq.

Dünyadan tələbin nədir?

– Məcid, bu dünyadan və bu ölkədən nə istəyirsən? Çoxmu iddialısan?
– Mən öz ölkəmdə ədalət istəyirəm. Çox şey istəmirəm ki. Mən nə neft istəyirəm, nə qaz, nə var-dövlət. Mən sevdiyim və doğulduğum ölkənin vətəndaşı kimi qalmaq istəyirəm, özümə bir vətəndaş kimi hörmət edilməsini istəyirəm. Savadsız, orta əsrlər mentaliteti ilə yaşayan, yerlibaz, insana hörmət qoyulmayan, təpədən dırnağa rüşvətə və haram pula batmış cəmiyyətdə yaşamaq istəmirəm. Təhsili, səhiyyəsi, ordusu, hüquq-mühafizə orqanları, məmurları xalq üçün çalışsın, istəyirəm. Və bunun üçün nə pula, nə neftə ehtiyac yoxdu, siyasi iradə ilə olacaq şeylərdi və sadəcə hakimiyyətin istəyi ilə olacaq şeylərdi. Və mənim istəklərim indiki hakimiyyətin istəkləri ilə toqquşur. Onların tarixləri çoxdan keçib. Artıq bunlar insan həyatı və sağlamlığı üçün təhlükə daşıyırlar, mən isə yeni qidalar istəyirəm. Amma bu tək mənim istəyimlə olacaq şey deyil, gərək hamı istəsin, hamı bir nəfər kimi ümumbəşəri dəyərlər uğrunda mübarizə aparsın, hamı zəhərləndiyinin fərqində olsun. Və sonda da onu deyim ki, zaman diktatura, avtoritarizm zamanı deyil, dünyadaki o mağara zehniyyəti qan itirir, can verməyinə az qalıb…