Nə oldu, indi “donquli” oldular?

Dünən “Jalə” şirələri ilə bəslənən bir deputatın (bu sətirləri yazarkən kefim yerindədir, ona görə də onun adını çəkib nə özümün, nə sizin qanınızı qaraltmaq istəmirəm, yəqin qəzetimizdə bu barədə ayrıca informasiya gedəcək və siz onun kimliyini biləcəksiniz) ARDNŞ prezidenti Rövnəq Abdullayevlə parlamentdə bir balaca dilləşib. Təyinatlı parlamentdə ARDNŞ-lə xarici şirkətlər arasında hansısa neft sazişləri təsdiq edilərkən bu deputat həmin xarici şirkətləri “donquli” adlandırıb, guya onların adları it dəftərində də yoxdur. Oysa bu şirkətlərdən birinin bp korporasiyasına aid olduğu onun adından da görünürdü.

Bəli, əziz oxucular, neft pulları hakimiyyətdəkilərin gözünü örtüb, başlarını dumanlandırıb, artıq gözləri ayaqlarının altını seçmir. Elə ona görə də 18 il əvvəl bunları əllərinin üstündə, xalqın qanı üzərindən adlayaraq hakimiyyətə gətirən imperialist quruluşları, transmilli korporasiyaları indi rahat-rahat “donquli” deyib təhqir edirlər. Dünənəcən yedikləri qaba bu gün tüpürürlər. Dünənəcən oturduqları budağı bu gün kəsirlər. Sanki Azərbaycanda taxt-taca yiyələnmək üçün transmilli korporasiyaların əllərini öpən, ayaqlarına düşən, onların kürəyini sürtməyə, aftafasını daşımağa hazır olan heç bunlar deyildi. Sanki Azərbaycanda ailə hakimiyyəti, tayfa rejimi qurmaq üçün millətin sərvətlərini dəyər-dəyməzinə sümürücü, imperialist güclərə satan heç bunlar deyildi. Indi nə baş verib, gün hardan doğub ki, xarici şirkətləri “donquli” adlandıracaq qədər cəsarətləniblər, milli sərvətlərin dərdini çəkən olublar?

Bu sualın çox sadə cavabı var: artıq bunların hərəsi bir biznes hegemoniyası qurub özünə. Oliqarx olublar. Yekə-yekə holdinqlər yaradıblar. Hansı birini deyək? “Gilan holdinq”lərinimi deyək, “ZQAN holdinq”lərinimi deyək, “ATA holdinq”lərinimi deyək? Bir sözlə, yerlərini bərkidiblər. Ayaqlarını daha möhkəm basmağa başlayıblar. Və indi oturub fikirləşirlər: “Axı bp kimdi, ”Shevron” nəçidi, canım sizə desin, “Statoil” nəmənədir, özümüzün gül kimi holdinqlərimizə nə gəlib?”.

Yəni əgər bu gün Kəmaləddin Heydərovun parlamentə təyin etdirdiyi bir deputat çıxıb ölkədəki bu istibdad rejiminin təməlini qoyan xarici korporasiyaları asanlıqla “donquli” deyərək alçalda bilirsə, bu heç də sümürücülüyə qarşı etirazdan irəli gəlmir. Bunun bir səbəbi var: nefti də “Jalə” şirələri kimi öz şirkətlərinə mal etməyə çalışmaq! Sabah Ziya Məmmədovun deputatı çıxıb hansısa transmilli şirkəti “daranqlet” adlandırsa, buna da təəccüblənməyin, demək o da istəyir ki, məsələn, “Şahdəniz” artıq “ZQAN holdinq”in olsun.

Bunun əksini iddia edən adamla bir saniyə belə mübahisə eləmərəm. Sadəcə soruşaram: sənin ki bu millətin sərvətlərinin sümürülməsinə ürəyin belə yanır, niyə nefti kimin alıb-satmasının davasını döyürsən? Əgər bu ölkənin nefti Azərbaycanın maraqlarına zidd olan şərtlər altında satılırsa, hasilatın pay bölgüsü bu xalqın mənfəətləri ilə qətiyyən örtüşmürsə, o zaman satanın kimliyinin nə anlamı, nə əhəmiyyəti var? Bundan sonra nefti istəyir lap Heydər Əliyev Fondu çıxarıb satsın, guya mənası nədir, xeyri nədir?

Gecikmisiniz, çox gecikmisiniz…

Günlərdir qəzet səhifələrində, internet saytlarında Gürcüstanın Azərbaycanda inqilab hazırladığına dair çeşid-çeşid xəbərlər yer alır, palaz-palaz polemikalar yürüdülür.
Mən bu xəbərləri, müzakirələri heyrətlə izləyirəm. Gürcüstanın Azərbaycanda inqilab hazırlaması bəyəm təzə xəbərdir? Bəyəm görmürsünüz, Gürcüstan Azərbaycanda inqilabı artıq çoxdan başlayıb? Bəyəm hiss etmirsiniz, bu gün qonşu ölkənin demokratiya yolunda mətin addımları, korrupsiyasız, rüşvətsiz, monopoliyalarsız bir cəmiyyət qurması, hüquqi dövlət yaratması Azərbaycanda şüurları necə tərpədib, beyinləri necə oyadıb? Bəyəm fərqində deyilsiniz ki, artıq Azərbaycanda hər kəs buranın da ən azı Gürcüstan kimi bir ölkəyə çevrilməsi üçün alışıb-yanır? 

Bir sözlə, Gürcüstanın Azərbaycanda inqilaba hazırlaşdığı barədə danışanlar çox gecikiblər. Gürcüstan Azərbaycanda inqilabı artıq çoxdan başladıb.