Liviya diktatorunun əsgərləri isə neft depolarını hədəf aldı
Liviyada gərginlik davam edir. Müəmmər Qəzzafiyə bağlı silahlılarla üsyançılar arasında Liviya-Tunis sərhədində qarşıdurma yaşanıb. Qəzzafi qüvvələrinin atdığı top mərmilərindən bəzilərinin Tunis ərazisinə düşdüyü barədə xəbərlər yayılıb.
“Reuters” agentliyinin müxbiri Ilyas Amara Tunis ərazisinə ən azı 4 top mərmisinin düşdüyünü bildirib. O, Liviya-Tunis sərhədində yerləşən Dehiba qəsəbəsinin yaşayış məntəqələrinə mərmilərin düşmədiyini də söyləyib.
Müəmmər Qəzzafiyə sadiq qüvvələr növbəti dəfə ölkənin üçüncü böyük şəhəri və nüsyançıların əzarətindəki Misratanı hədəf alıb. Diktatorun əmrindəki birləşmələr Misrataya hava zərbələri endirib. Hava zərbələrinin hədəfi isə Misratadakı böyük neft depoları olub. Müxaliflərin təmsilçisi Əhməd Həsən atılan bombaların neft tankerlərini tamamilə məhv etdiyini və yanğının geniş neft ərazisini bürüdüyünü bildirib.
Bu arada Italiyanın xarici işlər naziri Franko Frattini Müəmmər Qəzzafi rejiminə qarşı NATO komandanlığı altında aparılan əməliyyatların yaxın 1 ay ərzində başa çata biləcəyini söyləyib. Onun sözlərinə görə, beynəlxalq ictimaiyyətin diktatorun dinc yolla hakimiyyəti təhvil verməsinə ümidi hələ tükənməyib.
ABŞ dövlət katibi Hillari Klinton Liviyadakı hərbi əməliyyatın Müəmmər Qəzzafinin fiziki məhvilə nəticələnəcəyini istisna etmədiyini söyləyib: “Əməliyyat iştirakçılarının qoşunların idarə olunması üzrə bunker-mərkəzlər və başqa obyektlər kimi qanuni hədəfləri var. Bu hədəflər Müəmmər Qəzzafi və onun ailəsinin nəzarətindədir. Orada hərbi münaqişə baş verir və Müəmmər Qəzzafi özü başladığı zorakılığın qurbanı ola bilər. Liviyadakı əməliyyatın polkovnikin məhviylə nəticələnəcəyi istisna deyil”.
İnformasiya şöbəsi