İki nəhəng qruplaşma arasında amansız savaş

Bəylər Əyyubovla Rövnəq Abdullayev Kəmaləddin Heydərovu bitirməyə çalışır

Hacıqabulun Nəvahi kəndinin 100-dən çox sakini Fövqəladə Hallar Nazirliyinin qarşısına toplaşıb. Hadisə dünən baş verib. Sakinlər ötən ilin Kür daşqınları zamanı ziyan çəksələr də evlərinin bərpası ilə bağlı heç bir addım atılmadığından şikayətləniblər.
Onların “Azadlıq” radiosuna dediyinə görə, onlar artıq 6-cı dəfədir nazirliyin qarşısına toplaşır ancaq problemləri hələ də həllini tapmayıb.
Nazirliyin rəsmiləri bildiriblər ki, təxminən 20 gündən sonra adı çəkilən kəndə komissiya göndəriləcək. Yalnız bundan sonra sakinlər dağılışıblar.
“Azadlıq”a daxil olan məlumatlara görə, əslində Nəvahi sakinlərinin FHN-nin qarşısına toplaşmasının başqa səbəbləri də var. Məlumatlarda deyilir ki, bu məsələdə ARDNŞ prezidenti Rövnəq Abdullayevin də rolu var. Söhbət ondan gedir ki, Rövnəq Abdullayevin təmsil olunduğu kürd qruplaşması ilə fövqəladə hallar naziri Kəmaləddin Heydərov arasında ziddiyyətlər var. Hələ ötən il məlumatlar yayılmışdı ki, bu qruplaşmanın xaç atası, Ilham Əliyevin şəxsi mühafizə xidmətinin rəhbəri Bəylər Əyyubovla Kəmaləddin Heydərov arasında silahlı insident baş verib.  
Bundan başqa Rövnəq Abdullayev yeni tikilinə binalara qaz verilməsi məsələsini qaldıranda Kəmaləddin Heydərovun maraqlarına toxunmuşdu. Bu məsələ də tərəflər arasındakı münasibətlərin daha da gərginləşməsinə səbəb oldu.
Elə parlamentin dünənki iclasında “fövqəlnazir”ə yaxın deputat Qüdrət Həsənquliyevin ARDNŞ prezidentini sərt şəkildə tənqid etməsi də bunun təzahürü idi.
Məlumatlarda deyilir ki, ABŞ səfiri Metyu Brayzanın Kəmaləddin Heydərovla görüşməsindən sonra hakimiyyətdəki müzafizəkar kürd qruplaşmasının Kəmaləddin Heydərova qarşı daha kəskin hücuma keçib. Bu qruplaşmada təmsil olunan Rövnəq Abdullayev də fürsətdən yararlanaraq Kəmaləddin Heydərovu “korrupsiya” ilə vurmağa çalışır.
Dünənki aksiya da bu planın tərkib hissəsidir. Təsəvvür edin, Hacıqabuldan bir qrup sakin FHN-nin qarşısına etiraz aksiyası keçirməyə gəlir, amma rayon rəhbərliyi bunun qarşısını almayıb. Çünki rayonun icra başçısı Əhməd Muxtarov Rövnəq Abdullayevə yaxın şəxsdir. Güman ki, bu səbəbdən rayon sakinlərinin sərbəst şəkildə qrup halında Bakıya aksiyaya gəlməsinə şərait yaradılıb.

İnformasiya şöbəsi