İnsanlar yeknəsəqlikdən üzülür. Həyat yorucu çərçivələrə salınıb, ha çalışır, ha vuruşursan ki, bu çərçivəni azacıq da olsa genişləndirsən, alınmır ki, heç alınmır! Artıq 18 ildir ki, bu hal davam edir… Növbəti həftənin ağırlığını artıq çiyinlərində hiss edirsən. Yenə də başlanacaq – ekran küncündəki portret, adamı bezdirən “sənədli” filmlər, xronikalar…
Siyasət də dinamizmini itirib.
Bir sözlə, yorucu, lap yorucu bir ölkə. Yazmaq da müşkülə çevrilib, özün də bilmirsən, nədən yazasan, nədən başlayasan… Əslində deməyə söz də yox!
Amma diqqət çəkən bir detal var. Hakimiyyət adamları da hücum mövqeyini itiriblər, əslində onlar da artıq danışmırlar, müdafiə olunurlar, cavab verirlər.
Onlar artıq cəmiyyətə impuls vermək qabiliyyətini itiriblər, çünki cəmiyyət daha onlarınkı da deyil, cəmiyyət hakimiyyətdən də, müxalifətdən də kənaôra çəkilib və tənbəl-tənbəl hər ikisini seyr edir, onların dediklərini tutuşdurur, müqayisə edir, özü üçün bir nəticə hasil etməyə cəhd göstərir. Bu da bir inkişaf, bir tərəqqidir. Əgər cəmiyyət bu hakimiyyətin mistik aurasından qurtulubsa, daha onun mifik siyasi təsəvvürlərinin daşıyıcısı deyilsə, daha bu ekranların psixoloji hücumunu dəf edə bilirsə, qırx illik monoton monoloqdan diqqətini ayıra bilirsə, bu da yaxşıdır! Əvvəl çətin idi, çünki xarizma vardı. Bir neçə il bu xarizmanın ifşasına həsr olundu. Indiki hakimiyyət rəsmilərində xarizma deyilən bir şey yoxdur. Hə, bunlar bütün varlıqları ilə bu cəmiyyətə yaddırlar və hətta onun dilində əməlli-başlı danışa bilmirlər. Bunların bütün siyasəti elə “ikili standartlar” deməkdir. Korrupsiya ilə necə mübarizə aparırlar? Hə, biz özümüz sərvət toplamağın yolunu tapmışıq, amma sizlər bu işlə məşğul olmayın, cəzalanacaqsınız! Gülməlidir, deyilmi? Əslində bunların xilası elə heç nə eşitməməkdə, özlərini görməməzliyə vurmaqda, sakitcə sərvətlərini toplamaqdadır! Neçə il davam edir, qoy, etsin! Amma əsəbləri dözmür, qəfil özlərini başqaları kimi cəmiyyətdən mandat almış siyasət adamları tək hiss edir və gülünc vəziyyətə düşürlər. Təsadüfi deyil ki, bunların korrupsiyaya qarşı mübarizəsi bir məzhəkəyə çevrilib. Özlərini mahir siyasi aktyorlar kimi təsəvvür edirlər. Amma tamaşalarına daha baxan yoxdur. Zal boşdur, daha əvvəlki kimi antrakt yoxdur. Həvəskar əyalət teatrının səviyyəsinə düşüblər və bunu hiss etdikcə daha da geriləyirlər. Mən dəfələrlə demişəm, bir daha təkrar edirəm: avtoritarizmin pik dövrü bitmək üzrədir. Bundan sonra bunlar nə etsə, bumeranq olub özlərinə dəyəcək! Özlərini daha əvvəlki kimi inamlı hiss etmirlər və edə də bilməzlər! Ideoloji iflas göz önündədir! Hətta bu gün ərəblərin belə “özünəməxsus milli inkişaf yolu”nun olmadığı məlum olursa, ərəblər belə əllərində “Biz azadlıq, demokratiya istəyirik!” yazılmış şüarlarla küçələrə çıxırsa, bunlar cəmiyyətə nə desinlər? Dərin bir fəlsəfi axtarışlara baş vurmuşdular, demokratiyaya alternativ axtarırdılar… Amma ərəb üsyanı bütün bunların üstündən qara xətt çəkdi! Bunlar ki, xristian gürcülər, yaxud ukraynalılar deyildilər, bunlar əsl müsəlman, şərqli ərəblər idilər! Ideya bir sosial-siyasi impulsdur, stimuldur, bunlar artıq nə özləri, nə də cəmiyyət üçün stimul tapa bilmirlər. Özləri üçün də təkcə bircə stimul qalıb: nə qədər mümkündür hakimiyyətdə qalmaq və bundan istifadə edərək varlanmaq və yenə də varlanmaq!.. Sovet quruluşunu 70 il yaşadan ideoloji stimullar oldu və onlar bütün varlığı ilə ideologiyanın təntənəsini sübut etməyə cəhd edir, buna çalışırdılar. Məsələn, I.Stalinin bir siyasi kredosu vardı: hər il ucuzluq olmalıdır! Müharibədən sonra o, hər il buna əməl edirdi! Onlar elə bu yolla insanları öz ideologiyalırına tapındırmaq, inandırmaq istəyirdilər. Bizimkilər nə etsin? Hər il bahalaşma, hər il! Budurmu sosial stimul?..
Kiçik sözardı
Ideoloji iflasdan sonra nə gəlir? Bunu hamı bilir. Bu imitasion demokratiya ölkələrinin bir ümumi cəhəti var ki, bunların ideologiyası, ideoloji stimulları yoxdur. Ona görə mövcudluq müddətləri də qısadır…