Gənclər vahid komandada birləşə bilər

Müxtəlif gənclər təşkilatının nümayəndələri vahid bir qurumda birləşmək ideyasını dəstəkləyir

 

Ötən ilin noyabrında keçirilən sonuncu parlament seçkisindən sonra Azərbaycan müxalifətinin və demokratik düşüncəli insanların böyük əksəriyyəti birləşərək Ictimai Palata adlı qurum yaratdılar. Bu qurumda təmsil olunan partiyaları, eləcə də ayrı-ayrı müstəqil şəxsləri bir sıra prinsipial məsələlər birləşdirir. Ictimai Palata demokratik qüvvələrə ölkədə baş verən hadisələrə birgə reaksiya vermək, Azərbaycandakı avtoritar rejimə qarşı birlikdə mübarizə aparmaq imkanı yaradır. Artıq Ictimai Palata ümumi qərarla iki dəfə kütləvi şəkildə etiraz aksiyaları da keçirib.
Bu gün Azərbaycanın ictimai-siyasi həyatında eyni mövqeni paylaşan, təxminən eyni prinsiplərlə, eyni məqsəd uğrunda mübarizə aparan gənclər təşkilatları da mövcuddur.
Söhbət həm partiyaların tərkibindəki, həm də müstəqil gənclər təşkilatlarından gedir.
Son aylarda ölkədə ictimai-siyasi aktivliyin artmasından sonra siyasi proseslərə qoşulan gənclərin də sayı çoxalıb. Hətta bir neçə yeni təşkilat da yaranıb.
“Azadlıq”ın ötən sayında da xəbər verdiyimiz kimi, mayın 5-də gənclər toplaşaraq, siyasi motivlərlə həbsxanaya salınan həmyaşıdlarını müdafiə etməyin yollarını müdafiə ediblər. Həmin tədbirdən də görünür ki, gənclərin birləşə biləcəyi hansısa bir üst quruma ehtiyac var. Məsələn, bu qurum Ictimai Palata formatında da yaradıla bilər.
Bəs gənclər təşkilatlarının nümayəndələri bu haqda nə düşünür?
“Azad gənclik” təşkilatının sədri Ülvi Həsənli deyir ki, bu ideya ətrafında müzakirələr aparmağa dəyər: “Siyasi məhbusların hüquqlarının müdafiəsilə bağlı keçirdiyimiz tədbirdən də göründü ki, gəncliyi bir yerə yığmaq mümkündür. Ancaq belə təşkilatların və gənclərin fəaliyyət istiqamətləri, məqsədləri eyni olmalıdır. Bizim təşkilatın ideyaları ilə üst-üstə düşən başqa təşkilatlarla birgə fəaliyyət göstərməyə hər zaman hazırıq”.
Gənclərin toplaşdığı “Nida” vətəndaş hərəkatının idarə heyətinin üzvü Zaur Qurbanlı da bu ideyanı dəstəkləyənlərdəndir: “Bizim təşkilatda qərarları idarə heyəti verir. Əgər təşkilatımıza belə bir təklif olsa, idarə heyəti olaraq, bunu müzakirə edərik. Məsələyə şəxsən özümün münasibətim isə yaxşıdır. Gənclərin bir yerdə toplaşması, ümumi qərarların verilməsi vacibdir”.
“10 dekabr” gənclər təşkilatından Sənubər Heydərli isə deyir ki, bu barədə çox müzakirələr aparılıb: “Əsas problem müstəqil təşkilatlarla partiyaların gənclər təşkilatları arasında ziddiyyətlərdə yaranır. Bəzən partiyaların gənclər təşkilatları daha radikal addımların atılması ideyası ilə çıxış edirlər. Müstəqil təşkilatlar isə alternativ yollar təklif edirlər. Belə olduqda bəzən ziddiyyətlər yaranır. Ancaq biz dekabr ayından başlayaraq, bir neçə tədbir keçirmişik. Müxtəlif vərəqələr paylamışıq, iclaslar keçirmişik. Yaxşı olardı ki, hansısa bir qurum şəklində birləşəydik”.
AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı deyir ki, Ictimai Palatanın özündə də xeyli sayda gənclər var. Buna baxmayaraq, gənclərlə bağlı yeni birliyin yaradılmasına ehtiyac qalır: “Bununla bağlı geniş müzakirələr aparılmalıdır. Bu gün Azərbayacanda 2 milyon gənc var. Ancaq gəncliyin böyük bir hissəsi ictimai-siyasi proseslərdən uzaqdır. Demokratik düşərgədə olan gənclərin bir yerdə olması vacibdir. Bu həm də siyasi proseslərə yeni-yeni gənclərin cəlb olunması deməkdir. Biz AXCP Gənclər Komitəsi olaraq, təşəbbüskarlıq göstərməyə hazırıq”.

 

Elmin Həsənli