2 aprel dustaqları haqda yeni xəbər

Şahin Həsənli vəkili ilə görüşüb

Mənsum Bayramov: «Heç bir istintaq hərəkəti aparılmır»

Dünən vəkil Mənsum Bayramov 2 saylı Gəncə istintaq təcridxanasında saxlanılan AXCP Rəyasət Heyətinin üzvü Şahin Həsənli ilə görüşüb. Vəkilin sözlərinə görə, Ş.Həsənlinin saxlanma şəraitindən və səhhətindən şikayəti olmayıb. Vəkilin sözlərinə görə, polislərlə məlum üzləşdirmədən sonra iş üzrə heç bir istintaq hərəkəti aparılmayıb: “Bir daha ona qarşı irəli sürülən ittihamların uydurma və qurama olduğunu bildirdi”. 
M.Bayramovun sözlərinə görə, Ş.Həsənlinin yaxınları ona aparılan yeməklərin içəri buraxılmamasından narazılıq edirlər: “Qohumları Şahin bəyin yanına yemək aparıblar. Soyadınız bir deyil deyərək yeməyi içəri keçirməkdən imtina ediblər”.
Xatırladaq ki, Ş.Həsənlinin barəsində Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddəsi ilə cinayət işi başlanıb. Ş.Həsənli martın 31-də Şəmkirdə dostunun evində olarkən saxlanılıb. Həmin gün günorta dostugilə dincəlməyə gələn Ş.Həsənli həbs edilərək bölməyə aparılıb və orada gödəkçəsinin cibindən kağıza bükülmüş beş ədəd doqquz kalibrli güllə tapılıb. Gəncə Apelyasiya Məhkəməsi həbs-qətimkan tədbirindən verilən şikayəti təmin etməyərək birinci instansiyanın qərarını qüvvədə saxlayıb.

***

Sahib Kərimovun istintaqı getmir

Yavər Hüseyn: «Onu yalnız həbsinin ilk günlərində dindiriblər»

Kürdəxanıdakı istintaq təcridxanasında saxlanılan AXCP sədrinin müşaviri Sahib Kərimovun işi üzrə heç bir istintaq hərəkəti aparılmayıb. Bu barədə qəzetimizə açıqlamasında S.Kərimovun vəkili Yavər Hüseyn məlumat verib. Vəkilin sözlərinə görə, onu yalnız həbsin ilk üç günü dindiriblər: “Ondan sonra heç bir istintaq hərəkəti aparılmayıb. Hazırda Sahib bəyin işindəki pozuntularla bağlı vəsatətlər hazırlayırıq. Hazır olan kimi təqdim edəcəyik”.
Y.Hüseyn bildirir ki, S.Kərimovun səhhəti və saxlanma şəraiti ilə bağlı heç bir şikayəti yoxdur. Vəkil gələn həftə müdafiə etdiyi şəxslə yenidən görüşəcəyini deyir.
Xatırladaq ki, S.Kərimov aprelin 8-də Şəkidə tutularaq Bakıya gətirilib. O, Cinayət Məcəlləsinin 233-cü maddəsi ilə (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) ittiham olunur. S.Kərimov Ictimai Palatanın aprelin 2-də Bakının mərkəzində keçirdiyi aksiyanın iştirakçılarındandır. Aprelin 14-də Bakı Apelyasiya Məhkəməsi S.Kərimov barəsində Səbayel Rayon Məhkəməsinin 9 apreldə çıxardığı həbs qərarını qüvvədə saxlayıb.

Gültəkin