Yolları kimlər dağıdır?

Oliqarxlar bir-birlərini ittiham edir

Son günlər yol polisləri iri tonnajlı avtomobillərlə bağlı “yolların qorunması” adı altında reydlər keçirirlər. Yol polislərinin məntiqinə görə normadan artıq yük vuran avtomobillər yolları dağıdır.
Bu baxımdan belə avtomobillər saxlanılaraq müxtəlif məbləğlərdə cərimələnir. Lakin burada bir məqam var ki, nədənsə nə Dövlət Yol Polisi Idarəsinin rəhbərliyi, nə də Nəqliyyat Nazirliyi və “Azəryolservis” buna aydınlıq gətirir. Söhbət ondan gedir ki, Azərbaycanda yolların tutumu müəyyənləşməyib. Yəni, aydın deyil ki, Ziya Məmmədovla, Cavid Qurbanovun inşa etdiyi yollar neçə ton yükə davam gətirə bilər. Əgər bu bəlli deyilsə, bəs onda iri tonnajlı avtomobillər hansı əsasla cərimələnir? Təsəvvür edin, yükgötürmə qabiliyyəti 5 ton olan hansısa maşın normadan 2 ton artıq yükləndiyi üçün yolları dağıtmaq adı altında cərimələnir. Amma yükgötürmə qabiliyyəti tutaq ki, 10 ton olan maşın yolları dağıtmır. Əgər bu yol 7 tona davam gətirmirsə, bəs 10 tona necə davam gətirir?
Yol polislərinin bu əndirabadi reydləri nəticədə tikinti materialların bahalaşmasına gətirib çıxarır. Lakin bu faktı nəzərə alan yoxdur.
Yeri gəlmişkən, bir neçə gün əvvəl Nəqliyyat Nazirliyində avtomobillərlə yükdaşımaların tənzimlənməsinə həsr olunmuş müşavirə keçirilib. Həmin müşavirədə baş nazirin müavini Abid Şərifov, nəqliyyat naziri Ziya Məmmədov, dövlət yol polisi idarəsinin rəisi Ramiz Zeynalov, daxili işlər nazirinin müavini Oruc Zalov və “Azəryolservis” ASC sədri Cavid Qurbanov iştirak edib. Adıçəkilən məmurlar müşavirədə maraqlı fikirlər səsləndiriblər. Məsələn, Abid Şərifov yolların dağılmasını qum, daş, çınqıl daşıyan avtomobillərə normadan artıq yük vurulması ilə izah edib. Və bildirib ki, bəzi karxanaların arxasında ictimai təsir imkanları olan adamlar dayanır. Abid Şərifov bununla əslində fövqəladə hallar naziri Kəmaləddin Heydərovu “vurub”. Çünki Qaradağdakı ən iri karxanalar “fövqəlnazir”ə məxsusdur. Doğrudur, Bəylər Əyyubovun, Zeynəb Xanlarovanın da karxanaları olduğu bildirilir. Lakin uzun müddətdir ki, Abid Şərifovla Kəmaləddin Heydərovun arasında ziddiyyətlər var. Bu ziddiyyətlərin kökü Fövqəladə Hallar Nazirliyinin (FHN) yaradılmasına gedib çıxır. Həm də fövqəladə hallar komissiyasının sədri olan Abid Şərifov FHN-nin rəhbərliyinə gəlmək istəyirdi, lakin niyyəti baş tutmadı.
Ziya Məmmədov da daş karxanalarını ittiham edib. Nəqliyyat nazirinin də Kəmaləddin Heydərovun bostanına daş atdığını söyləmək olar.
Ramiz Zeynalovun çıxışı isə şok effekti yaradıb. Yollarda keçirilən reydlər zamanı çəkilən videolentə baxdıqdan sonra DYPI-nin rəisi deyib: “Gəlin açıq danışaq, baxdığımız videolentdəki maşınların bir hissəsi elə bu zalda oturanlara məxsusdur. Amma heç kimə güzəşt olmayacaq”.
Ramiz Zeynalovun bu fikirlərini daha çox Ziya Məmmədovla Cavid Qurbanova şamil etmək olar. Çünki paytaxtda daha çox tikinti işləri aparan şirkətlərdən biri də “ZQAN Holdinq”dir. Və bu şirkət Ziya Məmmədova məxsusdur. Cavid Qurbanova gəlincə, isə ona məxsus “Texnika A” şirkəti iri yük maşınlarını, ağır texnikanı icarəyə verməklə məşğuldur.
Beləliklə bu müşavirədən də aydın görünür ki, yolları dağıdan əslində oliqarxların özüdür. Bundan ziyan çəkənlər isə gündəlik 5-10 manata işləyən sürücülərdir.

İnformasiya şöbəsi