b.esed2

Əsəd rejimi ordunu Dəraadan çəkdi

Müxalifət isə tələbində israrlıdır: «Bəşər Əsəd dərhal istefa verməlidir»

Suriyada Bəşər Əsəd rejiminə etiraz edənlərə qarşı təzyiqlər və onların həbsi davam edir. Dünən yüzlərlə əsgər paytaxt Dəməşqdəki şəhərətrafı evlərə gecə yarısı basqın edərək, çoxlu sayda vətəndaşı həbs edib. Həbs olunan müxalifət tərəfdarları “dövlətin etibarını zədələməkdə” ittiham olunurlar.
“Reuters” agentliyinin yaydığı məlumata görə, vətəndaşlardan biri əsgərlərin basqınından əvvəl şəhərətrafı qəsəbələrdə bütün rabitə-əlaqə vasitələrinin kəsildiyini, əsgərlərə qarşı hər hansı müqavimət olmadığını söyləyib. Əsəd rejiminin təzyiqlərinə baxmayaraq, müxalif təşkilatlar  hakimiyyətə qarşı etirazların davam edəcəyini bəyan edib.
Başqa bir xəbərə görə, təhlükəsizlik qüvvələri Bəşər Əsəd hakimiyyətinə qarşı etirazların mərkəzinə çevrilən Dəraa vilayətindəki evlərə bir-bir girərək, 40 yaşa qədər bütün kişiləri həbs edib.
Suriya mətbuatının yaydığı məlumata görə, bir müddətdir Dəraaya yerləşdirilmiş hərbi qüvvələrin vilayətdən çıxarılması prosesinə başlanıb. Etirazların başlanmasında sonra bölgəyə göndərilən əlavə qoşun birləşmələri mərhələli qaydada bir neçə gün ərzində Dəraa ərazisindən tamamilə çıxarılacaq.
Xatırladaq ki, hakimiyyətdən siyasi və sosial azadlıqların artırılması tələbilə başlanan aksiyalarda sonradan Bəşər Əsədin istefası gündəmə gətirildi. Hökumət qüvvələrinin etiraz aksiyalarına sərt müdaxiləsi nəticəsində 500-dən artıq etirazçı həlak olub, mindən çox adam yaralanıb. Hüquq müdafiə təşkilatlarının yaydığı məlumatlarda bildirilir ki, Əsəd rejiminə qarşı etirazlar başlanan gündən bu yana 4 minə yaxın insan həbs olunub. Üç min insanın taleyindən isə xəbər yoxdur.

İnformasiya şöbəsi