İlham Əliyevin səfəri qalmaqallı oldu

Sabirabadlılar prezident kortejinin qabağını kəsiblər

İmişliyə isə iki gün ərzində snayperlər nəzarət edib

Dünən aran rayonlarına səfər edən prezident Ilham Əliyev Azərbaycanda ilk dəfə sürprizlə qarşılaşıb. Adətən, Ilham Əliyevin rayonlara səfəri zamanı onunla görüşə xüsusi seçilmiş şəxslər gətirilir, bu adamlar isə prezidentə uzun ömür arzulayır, öz ömürlərindən də müəyyən hissənin kəsilib onun ömrünə əlavə edilməsi istəklərini bildirirlər və bununla da görüşlər bitir.
Amma Sabirabadda bu təcrübəyə xələl gəlib. Belə ki, Ilham Əliyev ötən il seldən zərər çəkmiş Qasımbəyli kəndində ənənəvi görüşünü başa vurub geri qayıdarkən Qasımbəyli və Camallı kəndlərinin sakinləri prezident kortejinin qarşısını kəsərək ona öz şikayətlərini çatdırmaq istəyiblər. Yol kəsildiyinə görə Ilham Əliyev maşından düşərək onlarla görüşməyə, ərizə və şikayətlərini qəbul etməyə məcbur olub.
Sabirabaddan alınan xəbərdə bildirilir ki, protokolda nəzərdə tutulmayan bu olayın qarşısını ala bilmədiyinə görə rayon polis idarəsinin rəisinin cəzalandırılacağı gözlənilir. Amma polis rəisinin heç bir günahının olmadığını da bildirənlər var. Belə ki, rəis bir gün əvvəl Qasımbəyli kəndinə gedərək, adamlara izah edib ki, sabah prezident kəndə gələcək və yerli sakinlərdən bir nəfər də olsun, ortalıqda görünməməlidir.
Görünür, bu gözlənilməz aksiyanı nəzərə alan yerli polis və xüsusi mühafizə dəstəsi prezidentin sonrakı – Imişli səfərində daha diqqətli olub. Imişlidən aldığımız xəbərdə bildirilir ki, Ilham Əliyevin bu rayona səfəri heç bir insident olmadan başa çatıb. Imişlidən A.Əliyev bildirir: “Əslində, Imişlinin rəhbər şəxsləri Ilham Əliyevin rayona səfərilə bağlı xüsusi hazırlıq vəziyyəti yaratmışdılar. Buna fövqəladə vəziyyət də demək olar. Bir gün əvvəldən bütün ”arzuolunmaz” şəxslər tam şəkildə zərərsizləşdirilmişdi. Rayonun büdcə təşkilatlarının bütün əməkdaşları, hətta gecə də işləyərək yolları süpürüblər, divarlara suvaq və rəng yaxıblar. Səfər günü isə orta məktəblərin qapıları bağlanıb və məktəblilərə “azad” deyilənə qədər qapıdan bayıra çıxmamaq əmr edilib. Prezidentin səfərinin təşkil olunması ilə bağlı böyük bir heyət – onların arasında silahlılar da vardı – bir gün əvvəldən rayona gələrək “Azərsun” şirkətinə məxsus oteldə yerləşiblər. Ilham Əliyevin rayon mərkəzi ərazisində nəzərdə tutulan marşrutu boyu tinlərdə və evlərin damında silahlı adamlar yerləşdirilib. “Prezidentlə əhalinin görüşü” adlandırılan tədbirə isə kənardan gətirilmiş adamlarla yanaşı, yerli sakinlər də qatılıb. Amma yerli sakinlər bu tədbirə bir neçə gün əvvəlcədən başlamış xüsusi yoxlamadan keçirilərək pasport əsasında buraxılıblar”.

İnformasiya şöbəsi