Eldar & Nikki bu geyimdə olacaq (VİDEO)

Nigarın libası Aysel Teymurzadənin libasına çox bənzəyir

Azərbaycan “Eurovision-2011” müsabiqəsində ağ rənglə təmsil olunacaq. Müsabiqənin rəsmi internet saytındakı məlumata görə, Eldar və Nigarın yarışmanın keçiriləcəyi səhnədə ikinci məşqi baş tutub. Təmsilçilərimiz məşqə xüsusi olaraq müsabiqə üçün hazırlanmış səhnə geyimlərində çıxıblar. Duet ortaqlarının geyimləri ağ rəngdədir. Eldar ağ kostyum dəstində və ağ köynəkdə olub, Nigar isə ağ libas geyinib.

Təmsilçilərimizin səhnə geyimlərini “Eurovision 2009” təmsilçisimiz Aysel Teymurzadənin səhnə libasını hazırlayan Lar Valliyə həvalə olunduğundan Nigarın libası Aysel Teymurzadənin libasına çox bənzəyir. Sadəcə ondan uzunluğu ilə fərqlənir. Aysel Teymurzadənin libası həddindən artıq qısa idi.

Təmsilçilərimizi səhnədə tək buraxmayan, onları müşayiət edən bek-vokallar Jessika Marberqer, Vera Prada, Liza Ztadel və Osa Enqman da həmin gün səhnəyə ağ geyimdə çıxacaq.

Eldar və Nigarın ikinci məşqini “Eurovision-2011”i işıqlandırmaq üçün Düsseldorfa gəlmiş çoxsaylı mətbuat nümayəndələri izləyib.

Qeyd edək ki, Azərbaycanın 56-cı “Eurovision” təmsilçiləri mayın 10-da keçiriləcək I yarımfinalda 18 nömrə altında çıxış edəcək (ans press).