Bütün gözəlliklərdə Tanrının imzası var


Din və Demokratiya Mərkəzi “Ekologiya və mənəviyyat” mövzusunda tədbir keçirib 

 

 Din və Demokratiya Mərkəzi (DDM) 2011-ci il mayın 6-da 189 saylı orta ümumtəhsil məktəbində “Ekologiya və mənəviyyat” mövzusunda tədbir keçirib. Layihənin rəhbəri, DDM sədri Nəriman Qasımoğlu “Ekologiya və milli-mənəvi dəyərlərimiz” mövzusunda məruzə edib. Məruzəçi bildirib ki, dinimizə görə, yaranmışların gözlə görülməyən ən kiçiyindən gözlə görülməyən ən nəhənginədək kainatda, varlıqlar aləmində hər şey Allaha səcdə edir: “Onların hər birinin üzərində Tanrı imzası var. Rəbbimiz insana tövsiyə edir ki, Onun yaratdığı gözəlliyə, ahəngdarlığa, tarazlığa diqqətlə yanaşaq. Bu ahəngi pozmaq Yer üzünün xəlifəsi seçilən insana yaraşan bir davranış deyil” deyə o bildirib.

O, fikirlərini konkret Quran ayələri ilə əsaslandırıb. Bundan əlavə, N.Qasımoğlu Azərbaycan ədəbiyyatından nümunələr gətirərək ekologiyaya münasibətin bir mənəviyyat məsələsi olduğunu vurğulayıb. Onun fikrincə, istər şifahi, istər yazılı ədəbiyyatımızda insanları cansız təbitətə, bitkilər və heyvanlara sevgi və qayğı ilə yanaşmağa təşviq edilən çoxlu örnəklər var. “İnsan təbiətin bir parçasıdır. Təbiət öz sərvətləri ilə bizi bəsləyir, yaşadır, insanın fiziki və mənəvi qüvvələrini inkişaf etdirir, bizə həyat verir. Amma ədəbiyyatımızda təbiət vəsf edilərkən diqqət onun maddi ehtiyaclarımızı ödəməsinə yox, məhz gözəlliyinə, estetik həzz mənbəyi olmasına çəkilir”, deyə o vurğulayıb. Sonra N.Qasımoğlu “Kitabi-Dədə Qorqud” dastanlarından, Nizami və Füzulidən, müasir ədəbiyyatımızdan nümunələrlə fikrini əsaslandırıb: “Nizami Gəncəviyə görə, təbiətdə heç bir artıq üzv yoxdur, heyvanlar da insanlar kimi cana malikdirlər, onlar yalnız şüur etibarilə bizdən aşağı pillədə dururlar.

Ona görə insanlar heyvanları öz nəfslərınin əmrlərinə görə məhv etməməlidirlər”. Daha sonra Azərbaycan Yaşıllar Hərəkatının rəhbəri Fəridə Hüseynova “Aktual ekoloji problemlər və qarşıda duran vəzifələrimiz” mövzusunda çıxış edərək diqqəti Bakı və Abşerondakı ekoloji vəziyyətə cəlb edib, ekologiya sahəsində gənc nəslin üzərinə düşən vəzifələrdən danışıb. Sonra şagird və müəllimləri maraqlandıran suallar cavablandırılıb.

Tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi “Əhalinin ekoloji şüuru və tərbiyəsinə mənəvi dəyərlərin təsiri mexanizmlərinin yaradılması” layihəsi çərçivəsində gerçəkləşdirilib.