Abid Şərifov Allahın əvəzinə hökm verir?!

Baş nazirin müavini bu il daşqınların olmayacağını deyir

Mehman Əliyev: «Suyun həcmi ötənilki qədər olsa, daşqınlar qaçılmazdır»

 

Ötən il Kür və Araz çayında baş verən daşqınların fəsadları hələ tam aradan qaldırılmayıb. Lakin rəsmilər bir daha belə fəlakətin təkrarlanmayacağını deyir. Baş nazirin müavini Abid Şərifov hətta yağıntıların ötənilkindən iki dəfə artıq olacağı təqdirdə də daşqınların olmayacağına zəmanət verib. Təbiətin hansı gözlənilməz addım atacağı yalnız Allaha bəllidir. Onda baş nazirin müavini yağıntıların nə qədər olacağını, təbiətdə nələrin baş verəcəyini hardan bilə bilər? Ümumiyyətlə, onun bu fikirləri nə dərəcədə əsaslıdır?
“Kür” Vətəndaş Cəmiyyəti Qərargahının üzvü, “Turan” agentliyinin direktoru Mehman Əliyev deyilənlərin heç bir əsası olmadığını deyir. Çünki daşqınların qarşısını almaq üçün işlər yarımçıq və keyfiyyətsiz görülüb: “Salyandan qum gətirib bəndlər vururdular. Şirvan-Sabirabad körpüsü dağılıb. Orda da su qalxır. Artıq birinci bənd yarılıb”.
M.Əliyevin sözlərinə görə, Abid Şərifov bu il dağlardan gələn suyun həcminin az olduğunu bilir və bu səbəbdən də arxayın danışır. Lakin suyun həcmi ötənilki qədər olsa, daşqınlar qaçılmazdır: “2003-cü ildə də belə problem yaranmışdı. Onda da dedilər ki, işlər görülüb, heç nə olmayacaq. O qədər pullar yeyildi getdi. Deltanın təmizlənməsinə, çayın sahillərinin bərkidilməsinə nə qədər pul ayrılmışdı. Ancaq ötən il gördük ki, ondan da betər daşqın oldu. Sabah əgər suyun həcmi ötənilki həcmə qalxsa, daşqın yenə də baş verəcək. Çünki burda əsas rol oynayan deltadır. Deltanın da vəziyyəti pisdir, lazımi səviyyədə təmizlənməyib. Bu da müəyyən fəsadlara gətirib çıxarır. Onların gördüyü işlərə baxıram. Heç bir qarantiya yoxdur. Ona görə də deyilənlər əsassızdır”.

Fizzə