Bu il də 722 milyon manatı yollarımız «yeyəcək»
Samir Əliyev: «Yalnız ciddi nəzarət olduğu halda vəsaitlərin şəffaf xərclənməsini təmin etmək olar»
Büdcədən ən çox vəsait nəqliyyat sektoruna ayrılır. Nəqliyyat naziri Ziya Məmmədov bu il avtomobil yollarına 722 milyon manatın ayrılmasının nəzərdə tutulduğunu deyib. Bu vəsaitin 134,5 milyon manatı artıq birinci rübdə xərclənib. Lakin bu müddət ərzində görülən işlərə baxanda bu qədər vəsaitin xərcləndiyinə şübhə yaranır. Onu da qeyd edək ki, ötən il açıqlanan rəsmi məlumatlardan tikilən yolların bir kilometri üçün 17 milyon manat xərcləndiyi ortaya çıxdı. Baxmayaraq ki, beynəlxalq standarlarda yolun bir kilometri 1-2 milyon dollara başa gəlir.
Eyni yol və körpülərin bir neçə dəfə təmir edilməsi, kiçik layihələrə böyük vəsaitlərin ayrılması onu deməyə əsas verir ki, nəqliyyat sektoruna xərclənən vəsaitlərin böyük hissəsi korrupsiyanın qurbanına çevrilir.
Bu il üçün nəzərdə tutulan vəsaitləri də bu aqibət gözləyəcəkmi?
Iqtisadçı-ekspert Samir Əliyev dövlət büdcəsindən investisiya layihələrinə böyük vəsaitlərin ayrıldığını desə də, onların lazımi səviyyədə xərclənmədiyini qeyd etdi. Bunu ilk növbədə Nəqliyyat Nazirliyinin həyata keçirdiyi layihələrin timsalında göstərmək olar.
Ekspertin fikrincə, bunun əsasən subyektiv səbəbləri var. Çünki, bir qayda olaraq, ölkədə çəkilən yolların qiyməti çox baha olur: “Bunu hava limanı yolunun timsalında görürük. Bu yol dünyada ən baha başa gələn yoldur. Ancaq onun keyfiyyətində bunu görmək olmur”.
S.Əliyevin sözlərinə görə, yol tikintisi infrastrukturu sahəsində mövcud vəziyyət düzgün qiymətləndirilmir. Eyni zamanda peşəkarlıq prinsiplərinə də riayət olunmur: “Əvvəl yollar salınır, sonra məlum olur ki, ordan hər hansı qaz, su, yaxud rabitə xətti keçməlidir. Həmin yollar təzədən qazılır. Bu kimi hallar yeni çəkilmiş yolun qiymətinin dəfələrlə şişməsinə gətirib çıxarır. Çünki bu işlər düzgün planlaşdırılmır. Bu baxımdan şərt o deyil ki, yolların çəkilməsində ayrılan vəsaitlərin həcmi çox olsun. Əsas şərt onların nə dərəcədə səmərəli istifadə olunmasıdır”.
Ekspert hesab edir ki, yol infrastrukturuna ayrılan vəsaitlərin hər qəpiyinin hesabatlılığı təmin olunmalıdır. Vəsaitlərin səmərəli xərclənməsini istəyən hökumət bunun üçün ilk növbədə vətəndaş cəmiyyəti və mətbuatla əməkdaşlıq etməlidir. Yalnız ciddi nəzarət olduğu halda vəsaitlərin şəffaf xərclənməsini təmin etmək olar.
Fizzə