İlham Əliyevə inanın…


Ilham Əliyev Sabirabada doğru irəliləyib və yarımçıq bir yolun açılışında iştirak edib. Hansı zərurətdən doğub bu səfər – onu deyə bilmərəm. Amma onu dəqiq bilirəm ki, dövlət başçısı son bir ildə yarımçıqlıqdan xilas ola bilmir.

Yumurtadan toyuğa keçə bilməmək bir yarımçıqlıq idi, rüşvətxorlardan korrupsionerlərə keçə bilməmək isə başqa. Bir həqiqət isə sarsılmazdır ki, Ilham Əliyev korrupsiyaya qarşı mübarizə kampaniyasının nəticələrini görməyən insanların qarşısına bu nəticələr barədə danışmağa gedib. Buna söz ola bilməz. Heç nəyə və heç kimə, hətta gündəlik həyatınıza da inanmayın. Bircə Ilham Əliyevin çıxışlarına inanın. Çünki, yalnız onun çıxışlarındakı rəqəmlərdə xoşbəxt olmaq, firavan yaşamaq mümkündür. O, nitqini bitirən kimi, həyatın iti caynaqları insanın dərisini göynədir.

Adını çəkmək istəmədiyim dahi deyib ki, diffamasiya haqqında qanun qəbul edilsə, təhqirə yol verən jurnalisti şallaqlamaq lazımdır. Ona görə adını çəkmirəm ki, məni, onun adından istifadə edib məşhurlaşmaq istəyində ittiham edər. Amma mən də o fikirdəyəm ki, elə şallağın hesabına məşhurlaşmaq daha yaxşıdır…

Bu qardaş bir müddət öncə Pərviz Cəbrayılın romanı haqqında demişdi ki, “bəzi kitabları oxuduğuma görə mənə pul ödənilməlidir”. Göründüyü kimi, xeyli dərəcədə ağıllı adamdır. Jurnalisti şallaqlamağa gəlincə, adama deyərlər ki, sən hamını öz dərinlə ölçmə. Bizim dərimiz şallaq üçün deyil, ifrazat, mühafizə üçündür. Allah hərəyə öz dərisindən və dərsindən xeyir versin. Səni bir cür, bizi başqa cür öyrədiblər.

Jurnalistika humanitar peşədir. Informasiya almaq, emal etmək, yaymaq və bunu daim bir norma çərçivəsində həyata keçirmək kimi prinsipləri, tələbləri var. Amma görün buranın da qapıları nə qədər taybatay açıq qalıb ki, bu boyda şallaqpərvər gəlib başa çıxıb.Biz indi orta əsrlər ölkəsində hürufilərin taleyini yaşayırıq. Padşah isə o qədər laqeyddir ki, hərə yaltaqlanmağın bir formasını gəzir. Məncə belə təklif daha yaxşı olardı: “Öldürülməsin, həbs edilməsin, amma hər səhvə görə kürəyindən bir barmaq dəri soyulub, yerinə duz səpilsin”.

Məncə, yeganə iş axmaqlıqdır ki, sərhəd tanımır.YAP Siyasi Şurasının üzvü, deputat Məlahət Ibrahimqızı Cabbar Savalanlıdan danışıb. Amma o, Rəbiyyət Aslanova kimi deməyib ki, Cabbar narkoman olduğu üçün damlanıb. Həqiqəti deyib. Məlahət xanım bildirib ki, bütün günahlar Əli Kərimlidədir. O, gəncləri aksiyalara vadar etməsə, indi həmin gənclər həbsdə yox, universitetlərdə olardılar. Düz deyir. Biz də elə onu deyirdik ki, Cabbar Savalanlı kütləvi aksiyalarda, sosial şəbəkələrdə fəallığına görə həbs edilib. Amma hakimiyyət nümayəndələri bunu qəbul etmirdilər. Sağ olsun, Məlahət xanım səmimi şəkildə hər şeyi açıqlayıb.

Həmişə belə olub və olacaq. Yalançının, zorbanın dili nə zamansa dolaşıb həqiqəti dedizdirir. Indi hamı bildi ki, Cabbarın həbsi Ilham Əliyevin Əli Kərimlidən qisas almaq istəyinin nəticəsidir. Nifrət o qədər böyükdür ki, məkri gizləməyə də mane olur. Nifrət insanın özünü məhv edən hissdir. Hakimiyyət artıq özünü məhv edəcək qədər nifrətlə dolub. Bu bir sondur. Hər son isə bir başlanğıcdır.