Azərbaycanın buna imkanı olsa da resurslardan rasional istifadə edilmir
Məhəmməd Talıblı: «Parlamentdə fərqli düşərgənin təmsilçiləri olmadığından, əmanətləri batmış insanların hüquqlarını qoruyan yoxdur»
Azərbaycanda SSRI dövründən qalan bank əmanətlərinin qaytarılması problemi hələ də çözülməyib. Baxmayaraq ki, Azərbaycan keçmiş postsovet məkanında bu əmanətləri qaytarılmasına başlamayan yeganə dövlətdir. Iqtisadi inkişafına görə Azərbaycandan geri qaldığı bəyan olunan Ermənistanda belə bu prosesə start verilsə də, regionun “lider” ölkəsi nədənsə bu istiqamətdə susur. Ötən gün maliyyə nazirinin müavini Azər Bayramovun açıqlamasından da belə anlaşıldı ki, hökumət əmanətləri qaytarmağa tələsmir. Nazir müavininin sözlərinə görə, bundan başqa əmanətlərin qaytarılması üçün müvafiq qanunun olmaması vəsaitlərin qaytarılmasında problemlərdən biridir. Hələliksə, köhnə əmanətlərin nə vaxt qaytarılacağı məlum deyil. A.Bayramov əmanətlərin 2015-ci ilə qədər qaytarılıb-qaytarılmayacağını da dəqiqləşdirməyib.
Iqtisadi Innovasiya Mərkəzinin rəhbəri Məhəmməd Talıblının sözlərinə görə, hökumətin davranışı əmanətlərin yaxın zamanlarda qaytarılacağı ilə bağlı ümidlərin üstündən xətt çəkir. Bu mövzunun vaxtaşırı müzakirəyə çıxarıldığını deyən M.Talıblı bildirdi ki, bir qayda olaraq büdcəyə yenidən baxıldığı, neftin qiyməti qalxdığı zaman bu məsələ müzakirəyə çıxarılır. M.Talıblı da hesab edir ki, yaxın illərdə əmanətlərin qaytarılması ilə bağlı konkret addımlar atılmayacaq: “Hakimiyyət əmanətlərin qaytarılması istiqamətində konkret addımlar atmır. Bütün postsovet respublikalarında əmanətlərin qaytarılması həll olunsa da, Azərbaycanda irəliləyiş yoxdur. Strateji valyuta ehtiyatları on milyardlarla ölçülən dövlətin təbii ki, bu vəsaiti qaytarmaq imkanı var. Burada söhbət 900 milyon vəsaitdən gedir. Amma bu vəsaitin birdən-birə ödənilməsi də ölkədə inflyasiya təhlükəsi doğura bilər. Amma bu vəsait hər il hissə-hissə daha vacib sosial qruplara verilə bilər”.
Azərbaycanın çox böyük maliyyə imkanları olduğunu bir daha vurğulayan M.Talıblı vurğuladı ki, sadəcə olaraq parlamentdə fərqli düşərgənin təmsilçilərinin olmaması üzündən, əmanətləri batmış insanların hüquqlarını qoruyan yoxdur. Ona görə də Milli Məclisdə əmanətlərin qaytarılması ilə bağlı məsələlər səthi xarakter daşıyır: “Azərbaycanın dövlət başçısı dəfələrlə söyləyib ki, Azərbaycana xaricdən maliyyənin cəlb olunmasına ehtiyac yoxdur. Amma əmanətlərin qaytarılması onu göstərir ki, vəsaitin olması başqa, ondan rasional istifadə olunması da başqa məsələdir. Ona görə yaxın illərdə Azərbaycanda əmanətlərin qaytarılması perspektivi tamamilə görünmür”.
Hökumətin əmanətlərin qaytarılması üçün müvafiq qanunun və yetərli informasiya bazasının olmaması ilə bağlı gətirdiyi səbəblərin əsassız olduğunu deyən M.Talıblı bildirdi ki, başlıcası bu əmanətlərin qaytarılması istiqamətində müvafiq qərarın olmasıdır.
Xəyal