Təzəxan Mirələmliyə qarşı yeni təxribat

Cəlilabad təhsil şöbəsi AXCP funksionerinə qarşı bütün çirkin vasitələri işə salıb

 

AXCP Cəlilabad şöbəsinin sədri Təzəxan Mirələmliyə qarşı yeni bir təxribat hazırlanıb. Bu barədə qəzetimizə T.Mirələmli özü məlumat verib. Onun sözlərinə görə, Cəlilabad təhsil şöbəsinin müdiri Ədalət Əsgərov 30 nəfərin imzasıyla akt tərtib etdirib. Akta əsasən T.Mirələmlinin yaşadığı Fərzili kəndinə girə bilməsinə qadağa qoyulur. Bu sənədin hansı əsasla hazırlandığı və hüquqi qüvvəsinin olub-olmadığı barədə heç bir məlumat yoxdur: “600 nəfər əhalisi olan kənddən 30 nəfər tapıb onları bu akta imza atdırıblar. Olduqca absurd bir şeydir. Necə ola bilər ki, məni yaşadığım kəndə buraxmasınlar? Bu qədər gülünc bir şeyə əl atacaqlarını düşünmürdüm”.
T.Mirələmlinin sözlərinə görə, onunla bağlı baş verən məlum olaylardan sonra dərs dediyi Fərzili kənd məktəbində bir neçə direktor dəyişib. T.Mirələmli istisna etmir ki, sonuncu direktor Maya Kərimova ona qarşı təxribatda iştirak etmədiyi  üçün güdaza gedib. Rayon təhsil şöbəsi M.Kərimovaya jurnalları T.Mirələmlidən gizlətmək, polisə müraciət edərək onun məktəbdə müəllimləri təhqir etdiyini deməyi tapşırmışdı. M.Kərimova isə “işimdən gedərəm, amma bu haqsızlığa qol qoymaram” deyərək bundan imtina etmişdi.
Həmçinin qeyd etmişdi ki, Ədalət Əsgərov onun yanında rayon Icra Hakimiyyətindən kiminləsə telefonla söhbət edib və onlar da Təzəxan Mirələmli barədə “tədbir” görülməsi üçün rayon prokurorluğuna müvafiq göstərişlərin veriləcəyini bildiriblər.