Terrorizm və despotizm

Bin Laden öldürüldü. Vaxtilə ona qarşı mübarizəyə Əliyevçi hakimiyyət də qoşulmuşdu. Əlbəttə, keflərindən yox. Qərbin xoşuna gəlmək, özünü ABŞ-a şirin göstərmək üçün.

Odur-budur, Azərbaycan hakimiyyəti Əfqanıstanda “terrora qarşı mübarizəsi” ilə alver edir. Amma nədənsə unudulur ki, Əfqanıstanda, Allah qoymasa, terrorla mübarizə aparan bu hakimiyyət Azərbaycanın özündə Elmar Hüseynovu terror edənlərin yerini tapmış Eynulla Fətullayevi həbsə atıb. Absurdu görürsünüzmü? Məntiqsizliyi görürsünüzmü?

Bəli, bu rejimin antiterror mübarizəsi də antikorrupsiya mübarizəsi qədər saxta, səmimiyyətdən uzaqdır. Bunlar necə ki, korrupsiyayla əsl mübarizə apara bilməzlər, çünki belədə oturduqları budağı kəsmiş olarlar, eləcə də terrorla mübarizə apara bilməzlər, çünki belədə də yedikləri qaba tüpürmüş olurlar.

18 ildir bu ölkədə mənəvi-fiziki terror yaşanır. Danışan dillər qıfıllanır. Yazan əllər qandallanır. Düşünən başlar qoparılır. Görən gözlər çıxarılır. Fərqli fikirləşən insanlar şərlənir, sürgün edilir. Müxalifətçilik – işsizliyin, ac qalmağın sinoniminə çevrilir. Bunları da “Taliban” etmir ki? Bunları da “əl-Qaidə” planlaşdırmır ki?

Terror yalnız bombalı maşını hansısa ticarət mərkəzinə sürmək deyil ki… Hansısa ticarətçini “taksa”ya hesaba oturtmaq da terrordur.

Terror yalnız insanların gur toplaşdığı yerləri partlatmaq deyil ki… Insanları ümumiyyətlə, toplaşmağa qoymamaq da terrordur.

Terror yalnız silahla, qumbaralarla insanların qanını tökmək deyil ki… Insanların qanını korrupsiyayla, rüşvətlə sormaq da terrordur.

Ona görə də Azərbaycandakı rejimin özünü “terrorun düşməni” kimi göstərməsi qədər komik heç nə ola bilməz. Adamdan soruşarlar: Qərbin terrorla mübarizəsinə dəstək verirsən, bəs Qərbin demokratiyanı yaymaq planına qarşı niyə çıxırsan? Bin Ladenin terror dəstəsini zərərsizləşdirmək üçün Qərbə dəstək verirsən, bəs Qərbin arxasından təpik vurduğu bir diktatorun – Mübarəkin heykəlini niyə hələ də göz bəbəyi kimi qoruyursan? Terrorizm pisdir, amma despotizm yaxşıdırmı?

Əlbəttə, yox. Terrorizm və despotizm – onlar bir almanın yarısıdırlar. Bir medalın iki üzüdürlər. Despotizm həmişə terrorizmə yol açır. Insanlar öz istəklərini özgürcə ifadə edə bilməyəndə, öz iddialarını azadca gerçəkləşdirə bilməyəndə, səslərinin boğulduğunu görəndə, haqlarının əlindən alındığını, hüquqlarının çeynəndiyini görəndə çarəsiz qalır və şiddətə, zora əl atırlar. Indi özünüz fikirləşin: millətin iradəsi üzərinə iradə qoymuş, vətəndaşlarının mal və can güvənliyini əlindən almış, onlara öz arzularını həyata keçirmək üçün heç bir hüquqi yol buraxmamış Əliyevçi hakimiyyət həm də necə terrorla mübarizə apara bilər? Madam terrora qarşısan, onda niyə çalışırsan ki, insanlar öz istəklərini həyata keçirmək, öz iddialarını gerçəkləşdirmək üçün zora əl atsınlar, şiddətə baş vursunlar?

Baxın, ölkədə ən xırda məişət mübahisəsi üzündən necə dəhşətli faciələr yaşanır. Nə üçün? Çünki Əliyevçi rejim adamların məhkəmələrə olan inamını öldürüb. Ədalət mühakiməsinə olan etibarını sarsıdıb. Artıq heç kim hansısa mübahisəni qanunun deyil, pulun hakim olduğu məhkəmələrdə həll etmək istəmir. Çünki orada aradığı haqqı bulacağına ümidi yoxdur. Bircə əlacı qalır: mübahisəsini qol gücünə, zor gücünə çözmək.

Azərbaycanı bu qədər dəhşətli yerlərə gətirib çıxaran bir zehniyyətin indi özünü “terrorizmin düşməni” kimi qələmə verməsi qədər komik nə ola bilər? Sən hüququn, ədalətin, azadlıqların dostu deyilsənsə, necə “terrorizmin düşməni” ola bilərsən?

Məgər ən qəddar terrorçuların hüququn kökündən qaşındığı, ədalətsizliyin at oynatdığı, azadlıqların olmadığı ölkələrdən peyda olması bu hakimiyyətə heç nə demirmi? Terrorizmin əslində despotizmdən su içdiyini göstərmirmi?

Terrorizmə qarşı əsl mübarizə insanların hüquq və azadlıqlarına hörmət göstərmək, sayğı duymaqdır. Bunu bacarmırsansa, gerisi artıq əfsanədir, fiksiyadır, filfilodur.