«WikiLeaks» Azərbaycanın müstəqil siyasəti haqda deyilənləri alt-üst etdi»
Rusiyanın nüfuzlu və ən tirajlı mətbu orqanı olan “Komsomolskaya pravda” qəzetində Azərbaycan hakimiyyətinin ifşa olunmasıyla bağlı məqalə dərc olunub. ABŞ diplomatlarına aid məxfi yazışmaları açıqlayan “WikiLeaks” saytının Azərbaycanla bağlı yayımladığı gizli sənədlərdə göstərilənlər bu məqalədə şərh olunur.“Ötən ilin sonlarına yaxın ABŞ-da Julian Assanc adlı ictimai fəalın qurduğu ”WikiLeaks” saytı dünya diplomatiyasında zəlzələ yaratdı. Sayt dünyanın müxtəlif ölkələrində çalışan amerikalı diplomatların Vaşinqtona göndərdiyi “məxfi” və “tam məxfi” şriftli gizli yazışmaları açıqladı. Həmin yazışmalar dünyada yeni bir dönəmin – “Şəffaf Dünya” dönəminin əsasını qoydu. Yazışmaların açıqlanmasından sonra bir çox dövlətlər, əsasən də avtoritar idarəçiliyin hökm sürdüyü ölkələr rəsmi Vaşinqtonu hədəf aldı. Çünki gizli məktublar daha çox məhz həmin avtoritar rəhbərlərin gerçək simasını, onların illər boyu qanunsuz yollarla əldə etdikləri varidatları, törətdikləri cinayətləri bütün çılpaqlıqları ilə ortaya çıxardı.
“WikiLeaks”in açıqladığı məxfi yazışmalar Azərbaycan rəhbəri Ilham Əliyevin “Azərbaycan müstəqil siyasət yürüdür və bu bəzi qüvvələrin maraqlarına uyğun deyil” kimi bəyanatlarının qeyri-səmimiliyini ortaya çıxardı. ABŞ-ın Azərbaycanda səfiri olmuş Enn Dersi Vaşinqtona ünvanladığı 30 iyun 2009-cu il tarixli məxfi məktubunda Ilham Əliyev hakimiyyətini ifşa edir. Diplomat qeyd edir ki, Azərbaycan rəhbəri və xanımı ilə 1 saatdan artıq gərgin keçən görüşdə Ilham Əliyev Vaşinqtonun Bakıya olan münasibətindən şikayətlənir: “Azərbaycan rəhbəri onun Amerikaya olan sevgisinə layiqli cavab verilmədiyini söylədi. O bildirdi ki, Bakı Vaşinqtona daha çox yaxınlaşmaq istədiyi halda, mütəmadi olaraq rədd cavabı alır”.
Enn Dersinin qeydlərinə nəzər saldıqda “Ilham Əliyevin ölkə ictimaiyyətinə müstəqil və balanslaşdırılmış xarici siyasət barədə dediklərinin gerçəklikdən çox uzaq olduğu görünür”, – deyə “Komsomolskaya pravda” yazır.
Məqalə müəllifi başqa bir maraqlı məqama da diqqət çəkir. Yazır ki, Azərbaycan hakimiyyəti Türkiyə-Ermənistan yaxınlaşmasından ciddi narahatlıq keçirir: “Ilham Əliyev Sankt-Peterburq sammitindən qayıtdıqdan sonra ABŞ səfirini təcili olaraq görüşə çağırır. Həmin görüş zamanı Ermənistan-Türkiyə münasibətlərinin diplomatik yolla qaydaya salınması məsələsi müzakirə olunur. Ilham Əliyev Türkiyə-Ermənistan yaxınlaşmasının Azərbaycan-Türkiyə və ABŞ-Azərbaycan gərginliyinin yaranmasına səbəb ola biləcəyini diplomatın diqqətinə çatdırır, Vaşinqtonun Azərbaycanla bağlı siyasətinə yenidən baxılmasını xahiş edir”.Bundan başqa, Enn Dersi məxfi yazışmasında onu da qeyd edib ki, Ilham Əliyev onunla görüşdə üsyankar tərzdə, ABŞ-ın Azərbaycan hakimiyyətinə soyuq münasibət göstərməsindən şikayətlənib. Bu məqam da “Komsomolskaya Pravda”nın məqaləsində öz əksini tapıb: “Əliyev mənimlə söhbətində Azərbaycanın ABŞ-la dost ölkə olduğunu söylədi. Hər iki ölkənin maraqlarının yenidən nəzərdən keçirilməli olduğunu bildirdi. Ilham Əliyev qeyd etdi ki, ABŞ rəhbərliyi Azərbaycanla strateji müttəfiqliyə dair bəyanatları səsləndirir. Lakin Azərbaycan hakimiyyəti bu bəyanatların reallıqdan uzaq olmasından ciddi narahatlıq keçirir”.Diplomat məktubunda Ilham Əliyevin daxili siyasətdə ABŞ-ın göstərdiyi mövqeyinə də öz iradlarını bildirdiyini yazıb: “Mən Azərbaycanın avroatlantik məkana inteqrasiyasında maraqlıyam. Lakin ABŞ bu istəklərimizə dırnaqarası yanaşır”. Insan haqları və demokratiya ilə bağlı sərt hesabatların Azərbaycana ünvanlanması da Ilham Əliyevin narazılığına səbəb olub. Enn Dersi isə cavabında bildirir ki, Vaşinqton yalnız Azərbaycanda deyil, bütün dünyada demokratiyanı dəstəkləyir”.
“WikiLeaks” sənədləri əslində, Azərbaycan kimi varlı ölkələrin müstəqil mövqe sərgilədiklərinə dair illüziyaları alt-üst etdi. Bunları bilmək həmin ölkələrə rəhbərlik edənlər üçün çox üzücüdür”, – deyə “Komsomolskaya pravda” vurğulayır.
Informasiya şöbəsi