Ərdoğana sui-qəsd (FOTOLAR/VİDEO)

Ölən və yaralananlar var; baş naziri təsadüf xilas edib 

 

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Kastamonu vilayətində keçirilən mitinqdə iştirak etdikdən sonra onu müşayiət və mühafizə edən maşın konvoyu Ankaraya qayıdarkən terrorçuların hücumuna məruz qalıb. Naməlum yaraqlıların hücumu zamanı konvoyu müşayiət edən polislərdən ibarət qrupa silahlı hücum nəticəsində 1 polis əməkdaşı həlak olub, ikisi isə yaralanıb.

Yayılan məlumatlara görə, baş nazirin mühafizə xidmətinə aid polis qrupuna Ilgaz dağı ətrafında pusqu qurulub. Ərdoğanı Kastamonu mitinqində qoruyan polis qrupu Çankırı yolunda avtomatlardan atəşə tutulub. Polislərə əl qumbarası atılıb. Bir müddət polis və baş nazirin mühafizəçilərilə terrorçular arasında silahlı qarşıdurma davam edib.

Hücumdan sonra yanmağa başlayan polis avtobusu söndürülüb. Polislər meşə yollarında terrorçuların axtarışına başlayıb. Aktı həyata keçirən terrorçuların 4-6 nəfərdən ibarət qrup olduğu güman edilir. Olaydan sonra bölgədə təhlükəsizlik tədbirləri gücləndirilib. Bütün maşınlar yoxlanılır. Əraziyə yaxın evlər, meşə massivi nəzarətə götürülüb.

Terror aktının hədəfinin baş nazirin özü olduğu haqda xəbərlər yayılıb. Ərdoğan Kastamonudan helikopterlə Amasiyaya gedib və bu səbəbdən maşın karvanında olmayıb. Hökumət başçısına qarşı sui-qəsd aktını TIKKO qruplaşmasının yardımı ilə PKK-çıların həyata keçirdiyi bildirilib.
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Amasiya səfəri zamanı baş vermiş hadisəyə münasibət bildirib. Onun sözlərinə görə, bu hadisə Türkiyənin bütünlüyünə, sabitliyinə demokratiya yolunda irəliləməsinə əngəl olmaq istəyən qüvvələrin ssenarilərindən biridir: “Bu namərd əllər, demokratiya mübarizəsinə inanmayan, qaranlıq zehniyyətli terrorçular bizi doğru sandığımız yoldan döndərməyə çalışırlar. Ancaq yanıldıqlarını anlamırlar. Bunu xüsusilə bilmələrini istəyirik: biz bu yola mərhum Menderesin ifadə etdiyi kimi, ”kəfənimizi geyərək çıxmışıq”. Istəyirik ki, bu vətən torpaqlarında fitnə-fəsad olmasın”.

İnformasiya şöbəsi