İranda daxili çalxalanmalar başlayır

«İnqilab keşikçiləri» liberal müxalifətlə birləşir; Əhmədinejadın və dini lider Əli Xameneyinin hakimiyyəti sona çatır

Son vaxtlar Iranda siyasi gərginlik özünün ən pik həddinə çatıb. Parlamentdə prezident Əhmədinejada qarşı impiçment məsələsi gündəmdədir. Əhmədinejad özü isə bir həftədən çoxdur ki, gözə dəymir və bu, bəzi şübhələrə əsas yaradıb. Xəbərlərə görə, hələ ötən ildən prezidentlə ölkənin ali dini rəhbəri Əli Xameneyi arasında bir sıra məsələlərdə fikir ayrılığı olub. Deyilənlərə inansaq, Iranın indiki dövlət başçısının bəzi siyasi şıltaqlıqlarına artıq dözmək fikrinin olmadığını bildirən Xameneyi, onunla yolları ayırmaq qərarına gəlib. Nüvə silahı əldə etmək niyyətini heç vaxt gizlətməyən, Iranda köklü hakimiyyət dəyişikliklərində maraqlı olan Qərb dövlətlərinin bu ölkədə cərəyan edən ictimai-siyasi hadisələrə həssas olduğu məlumdur. Bu narahatlığı bölüşən Fransanın tanınmış “Le Figaro” qəzeti bugünlərdə Iranın siyasi həyatında baş verən son hadisələrə işıq tutub.
“Ərəb dünyasındakı təlatümlərin indiki qızğın çağında Iran son dərəcə sakit, daha doğrusu hərəkətsiz təsiri bağışlayır, halbuki ənənəvi Iran metafizikasına uyğun olaraq zahiri cəhət həmişə dərin əsasları olan reallıqlarla ziddiyyət təşkil edib. Demokratik qüvvələrin bu təmkinliyi o deməkdir ki, idarə edən azlığın hələ vaxtı var ki, hər ehtimala qarşı yaxşıca düşünüb vəziyyəti bir daha qiymətləndirə bilsin”, – deyə qəzetin icmalçısı Aleksandr Adler qeyd edir.
Müəllif ehtimal edir ki, məhz bu götür-qoy rejimin daxilində ikitirəlik üçün zəmin yaradır. “Dini lider Əli Xameneyi 2009-cu ildə saxtalaşdırılan prezident seçkilərindən bəri hazırkı prezident Əhmədinejadın hakimiyyətinin möhkəmlənməsində rol alan əsas dayaqlardan biri kimi, ilahiyyatçılar arasında nüfuzunu və özünün birləşdirici rolunu itirməkdədir. Bəhreyndə və Liviyada baş verənlər şiəliyin mərkəzini ”Iraq qardaşları”nın lideri Əli əs-Sistani tərəfə yerindən oynadıb. Qeyd edək ki, doğma Iranda güclü təsirini qoruyub saxlayan əs-Sistani dini lider Xameneyinin arxalandığı “Xomeyni dini-siyasi doktrinası”nın hegomoniyasını sərt tənqid edir.

Pasdaran da Xameneyini devirmək istəyir

Prezident Əhmədinejad isə siyasi baxımdan heç də ürəkaçan durumda deyil. Suriyada baş verən hadisələrin ciddiliyi və Iraq hakimiyyətinin manevrləri başqa cür yanaşmanı diktə edir: Iran üçün strateji əhəmiyyət kəsb edən Bəşər Əsəd rejimini qorumaq üçün mütləq Türkiyə və Səudiyyə Ərəbistanı ilə danışıqları bərpa etmək lazımdır. Görünən odur ki, Iraqın şiə iyerarxiyası amerikanları ölkələrindən elə bir nəzakətlə qovmağa çalışır ki, Vaşinqtonla əlaqələr qırılmasın, çünki ölkənin şimalında sünni üsyanlarının başlayacağından ehtiyatlanır. “Bütün bu səbəblər və eyni zamanda BMT-nin çox zərərli sanksiyaları ilə əlaqədar olaraq Əhmədinejad hər gün nüfuzunu daha da itirməkdədir. Maraqlıdır ki, o, eyni vaxtda Xameneyi ilə əlaqəni qırır və siyasi səhnədən çıxarılıb ”zibilliyə atılmış” mollalardan, bütün müsəlman fundamentalistlərinin vahid cəbhəsini yaratmaq naminə, hətta şiəliyin ilahi mahiyyətindən yararlanmaqla, hansısa siyasi-hərbi diktaturaya rəhbərlik etməyi planlaşdırır”, – deyə Adler vurğulayır.
Ancaq “inqilab keşikçiləri”, görünür, prezidentin və dini liderin bir-birilə davam edən qarşıdurmasını və ardıcıl olmayan strategiyasını daha az dəstəkləmək niyyətindədirlər. Iranda çox böyük nüfuzu olan Pasdaran isə, sadəcə Islam inqilabının iki ən möhkəm dayağını sıradan çıxarmaqla hakimiyyəti ələ keçirməyi arzulayır. Adlerin fikrincə, hərbçilərin partiyası, hətta liberal mövqeyi ilə seçilən müxalifətlə də danışıqlara gedə bilər. “Yuxarıda deyilənlərdən çıxan nəticə budur ki, istənilən ssenari mümkündür: repressiyaların aktivləşməsindən tutmuş yeni koalisiyanın qansız-qadasız qələbəsinədək. Ancaq bu gün heç vaxt olmadığı qədər nüvə məsələsində Qərblə, Israillə və Səudiyyə Ərəbistanı ilə barışıqla; Iraqdakı radikal sünnilərlə və Fars körfəzi ölkələri ilə isə, ən azı kompromislə nəticələnən strateji qərar qəbul etmək ehtiyacı yaranıb. Bir sözlə, bu, inqilabsız inqilab ola bilər”, – deyə bu variantı “gözəl arzu” adlandıran müəllif qeyd edib.

Hazırladı: Rəşad B.Öz