Oğlunun ölümü Liviya diktatorunu daha da qəzəbləndirib
Liviyada Müəmmər Qəzzafiyə bağlı silahlılarla üsyançılar arasında silahlı qarşıdurmalar davam edir. Ötən gün diktatorun əmrindəki silahlılar Liviyanın üçüncü böyük şəhəri, müxalifət qüvvələrin nəzarətindəki Misrataya hücum ediblər. Qəzzafi əsgərlərinin quru və hava hücumu zamanı 5 nəfər həlak olub, onlarla yaralının olduğu bildirilir.
Üsyançıların təmsilçisi Camal Səlim Qəzzafi qüvvələrinin hava hücumu zamanı dinc sakinlərin və bölgədən evakuasiya olunacağını gözləyən xarici ölkə vətəndaşların da hədəf alındığını söyləyib. Onun sözlərinə görə, hücumun əsas hədəflərindən biri Misrata şəhərin əsas yaşayış və sənaye bölgəsi Qəsr Əhməd olub.
NATO-ya aid gəmilər ərazidəki minaları təmizləmə fəaliyyətini davam etdirir, qırıcılar isə Müəmmər Qəzzafi qüvvələrinə aid hədəfləri bombalayıb. Zintana şəhərinə hücumlarını davam etdirən diktatorun əsgərləri ötən gecə ərazində şəhərə 40-dan çox raket atıb.
Türkiyənin baş naziri Rəcəb Təyyub Ərdoğanın Müəmmər Qəzzafinin hakimiyyətdən getməli olduğuna dair bəyanatını təkrarlamasına Liviya rejimindən cavab gəlib. Liviyanın xarici işlər nazirinin müavini Xalid Qaim Ərdoğanın açıqlamasına münasibət bildirərəkən ölkədəki problemlərlə bağlı qərarın Türkiyənin işi olmadığını söyləyib:“Liviya ilə bağlı qərarı liviyalılar verəcək. Başqa dövlətin nə söyləməsi önəmli deyil”.
ABŞ Dövlət Departamentinin sözçüsü Mark Toner keçirdiyi mətbuat konfransında Türkiyənin Tripolidəki səfirliyinin ABŞ-ın diplomatik maraqlarını təmsil etdiyini söyləyib.
Bu arada BMT-nin Liviya üzrə xüsusi nümayəndəsi Əbdül İlah əl-Xətib Təhlükəsizlik Şurasında çıxışı zamanı Liviya hökuməti və üsyaçıların yaratdığı Milli Keçid Şurasının mövqeyini açıqlayıb. Əl-Xətib bildirib ki, Liviya hökuməti və müxalifəti ölkədə atəşkəsin əldə olunmasının vacibliyi ilə razılaşsa da, tərəflər arasında onun şərtləri ilə bağlı fikir ayrılıqları qalmaqdadır. Onun sözlərin görə, Qəzzafi rejimi istənilən sülh razılaşmasının NATO-nun hücumlarına son qoyulması ilə müşayiət olunmasını istəyir. Təmsilçi Liviyada atəşkəsin bərpa olunacağının mümkünsüzlüyünü də istisna etmədiyini bildirib.
Beynəlxalq Cəza Məhkəməsinin ittihamçısı Luis Moreno kampo Liviya diktatoru Müəmmər Qəzzafiyə sadiq əsgərlərin insanlığa qarşı cinayətdə günahlandırılacaq qədər sübutların olduğunu söyləyib. Prokuror yayımladığı hesabatda cinayət, qanunsuz həbs, işgəncə və fiziki-psixoloji təzyiqlərin ittiham aktına daxil edilə biləcəyini bildirib.
Okampo yaxın günlərdə Qəzzafi və əmrindəki şəxslərin həbs olunması haqda orderin verilməsi üçün məhkəməyə müraciət edəcəyini vurğulayıb. Həbs qərarının konkret kimlər haqqında çıxarılacağı barədə məlumat isə hələ ki verilməyib.
İnformasiya şöbəsi