Prokuror Cabbar Savalanlıya 3 il iş istədi

AXCP fəalına qarşı ittihamın siyasi sifariş olduğu ifşa edildi

 

 

Sumqayıt şəhər məhkəməsində hakim Ilqar Məmmədovun sədrliyilə AXCP Gənclər Təşkilatının üzvü Cabbar Savalanlının barəsindəki cinayət işinə baxılır. Narkotiklə şərlənərək həbs olunan gənc fəalın işi üzdə dünən növbəti məhkəmə iclası keçirilib.

Məhkəmədə “dezinfeksiya”

Əvvəlki məhkəmə iclasında olduğu kimi, dünən də prosesin kiçik zalda keçirilməsi problem yaradıb. Çünki məhkəmə prosesini izləməyə gələnlərə bu imkan yaradılmayıb. Məhkəmə iclası keçirilən zalda cəmi 25 yer vardı ki, onun da 5-ni naməlum şəxslər tutmuşdu. Cabbar Savalanlının anası və dayısı, eləcə də vəkili Əsabəli Mustafayev hakimdən prosesin daha geniş zalda keçirilməsini tələb etdilər.
Gənc fəalın anası Təravət xanım bildirdi ki, Cabbarın elə yaxın qohumlarının sayı 25 nəfərdi, onların prosesi izləməsinə hakim normal şərait yaratmalıdır. Hakim isə bildirdi ki, məhkəmə otaqlarının hamısı dezinfeksiya edilib, indikindən savayı yer yoxdur.
Məhkəmə iclas katibinin özbaşınalığı
Bundan başqa, proses başlamazdan əvvəl zala toplaşanlar məhkəmə iclas katibi Sədaqət Ismayılovanın qeyri-etik və kobud rəftarıyla üzləşdilər. Katib sanki küçədəymiş kimi qışqırır, prosesi izləmək üçün gələnlərə hörmət qoymadan onlara qarşı kobudluq edirdi. Hüquq müdafiəçiləri, jurnalistlər ona evində yox, dövlət obyektində olduğunu xatırladanda isə Ismayılova daha da kobud ritorikaya keçdi. Onun belə davranışı xüsusən prosesi izləməyə gəlmiş beynəlxalq təşkilatların və səfirliklərin əcnəbi ətmsilçilərində heyrət yaratmışdı.

Mediaya qadağa

Hakim Ilqar Məmmədov bu dəfə də media media nümayəndələrinin fəaliyyətini məhdudlaşdırdı. “Azadlıq” qəzetinin və digər KIV nümayəndələrinin foto və video çəkiliş üçün etdiyi müraciəti hakim rədd etdi. O bu addımını belə əsaslandırdı: “Ötən proseslərdə gizli çəkilişlər olub, buna görə də mən çəkilişə icazə vermirəm”.
Xatırladaq ki, bu günə qədər keçirilən heç bir məhkəmə iclasında hakim çəkilişə icazə verməyib.

Polis məhkəməyə müdaxilə edir

Məhkəmənin qarşısına bu dəfə də çoxlu sayda polis cəlb olunmuşdu. Onlara Sumqayıt Şəhər Polis Idarəsinin rəis müavini Azər Cahangirov rəhbərlik edirdi. Polislər məhkəməni izləməyə gələnlərin zala daxil olmasına maneçilik törədirdi. Azər Cahangirov hətta məhkəmə zalına da müdaxilə edərək, prosesi izləməyə gələnlərdən bəzilərini zaldan çıxardı.
Qeyd edək ki, Azər Cahangirov Cabbar Savalanlının işində adı keçən əsas adamlardan biridir. Cabbar Savalanlının narkotiklə şərlənməsinə görə əsas ittiham və şübhələr də ona yönəlib.
Əli Kərimli: “Gəldim ki, Cabbara dəstəyimi bildirim”
Prosesi izləmək üçün Sumqayıt şəhər məhkəməsinə bu dəfə də çoxsaylı gənclər (NIDA, “Azad Gənclik” təşkilatları, AXCP və Müsavat partiyalarının üzvləri), siyasi xadim Eldar Namazov, hüquq müdafiəçiləri Səadət Bənənyarlı, Novella Cəfəroğlu, Səidə Qocamanlı, hüquqşünaslar Intiqam Əliyev, Ənnağı Hacıbəyli, ABŞ səfirliyinin və ATƏT-in müşahidəçiləri gəlmişdi.
AXCP sədri Əli Kərimli də partiya funksionerlərilə birlikdə məhkəmədə iştirak edirdi. “Bura gəlmək mənim həm partiya sədri, həm də insan kimi borcum idi. Gəldim ki, Cabbar Savalanlıya dəstəyini bildirim. Ona qarşı ədalətsizlik olub. Bu məhkəmə prosesi siyasi sifarişin nəticəsidir”, – deyə Əli Kərimli bildirib.
AXCP sədri Cabbarın yaxınlarıyla görüşərək, sonadək onların yanında olacağını bildirdi.

“Cabbar narkoman deyil”

Məhkəmə iclası Respublika Narkoloji Dispanserin eksperti Faiq Isgəndərovun dindirilməsilə başladı. Ekspert verdiyi rəyi məhkəmədə də təsdiqlədi. Bildirdi ki, Cabbarın narkoman olub-olmadığını müəyyənləşdirmək üçün onu kliniki müayinə yolu ilə analiz ediblər. Bütün nəticələr göstərib ki, Cabbar  Savalanlı narkoman deyil. Belə olan halda, ekspert Cabbarın vəkillərinin belə bir sualı ilə üz-üzə qaldı:
– Bir halda ki, Cabbar narkoman deyil və onun davranışında, müayinələrində heç bir narkotik əlaməti tapılmayıb, nə üçün sizdən soruşulmadığı halda, “keçmişdə onun narkotikdən istifadə etməsi istisna deyil” fikrini rəy kimi yazmısınız?
Hansı dəlilə əsaslanaraq bu fikri yazmısınız? Bunları subyektiv ethimal saymaq olarmı?
Ekspert bu sualdan yayındı. O, “Cabbarın keçmişdə narkotik qəbul etməsi istisna deyil” fikrini hansı elmi dəlilə əsaslanaraq iddia etdiyini deyə bilmədi. Amma bu fikrin subyektiv olmasını da etiraf etmək istəmədi.
Ekspertin sualdan yayınması isə vəkillərin narazılığına səbəb oldu. Müdafiəçilərin etirazına ekspertin reaksiyası isə belə oldu: “Gör ora ”Cabbar narkomandı” yazsaydım, siz nə edirdiniz…”

Maraqlıdır…

Ekspertin sözlərinə görə, insanın qan və sidik nümunələrində narkotikin müəyyənləşdirilməsi narkotik vasitənin qəbulundan sonrakı 4-5 gündə mümkündür. Bu müddəti aşandan sonra Azərbaycandakı elmi-texniki vasitələrlə onu müəyyənləşdirmək mümkün olmur. Maraqlıdır ki, Cabbar həbs olunandan 14 gün sonra ekspertizaya göndərilib.
Onun nə üçün bu qədər gec ekspertiza olunmasına nə narkoloq cavab verə bildi, nə də ondan sonra ifadə verən müstəntiq Ziyadxan Əliyev.
Vəkillər bildirdilər ki, Cabbar saxlanılan gün müxtəlif tədbirlərdə iştirak edib, ətrafında konkret adamlar olub. Eüni zamanda müstəntiq Ziyadxan Əliyevdən soruşdular ki, istintaq o versiyanı araşdırıbmı ki, bəlkə narkotiki kimsə qərəzlə Cabbarın cibinə atıb? Müstəntiq suala “yox” cavabı verdi.
Vəkillər onu da bildirdilər ki, Cabbar polis idarəsinə maşınla gecə gətirilib və bu zaman onun hərəkətini məhdudlaşdıran heç bir tədbir görülməyib. Polisə gətirildikdən saat yarım sonra onun üstündə axtarış aparılıb və narkotik tapılıb. “Ən mağmın adam belə, bu müddətdə cibində olan narkotiki kənara tullaya bilməzdimi?”, – deyə vəkil Əsabəli Mustafayev müstəntiqə sual etdi. Müstəntiq isə sualdan yayındı.

“Hal şahidləri polisin agentləridir”

Daha sonra Əsabəli Mustafayev məhkəmədən bu iş üzrə hal şahidi kimi dindirilmiş şəxslərin barəsində tədbir görülməsini istədi. Vəkil dedi ki, ötən məhkəmə iclasında hal şahidim qismində ifadə vermiş Şıxıyev Rəhim və Ismayılov Məhərrəm bildirdilər ki, Cabbar saxlanılan gün başqa yerdə hal şahidliyi etməyiblər. Amma bu yalandır.
“Bizdə olan məlumata görə, daha 3 işdə bu şəxslərin adı hal şahidi kimi keçir. Bu isə onu göstərir ki, adıçəkilən şəxslər polisin ştatlı agentləridir. Cinayət-Prosessual Məcəllə onların dediklərini sübut kimi qəbul etməməyi tələb edir”, – deyə vəkil vəsatətini əsaslandırdı. Lakin vəsatət təmin olunmadı.

Isa Qəmbər və digər tanınmışların zaminliyinə “yox” deyildi

Daha sonra məhkəmədə 550 manat depozit qarşılığında Cabbarı zaminə götürmək istəyən Müsavat başqanı Isa Qəmbərin, hüquq müdafiəçiləri Səadət Bənənyarlı, Novella Cəfəroğlu, Səidə Qocamanlı, hüquqşünaslar Intiqam Əliyev, Ənnağı Hacıbəylinin ərizələri müzakirə edildi. Vəkillər bildirdilər ki, zəmanətlə bağlı müraciət edən şəxslər ölkədə tanınmış və kifayət qədər nüfuzlu şəxslərdir. Məhkəmə onların müraciətini müsbət qarşılayaraq, Cabbarı zaminə buraxa bilər. Prokuror Mövlud Osmanov isə buna qarşı çıxdı. Dedi ki, Cabbar zaminə buraxılsa, başqa bir cinayət törədə bilər. Bu zaman vəkil Anar Qasımov prokurorun fikrini darmadağın edən arqument səsləndirdi: “Hörmətli prokuror ”növbəti dəfə cinayət törətmək” deyəndə nəyi nızərdə tutur? O, məgər bilmir ki, hələ Cabbarın heç birinci dəfə də cinayət etdiyi sübut olunmayıb?”
Hakimin bu məsələ ilə bağlı qərarı da prokurorun mövqeyilə üst-üstə düşdü.

“Allahsız”, “imansız”…

Bundan sonra hakim məhkəmə istintaqının yekunlaşdığını elan edərək, çıxış üçün sözü dövlət ittihamçısına verdi. Mövlud Osmanov Cabbar Savalanlı ilə bağlı heç bir ağırlaşdırıcı və yüngülləşdirici halı qeyd etmədən, gənc fəala 3 il azadlıqdan məhrumetmə cəzası verilməsini istədi.
Prokurorun bu mövqeyi zaldakıların etirazına səbəb oldu. Çıxışa “Allahsız”, “imansız”, “etdiyin pislik balalarının qarşısına çıxacaq” kimi reaksiyalar verildi.
Vəkillər isə müdafiə çıxışına hazırlaşmaq üçün vaxt istədi.

Savalanlı ailəsinin cəsurluğu

Məhkəmə iclası başa çatanda Cabbar Savalanlının anası Təravət xanımın oğluna tövsiyəsi oldu: “Kişi kimi, mərd ol, işini də elə çək”.
Təravət xanımın məhkəməni izləməyə gələn gənclərə də məsləhəti oldu: “Qorxmayın gənclər, sizləri qorxutmaq üçün belə haqsızlıq edirlər. Haqq nazilər, amma üzülməz”.
Məhkəmə prosesi bu gün müdafiəçilərin çıxışıyla davam etdiriləcək.

Natiq Güləhmədoğlu