Zərərçəkənlərin etiraz aksiyasından xoflanan hakimiyyət onların sayını azaltmaq istəyir
“MurAy” şirkətinin aldatdığı vətəndaşların Prezident Administrasiyasının qarşısında aksiyalar keçirməsi hakimiyyətin narahatlığına səbəb olub. Bu baxımdan hakimiyyət problemi həll etmək üçün xüsusi plan hazırlayıb.
Bu barədə “Azadlıq”a məlumat verən mənbə bildirib ki, planda “MurAy” şirkətinin aldatdığı vətəndaşların sayının azaldılması nəzərdə tutulur: “Şirkətin aldatdığı vətəndaşların sayı 1000-dən çoxdur. Onların etiraz aksiyaları keçirməsi təbii ki, hakimiyyətdə narahatlıq yaradır. Bu məsələ ilə bağlı yuxarı səviyyələrdə aparılan müzakirələr zamanı qərara alınıb ki, aldadılan vətəndaşların bir qisminin pulu geri qaytarılmalıdır. Buraya şirkətə daha az (5-10 min manat civarında) pul verən zərərçəkənlər daxildir. Həmin məbləğ isə ”MurAy” işi ilə bağlı həbs edilənlərin üzərinə qoyulub. Xüsusilə, şirkətin himayədarı kimi qələmə verilən Qalib Məmmədbəyliyə deyilib ki, o, vətəndaşların bir qismini razı salmalıdır. Həbs edilənlərə deyilib ki, əgər vətəndaşların bir qisminin pulu ödənilsə, onların cəzası yüngülləşəcək”.
Mənbənin sözlərinə görə, Qalib Məmmədbəyli və digər həbs edilənlər bu təklifi qəbul etməyiblər. Çünki onlar fərqindədirlər ki, hətta bu halda heç nə dəyişməyəcək: “Əslində doğrudan da heç nə dəyişməyəcək. Aldadılanların sayı 1000 yox, 300 nəfər olsun fərqi yoxdur. Həbs edilənlərə qarşı irəli sürülən ittihamlar dəyişməz qalacaq. Sadəcə bu məsələdə hakimiyyət udacaq, etirazların qarşısını qismən alacaq, effektini azaldacaq”.
Mənbə bildirib ki, həbs edilənlər təklifi qəbul etmədiklərinə görə qərara alınıb ki, onların əmlakları hesabına zərərçəkənlərin bir qisminin pulu qaytarılsın: “Güman ki, həbs edilənlərin adına olan əmlaklar müsadirə ediləcək və onların satılması ilə zərərçəkənlərin bir qisminə dəymiş ziyan ödəniləcək”.
Mənbə həmçinin qeyd edib ki, həbs edilənlərin təkliflə razılaşmamasının bir səbəbi də günahsız olmalarını iddia etmələridir: “Məsələn, Qalib Məmmədbəyli günahsız olduğunu deyir. Vətəndaşlardan alınan pulun ”MurAy” şirkətinin rəhbəri Elxan Hüseynovla Şirvanın icra başçısı Mərdan Camalovun mənimsədiyini deyir”.
Oxucuların diqqətinə çatdıraq ki, şirkətin rəhbəri Elxan Hüseynov hələ də həbs edilməyib. Onun axtarışa verildiyi bildirilir. Qalib Məmmədbəyliyə gəlincə, bu şəxsin fövqəladə hallar naziri Kəmaləddin Heydərovla Prezident Administrasiyasının şöbə müdiri Zeynal Nağdəliyevin yaxın qohumu olduğu deyilir.
İnformasiya şöbəsi