“Koordinasiya Şurasına müraciətə ehtiyac yox idi”

Mitinqlə bağlı İctimai Palataya müraciət edən müsavatçılara İsa Qəmbər belə cavab verdi

 

Müsavat Partiyasının Bakı, Sumqayıt şəhər, Abşeron və ərazisi işğal olunmuş rayon təşkilatları sədrləri adından İctimai Palatanın Koordinasiya Şurasına müraciət edilib. Müraciətdə İctimai Palatanın növbəti sessiyasının çağırılması və orada mayın 15-nə mitinq təyin edilməsi xahiş olunur. “İctimai Palatanın 29 aprel 2011-ci il tarixli sessiyasının mitinqlərin davam etdirilməsi barədə qərarını dəstəkləməklə yanaşı, hesab edirik ki, həmin sənəddə növbəti etiraz tədbirinin gününün təyin olunmaması qeyri-müəyyənliyə, cəmiyyətdə və müxalifət düşərgəsində demokratik dəyişikliklərə inamın azalmasına səbəb olub. Bu isə demokratik düşərgənin siyasi maraqları baxımından ciddi səhvdir” – deyə, müraciətdə qeyd edilib.
“Azadlıq” qəzeti Müsavat başqanı İsa Qəmbərdən bu müraciətə münasibət öyrənib.
İsa Qəmbər bildirib ki, İctimai Palatanın Koordinasiya Şurasının sonuncu toplantısında müzakirə olunan məsələlərdən biri də 29 aprel sessiyasında qəbul edilmiş qərarların icrası ilə bağlı olub: “O cümlədən İctimai Palatanın kütləvi tədbirləri davam etdirmək qərarı da ətraflı müzakirə olunub. Ona görə də hesab edirəm ki, İctimai Palataya belə bir müraciət ünvanlamağa ehtiyac yox idi. Xüsusən də bu müraciətin mətbuata verilməsinə ehtiyac görmürəm. Çünki mövzu onsuz da gündəlikdə idi və müzakirə olunurdu. Koordinasiya Şurası da İctimai Palatanın kütləvi aksiyaların davam etdirilməsinin zəruruliyi haqqında qərarını bir daha müzakirə edərək müvafiq addımları müəyyənlənləşdirib. Biz şəhər rəhbərliyi ilə danışıqlar aparılaraq normal yer ayrılması, eyni zamanda beynəlxalq təşkilatların bu istiqamətdə işlərini daha da artırması  və nəticələrə nail olması üçün konkret addımların atılması niyyətindəyik. Eyni zamanda İctimai Palataya üzv olan şəxslər də növbəti tədbirlərə hazırlaşmalıdırlar. Hesab edirəm ki, burda hansısa bir problem axtarmağa ehtiyac yoxdur. Təbii ki, fərqli fikirlər var. İctimai Palata Azərbaycanda son illərin ən önəmli birliyidir. Birliyin ən mürəkkəb məsələləri də ciddi müzakirələrdən sonra birgə qərarla həll edə biləcəyinə inanıram”.

 

Elmin Həsənli