Gözlənilməz qərarın tarixçəsi

Yaxud tarixi qərarın tarixdəki rolu barədə…

İctimai Palatanın son sessiyasının nəticələri hələ də mediada və sosial şəbəkələrdə müzakirə olunmaqdadır. Bu müzakirələrdə faydalı cəhət odur ki, Ictimai Palatanın qərarları yerində saymır və artıq cəmiyyət həyatının “Dor ağacı” funksiyasını daşımağa başlayıb. Bu isə siyasi təşəbbüslərin hakimiyyət düşərgəsindən çıxmağa başlaması deməkdir.
Bir zərərli nüans ondan ibarətdir ki, bilərəkdən və ya bilməyərəkdən Ictimai Palatanın qərarları partiyalararası münasibətlərin nəticəsi kimi şərh olunur. Bu isə Ictimai Palatanın indiki strukturuna, idarəetmə və özünütəşkil prinsiplərinə ziddir. Xüsusilə, mitinqlərin dəqiq vaxtının təyin edilib-edilməməsilə bağlı qərar layihəsinin qəbulu zamanı böyük əksəriyyət hazırda qüvvədə olan layihəyə səs versə də, bu, AXCP-nin mövqeyi kimi təqdim olunur. Çox təəssüf ki, bu, siyasi partiyalar üstü bir qurum kimi yaradılmış, cəmiyyətin sinergetik potensialını ortaya qoymaq əzmində olan, bütün təbəqələri yenidən təşkilatlandırmaq üçün fəaliyyət göstərən Ictimai Palatanın məram və fəlsəfəsinə ziddir. Bununla belə, biz bütün qərarları gündəlik əhval-ruhiyyənin və planlaşdırmadığımız hadisələrin yaratdığı tendensiyaların təsiri altında verməməli olduğumuzu anlamalıyıq. Çünki Ictimai Palata strateji məqsədləri olan, mitinqə, hakimiyyət dəyişikliyinə və hakimiyyətə vasitə kimi baxan, cəmiyyətin uzunmüddətli və proqressiv inkişafını planlayan vətəndaş hərəkatıdır.

Mitinqlərin əhəmiyyəti və rolu

Əlbəttə, 11-12 mart və 2-17 aprel aksiyaları uzun illərdən bəri hakimiyyətin rastlaşmadığı, müxalifətin təşkil etmək imkanında olmadığı, cəmiyyətin isə görmədiyi kütləvi tədbirlər idi. Amma etiraf etmək lazımdır ki, bu aksiyalar “yuxuya getmiş təpəgözün gözünü çıxarmağa” imkan vermədi. Onu yarımçıq diksindirdi və oyatdı. Bunun nəticəsi kimi, bir çox sosial güzəştlərin olması, dövlət proqramlarının qəbulu sübut etdi ki, bu aksiyalar hakimiyyət üçün ciddi təhdidə çevrilib. Iqtidar daxilindən bir-birinə zidd səslər çıxmağa başladı. Amma bu aksiyaların heç biri ayrılıqda və hamısı birlikdə bizim planlaşdırdığımız strateji köklü dəyişiklikləri təmin etmədiyi kimi, bu dəyişikliklərə doğru dönüşü də təşkil edə bilmədi. Ola bilsin ki, cəmiyyətin, elə siyasi elitanın da daxilində bu və ya digər amillərin təsirilə bu aksiyaların həlledici olacağıyla bağlı fikirlərə düşən dostlarımız olub. Amma siyasətlə ciddi məşğul olan hər kəs bilir və ya bilməlidir ki, bu proseslərin ciddi, dinc və demokratik nəticələr verməsi üçün hakimiyyətdən narazı olan xalq fəallaşmalı, köklü dəyişiklikləri öz iştirakı ilə legitimləşdirməlidir. Buna görə də bizim işimiz hakimiyyətlə sonu görünməyən küçə döyüşlərinə girmək yox, bu mübarizəyə böyük xalq kütlələrini qoşmaqla, onları ya tədricən, ya da qısa müddətə xalqın tələblərinə cavab verməyə razı salmaqdır. Ona görə də bu prosesləri məqsədi məlum olan marafona bənzətmək olar. Bu marafonu udmağın ilkin şərti isə marafonçunun yüksək əhval-ruhiyyəsi ilə bərabər, fiziki hazırlığıdır. Çox böyük üstünlükdür ki, bizim düşərgəmizdə bu əhval-ruhiyyə var və biz ikinci çatışmazlığı mütləq tamamlamalıyıq. Xalqa yalnız proseslərin artan tempini göstərməliyik. Əks halda, baş verənlərin geriyə doğru effekti uzunmüddətli planları da sıradan çıxara bilər.

Üç strateji addım

Ictimai Palata yaranarkən nə dünyada ərəb inqlabları vardı, nə də bu cür beynəlxalq şərait. Amma bu təşkilat öz  strategiyasına nail olmaq üçün üç əsas taktiki-təşkilati məsələni irəli sürürdü. Bunlardan birincisi, 2010-cu il parlament seçkilərində iştirak etməyən və bütünlüklə siyasəti boykot etmiş, əhalinin 85 faizini təşkil edən təbəqə ilə işləmək idi. Yəni, ölkədə yaranmış sosial böhranın başlıca səbəbinin siyasi müstəvinin olmaması  olduğunu izah etməklə, Ictimai Palata ilə bu təbəqə arasında canlı-interaktiv əlaqələr qurmaq, mübarizədə bu təbəqənin böyük əksəriyyətini səfərbər etmək idi.
Ikinci məqsəd regionlarda Ictimai Palatanın strukturlarını yaratmaq, bütün ölkəni əhatə edən təşkilati şəbəkəni qurmaqla hər bir rayonun, bölgənin aparıcı ziyalı və gənclik təbəqəsini bu proseslərə qoşmaq idi.
Üçüncü və sonuncu məqsəd isə Ictimai Palatanın böyük potensiala malik gənclik heyətini formalaşdırmaq, həmçinin dünyada yeni yaranmış siyasi proseslərin açar texnologiyası olan yeni media iştirakçılarının demokratik hərəkata cəlb olunmasını təmin etmək idi.

Məsuliyyət məsələsi qoyulsa…

Yuxarıda göstərilən üç məqsəddən heç birinə nail olmadan, bircə rayonda da rəsmən Ictimai Palatanı yaratmadan, öncədən planlaşdırılan hazırlıqların minimumunu belə, həyata keçirmədən bizi meydanlara çəkməyin siyasi məsuliyyəti böyük ehtimalla birlik naminə gündəmə gəlmir. Əslinə qalsa, biz bütün baş verənlərə və kənaraçıxmalara öz strateji planlarımız çərçivəsindən qiymət vermiş olsaq, görərik ki, iki düşüncənin – özünütəsdiq kompleksi və ölkəni xilas etmək strategiyasının qarşıdurmasından danışmaq olar. Bu mənada son bir neçə ildə, hətta siyasi müstəvinin özünün olmadığı vaxtlarda belə, AXCP-nin göstərdiyi fədakarlıqlar, günü bu gün uğradığı repressiyalara, “qara piara” görə də daha öndə olması, təşkilatın özünütəsdiq kimi bir düşüncəsinin olmadığını göstərir. Əsas görüş daha strateji məqsədlərə çatmaq üçün ciddi hazırlaşmaqdır. Məşhur bir kəlamda deyildiyi kimi, “soyuq düşünə bilməyənlər qızğın savaşı uduzmağa məhkumdurlar”. Hər halda, mitinqi təşkil edənlər meydana göy jiletlə çıxanlar olmur…

Bu LENT azdır..

Ola bilsin ki, bu diskussiyaların genişlənməsində, hətta açılmasında hakimiyyətin maraqlı olduğunu dananlar tapılacaq. Amma hakimiyyətə bağlı olduğu heç kimdə şübhə yaratmayan “lent.az” xəbər portalının yaydığı dezinformasiyanı əlində rəhbər tutaraq, ümumi düşərgəni öncədən şantaj etməyin özü onu deyir ki, hakimiyyətin məkiri ilə dostlarımızın emosiyaları uyğunsuz yerdə görüşüb. Buna görə də biz bunu hər hansı ittihama çevirmək fikrindən uzağıq və yaxşı olar ki, səmimi emosiyaları bizim əbədi düşmənlərimizin silahları ilə gücləndirməyə çalışmayaq. Bu, ən azı, səmimi tablo yaratmır.

Populizm, yoxsa separatizm?

Ictimai Palatanın 29 aprel sessiyasının qərarından sonra Müsavat Partiyasının Bakı şəhər təşkilatlarının yığıncağı adından Koordinasiya Şurasına öz qərarına yenidən baxmaq barədə müraciəti ya yersiz populizm, ya da Ictimai Palatada komandadaxili separatizm görüntüsü yaratmaq cəhdidir. Baxmayaraq ki, hər iki halda cəhdlər uğursuzdur.
Birinci halda: bu günə qədər keçirilən aksiyalar hər kəsə fərqlənmək imkanı verib və fərqlər ortadadır;
Ikinci halda: Müsavat Partiyasının divanı və rəhbərliyi Ictimai Palatanın ötən sessiyasında mövcud qərara səs veriblər. Amma bu gərginliyi yaratmağın kimə və nəyə xidmət etdiyi müəmmalı sual olaraq qalır.

Hakimiyyət nə istəyərdi?

Ilham Əliyevin kürsüsü yellənən bir zamanda onun əshabələrinin əlinə fürsət vermək olarmı ki, bütün müxalifət düşərgəsini hazırlıqsız yaxalayıb, sıradan çıxarsın?!
Hər kəs bilir ki, xalq hakimiyyətdən narazıdır və bizim işimiz bu narazılığı təşkilatlandırmaqdır. Amma xalqın böyük kütlələrini bu mübarizəyə qoşmadan müxalifətin nüvəsini hakimiyyətin zor aparatına əzdirməyin mənası və faydası nəyə xidmət edir? Bu ona bənzəyir ki, beyninə qan sızacaq adamın burnunu sındırırsan. Əslində, burnunun sınması onun üçün itkidir. Amma bununla onu ölümdən xilas etdiyini də bilməlisən. Bu baxımdan biz hazır olana kimi, əsas verməməliyik ki, hakimiyyət gücündən istifadə etsin.

Sonunu düşünməyən…

Məşhur bir filmdə “Sonunu düşünən qəhrəman ola bilməz” fikri tez-tez xatırlanır və görünür ki, daha emosional və spontan xarakterli dostlarımıza bu sözlərin ciddi təsiri var. Bir məsələ də var ki, sonunu düşünməyən nə desən olar… Bizim işimiz fərdi uğur qazanmaq deyil. Ona görə də başımıza gələnlər və ya gətirilənlər – həbslər, repressiyalar, işgəncələr bizi təsirləndirməməlidir. Biz məhz hər bir prosesin sonunu düşünməli və xalqımızı hara apardığımızı bilməliyik. Bu mənada istər Ictimai Palatada, istərsə də Koordinasiya Şurasında çox görkəmli siyasi xadimlər və ziyalılar, ictimaiyyət adamları toplaşıb. Belə bir tərkib imkan verir ki, Ictimai Palata daim səbatlı qərarlar versin və ölkəni, xalqı düşünülmüş şəkildə əmin bir gələcəyə aparsın.

Seymur Həzi