“Fövqəlnazir” ərəblərlə işbirliyi qurur

Kəmaləddin Heydərov da digər oliqarxlar kimi Dubayda obyektlər almağa başlayıb

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) biznes imperiyası yaratmaq istəyir. Bu barədə “Azadlıq”a sızan məlumatlarda deyilir ki, “fövqəlnazir” artıq bu niyyətini gerçəkləşdirmək üçün əməli fəaliyyətə keçib.
Məlumatlara görə, Kəmaləddin Heydərov Dubayda  daşınmaz əmlak almaq üçün adamlarını bu şəhərə göndərib. “Fövqəlnazir”in BƏƏ-yə maraq göstərməsinin səbəbi həm burada digər ərəb ölkələri kimi inqilab təhlükəsinin olmaması, həm də iqtisadi böhran nəticəsində Dubayın daşınmaz əmlak bazarında qiymətlərin xeyli aşağı düşməsilə bağlıdır. Bundan əlavə Kəmaləddin Heydərov düşünür ki, Avropa ölkələrindən fərqli BƏƏ-də onun biznesi o qədər də diqqət mərkəzində olmayacaq. Bir neçə il əvvəl “fövqəlnazir” Latviyada daşınmaz əmlak almaq istəyərkən, dərhal bu ölkənin mətbuatı bu barədə yazmışdı. Latviyanın rəsmi qurumları da məsələyə aydınlıq gətirmək məcburiyyətində qalmışdı. BƏƏ-də isə belə bir təhlükə yoxdur. Hər halda Kəmaləddin Heydərov bu cür düşünür.
Mənbə əlavə edib ki, BƏƏ-nin iqtisadiyyat naziri Sultan bin Səid Əl Mansourinin başçılıq etdiyi nümayəndə heyətinin Qəbələyə səfər etməsi də təsadüfi deyil. Bu rayonun “fövqəlnazir”in nəzarətində olması heç kimə sirr deyil. Görünür, Sultan bin Səid Əl Mansouri Kəmaləddin Heydərovun Qəbələyə qoyduğu “yatırımların” nəticəsi ilə maraqlanmaq istəyib.

İnformasiya şöbəsi