Cəbhəçi gəncə 2 il 6 aylıq həbs verildi

Cabbar Savalanlı: «Azadlıq uğrunda sona qədər döyüşəcəyik!»

Sumqayıt məhkəməsi və polisinin qəddarlığı şok yaşatdı

 

AXCP Gənclər Təşkilatının üzvü Cabbar Savalanlıya qarşı fevralın 5-dən başlanan siyasi şou dünən başa çatdı. Həmin gün narkotiklə şərlənən gənc fəalın barəsində dünən Sumqayıt şəhər məhkəməsində hakim Ilqar Məmmədovun sədrliyilə hökm çıxarıldı. Hökmə əsasən, Cabbar narkotik saxlamaqda təqsirli hesab edilərək, 2 il 6 ay azadlıqdan məhrum edildi.

Məhkəmənin texniki qüsurları

Əvvəlki məhkəmə iclaslarında olduğu kimi, dünən də prosesi izləməyə gələnlərə xeyli gərginlik yaşatdılar. Dəfələrlə bu haqda məsələ qaldırılmasına baxmayaraq, yenə də məhkəmə prosesi kiçik zalda keçirildi. Zaldakı azsaylı yerlərin bir hissəsini naməlum şəxslər tutmuşdu. Onlar dünən ciddi etirazlara baxmayaraq, məhkəməni izləməyə gəlmiş hüquq müdafiəçiləri və jurnalist xanımların əl çantasını heç bir ağlabatan izah vermədən müsadirə edərək, bir küncə yığdılar.
Məhkəmə iclas katibi Sədaqət Ismayılova da yenə öz ampluasındaydı. Əvvəlki məhkəmə iclaslarında olduğu kimi, bu dəfə də jurnalistlərə və prosesə gələn digər şəxslərə qarşı kobud rəftarı, qeyri-korrekt ifadələrilə yadda qaldı.
Cabbara dəstək məqsədilə Sumqayıta gəlmiş onlarla gənci isə polis nəinki məhkəmə zalına, heç məhkəmənin həyətinə də buraxmaq istəmədi.
Hakim Ilqar Məmmədov bu dəfə də jurnalistlərin fotoçəkilişlə bağlı müraciətinə heç bir əsaslandırma olmadan “yox” dedi.

Cabbarın pozulan hüquqları


Məhkəmə prosesi vəkil Anar Qasımovun müdafiə nitqi ilə başladı. O, istintaqın dəlillərini “darnaqarası sübutlar” adlandırdı və məhkəmədən Cabbara bəraət verilməsini, dərhal azad edilməsini istədi.
Vəkil bildirdi ki, Cabbar həbs olunarkən, həmçinin onun işi üzrə ibtidai istintaq zamanı çoxsaylı prosedur pozuntulara yol verilib: “O, gecə saat 3-də – tutulmasının şokundan ayılmadığı bir halda, emosional vəziyyətdə, müdafiəçinin iştirakı olmadan dindirilib. Istintaq orqanı sübut kimi, yalnız Cabbar Savalanlının fiziki və psixi təzyiq altında verdiyi ilkin etirafedici ifadələrinə istinad edib. Onun sonraki ifadələrini qəbul etməyib, Cabbarın cibindən tapıldığı iddia olunan narkotik vasitənin mənbəyinin müəyyən edilməsi istiqamətində heç bir tədbir görməyib”.
Vəkilin sözlərinə görə, istintaq orqanı səhlənkarlığa yol verərək, Cabbar Savalanlının dərhal narkoloji ekspertizadan keçirilməsini təmin etməyib, gecikməyə yol verməklə (14 gün gecikmə) “ziddiyyətli rəy” alınmasına nail olub.

Hal şahidlərinin ifşası

Cabbarın üzünə duran hal şahidləri haqda vəkil dedi ki, məhkəmədə hər iki hal şahidinin hadisələrin gedişatını qavramaq, yadda saxlamaq imkanına malik olmadığı üzə çıxdı: “Təsadüfi deyil ki, hal şahidlərindən Rəhim Şıxəliyev cibindən çıxardığı lupa ilə nəinki imza etdiyi protokolu, hətta 16 ölçülü şriftlə yazılmış ”Sumqayıt” sözünü “Semreb” kimi oxudu. Belə olan halda, həmin hal şahidlərinin iştirakı ilə keçirilən bütün əməliyyat tədbirlərinin nəticəsində tərtib olunmuş protokollar, habelə, onların ifadələri etibarsız hesab edilməli, sübutlar sırasından çıxarılmalıdır.

Ekspertin subyektivizmi


Məhkəmə iclasında dindirilən ekspert Faiq Isgəndərov birbaşa olmasa da, dolayı yolla etiraf etdi ki, Cabbarın nə vaxtsa narkotik qəbul etməsi barədə fikri onun subyektiv mülahizəsidir. O, bu nəticəyə iş materiallarını oxuduqdan sonra gəlib. Iş materiallarında Cabbarın cibindən narkotik vasitə çıxması qeyd olunduğu üçün ekspert düşünüb ki, ola bilsin, Cabbar nə vaxtsa, narkotikdən istifadə edib. Halbuki, ekspertdən belə bir suala cavab verilməsi tələb olunmurdu. Müdafiə tərəfi hesab edir ki, ekspert ittiham tərəfinin təzyiqi nəticəsində bu cür rəy verib”.

“Bəraət verin!”

Vəkil onu da məhkəmənin nəzərinə çatdırdı ki, Cabbar Savalanlı tutulandan dərhal sonra bir sıra beynəlxalq təşkilatlar, o cümlədən, “Amnesty International” onun həbsinin siyasi xarakterli olduğunu bəyan edərək, hakimiyyəti gənc fəalı azad etməyə çağırıb. Bu isə o deməkdir ki, dünya ictimaiyyəti Cabbarın həbsini siyasi sifarişin nəticəsi hesab edir. Bir çox hüquq müdafiəçilərinin hesabatlarında Cabbar Savalanlının adı artıq potensial siyasi məhbus kimi qeyd olunub. Vəkilin sözlərinə görə, Azərbaycan hökumətinin növbəti dəfə dünya birliyi qarşısında aciz duruma düşməməsi üçün Cabbar Savalanlıya bəraət verilməlidir.


Cabbar Savalanlı: “Mən zindanda da azadam!”

Cabbar Savalanlı da dünən məhkəmədə son sözlə çıxış etdi. Üç aydır Şüvəlandakı təcridxanada saxlanıldığını deyən Cabbar bildirib ki, bu müddətdə narkotik saxlamaqda ittiham olunaraq həbs edilmiş xeyli insanla söhbətləşib. Onların heç birinə prokurorun 3 il həbs cəzası istəmədiyini vurğulayan Cabbar ötən məhkəmə iclasında dövlət ittihamçısının ona bu maddədə nəzərdə tutulan ən ağır cəzanı istəməsini hakimiyyətin qərəzinin nəticəsi kimi qiymətləndirdi.
“Azərbaycanda insanlara ya azadlığı,  ya da çörəyi seçmək təklif olunur. Çörəyi seçənlər azadlıqlarını itirirlər. Mən isə çörəyi yox, azadlığı seçmişəm. Ona görə də məni qismən fiziki azadlıqdan məhrum etdilər. Mən həbsxanada da azadam. Biz azadlıq mücahidləri olaraq, azadlıq uğrunda sonacan döyüşəcəyik. Heç vaxt hakimiyyətin tabutuna girməyəcəyik. Inşallah, azadlıq məbədində görüşəcəyik”, – deyə bəyan edən Cabbarın çıxışı alqışlarla qarşılandı.

“Bu hökmü verənlər Səddam Hüseyn kimi cəzalarını alacaqlar”

Hökm elan olunduqdan sonra Cabbar onun işinə baxan hakim və prokuror haqqında düşündüklərini dilə gətirib: “Bunlar kimdilər ki?! Bunlar hakimiyyətin siyasi sifarişini yerinə yetirirlər”
Hakim hökmü elan edərkən zalda Cabbarın qadın qohumlarından biri ağlayanda gənc fəal və anası Təravət xanım etiraz etdilər. Təravət xanım üzünü oğluna tutdu: “Qoy lap 6 il versinlər. Mənim oğlumu bununla qorxuda bilməzsiniz. Kişi kimi mərd cəzasını çəkəcək. Ancaq bu hökmü verənlər Səddam Hüseyn kimi cəzalarını alacaqlar”.

Polis zorakılığı

Məhkəmə zalından çıxarkən Cabbar Savalanlının anasının daha bir mesajı oldu: “Cabbarı şərləyənlər bilsinlər ki, bununla nə bizi, nə də onu əyə biləcəklər. Prezident də bunu bilsin…”
Məhkəmə önündəki fəallar Təravət xanımın bu çıxışına “Cabbara azadlıq!” şüarıyla qarşılıq verdilər. Məhkəmə önündəki polislər bu zaman zorakı formada fəalların üstünə hücum çəkdi. Polislərin məhkəmə qarşısındakı qızlardan birinin saçından yapışıb onu sürüməyə cəhd etməsi aranı lap qarışdırdı. Polis dəstək şüarları səsləndirən gəncləri saxlamağa və döyməyə başladı. Polislər həmçinin baş verənləri işıqlandıran çoxsaylı jurnalisti saxlayaraq, foto və videokameralarını əllərindən aldılar. Polislər media nümayəndələrinə qarşı kobud davranaraq, onları döyüb, maşınlara itələyirdilər. “Azadlıq” radiosunun əməkdaşı Esmira Cavadova, “Turan” informasiya agentliyinin müxbiri Pərvanə Bayramova, Reportyorların Azadlığı və Təhlükəsizliyi Institutunun əməkdaşları Fərqanə Novruzova və Əbülfət Namazov polis zorakılığına məruz qaldı. Esmira Cavadovanın kamerası əlindən alındı, qolundakı saat qoparıldı. Bundan başqa, onun jurnalist vəsiqəsi əlindən alındı. Bir qədər sonra kamera ona qaytarılsa da, bütün çəkilmiş materiallar silinmişdi.

“Azadlıq” qəzetinin əməkdaşı kimi, bu sətirlərin müəllifi də fiziki zorakılıq və təhqirlərlə üzləşdi. Mayor rütbəli bir polis apardığımız çəkilişə mane olmaq məqsədilə fotoaparatı almaq üçün özü və daha 5 başqa polislə üstümə tökülüşdü. Onlar mənə yumruq və təpiklərlə zərbə vuraraq, aparatı alırdılar. Bu zaman “Azadlıq”a məxsus fotoaparat sıradan çıxdı. Onun yaddaş kartı isə çıxarılaraq götürüldü.
Insident zamanı özüm də daxil olmaqla, 7 nəfər gənc – Elçin Həsənov, Emin Türk, Zaur Qurbanlı, Elturan Rüstəmli, Sərvər Ibrahimov və Elvin Zeynalov həbs olunaraq, Sumqayıt şəhər 3-cü polis bölməsinə aparıldıq. Bölmədə təxminən saat yarım saxlanıldıqdan sonra xəbərdarlıq olunaraq sərbəst buraxıldıq.

Hökm hiddət doğurub

“Bu hökm Azərbaycan hakimiyyətinin fəal gənclərdən qisas aldığını göstərir”, – deyə açıqlama verən Sülh və Demokratiya Institutunun rəhbəri Leyla Yunus bildirib ki, 2005-ci ildən başlayaraq, Azərbaycan hakimiyyəti fərqli düşünən gəncləri repressiya maşınından keçirir: “Həyasız şəkildə bu gəncə hökm çıxarmaqla cəmiyyətə göstərmək istəyirlər ki, ən təmiz, ən ağıllı, ən yaxşı təhsil almış insanı belə, həbsə ata və boynuna ittiham qoya bilərik. Hakimiyyət öz hərəkətlərilə sübut edir ki, polis, məhkəmə və prokurorluq orqanları fərqli düşünən insanları cəzalandırmaq üçün cəza aparatıdır”.

“Nə qədər haqq- ədalətdən uzaq olmalısan ki…”

“Nə qədər ki, Azərbaycanda müstəqil məhkəmə sistemi olmayacaq, hələ çox savalanlarımıza gülünc hökmlər oxunacaq”, – deyə Insan Hüquqları və Qanunçuluğun Müdafiəsi Bürosunun rəhbəri Səidə Qocamanlı “mediaforum”a açıqlamasında bildirib. O deyib ki, Cabbar Savalanlı hüquq müdafiəçilərinin siyasi məhbus siyahısına daxil edilib.
Başqa bir hüquq müdafiəçisi Novella Cəfəroğlu bildirib ki, Cabbarın məhkəməsindəki kimi biabırçı qərar görməyib: “Azərbaycanın bu qərarın acısını beynəlxalq aləmdə hələ çox çəkəcək. Ekspertiza təsdiq edir ki, Cabbar narkoman deyil. Nə qədər haqq və ədalətdən uzaq olmalısan ki, bu halda belə, 19 yaşında gənci cəzanın ən yüksək həddilə cəzalandırasan”.

Qorxudan doğan həbs

AXCP sədri Əli Kərimli isə hökmü “hakimiyyətin şər-böhtanı” kimi qiymətləndirib: “Bu həbslər ərəb inqilabları fonunda hakimiyyətin gənclərin və bütövlükdə vətəndaşların sosial şəbəkələrdə fəallaşması qorxusundan doğan həbslərdir”.
AXCP sədri bu qəddarlığın Azərbaycanda demokratiya uğrunda mübarizənin qarşısını ala bilməyəcəyini deyərək, hakimiyyəti digər avtoritar rejimlərin taleyindən nəticə çıxarmağa çağırıb.

Natiq Güləhmədoğlu