Ay dili-dili

Dünən dostum dedi ki, xəbərin var, AMEA-dakı toplantıdan sonra dilin üstünə möhkəm düşüblər? Dedim, nədi, camaatın dilini kəsəcəklər? Görünür, dil söhbəti məhz siyasi səbəblərlə bağlıdı. Yəni “dilin saflığını qoruyaq” o deməkdi ki, ən saf dil kəsilmiş dildi. Hakimiyyət zənn eləyirmiş ki, bu ölkədə dili kəsilməyən qalmayıb. Indi məlum olur ki, elə deyilmış. Dilin saflığını da korlayan buymuş elə. Indi qalan dilləri də kəsəcəklər ki, dilimiz gül kimi, tər-təmiz olsun…

***

Bin Laden öldürüldü. Ən azı ABŞ dövləti bu haqda rəsmi və görüntülü xəbər yaydı. Dünyanın bir nömrəli terrorçubaşının aradan götürülməsini Azərbaycan rəhbərliyindən başqa hamı bayram elədi. Bizimkilərin başı təxminən elə Bin Laden əməliyyatı zamanı cəbhəçiləri işdən qovmağa qarışmışdı. Belə çıxır ki, Bin Laden dünya üçün nə qədər təhlükəli imişsə, cəbhəçilər də YAP üçün o qədər qorxuluymuş – onları hər yerdə tutmaq, öldürmək, işdən qovmaq lazımdı. Azərbaycan vətəndaşları olan bu insanların hətta Xırdalanda heykəli dövlət səviyyəsində mühafizə edilən Hüsnü Mübarək və bu keçmiş diktatorun arvadı, adına elə Xırdalandaca məktəb olan Suzanna Mübarək qədər də xətir-hörməti yoxmuş. Məhv olmuş bir diktatorun heykəli qədər də dəyəri olmayan insanımız, heyyy! Dilimizin çiviri çıxdı deməkdən. 

***

“Komsomolskaya pravda” qəzetində WikiLeaks saytının Azərbaycanla bağlı yayımladığı gizli sənədlər çap edilib. Sənəddə Azərbaycanın, daha doğrusu, Ilham Əliyevin xarici siyasəti ilə bağlı ilginc məlumatlar yer alıb. Sən demə, dövlət başçısı ABŞ-ın ölkəmizdəki keçmiş səfiri Ənn Dersi ilə bir neçə dəfə bu konular üzrə görüşüb, görüşlərin hər biri də çox əsəbi atmosferdə keçibmiş. Dövlət başçısı Amerikanı bu qədər sevdiyi halda sevgisinə qarşılıq görmədiyini dönə-dönə və çox güclü qəzəb hissi ilə dilə gətirib. Təxminən “axı niyə” kimi sual qoyub Ənn xanımın qarşısına. Xanım isə qabağından yeməyib və deyib: “Vaşinqton yalnız Azərbaycanda deyil, bütün dünyada demokratiyanı dəstəkləyir”. Görün heç cavabdı? Demokratiyadan Azərbaycana nə və sevgiyə nə dəxli? Dilin uzunluğuna baxın da!

***

Artıq altıncı ildir ki, “Sərhədsiz reportyorlar” Azərbaycan prezidentini “mətbuatın yırtıcıları” siyahısına salır. Görünür, oralarda buralardakı jurnalistlər üçün tikiləcək binanın xəyallarını, iki müxalifət qəzetinə verilən qrantları heç nəzərə almırlar. Bəlkə də onlar bunun özünü də mətbuata basqı hesab eləyirlər. Dilçilikdə buna oksümoron deyirlər. 

***

ADNA-da baş verən qanlı olayın ildönümü ərəfəsində tv-lərdən birində gedən verilişə baxdım. Terrorçu Fərda Qədirovun az qala uşaqlığından bu yana çəkilmiş videogörüntüləri, terroröncəsi telefon danışıqları seyrçilərə təqdim edildi. Istər-istəməz bir sual yaranır. Az qala unitazlara da gizli kamera yerləşdirən hakimiyyət və onun məsul orqanları bu olaydan necə xəbər tutmayıb? Cavab isə çox sadədi və bu haqda düşünməyə belə dəyməz.Çünki gizli kameralar dövlətin yox, hakimiyyətin təhlükəsizliyini qorumaq üçün (hələ bunun özü belə çox gülməlidi) qurulub; məxfi agentlərin, telefon dinləmələrinin fəaliyyəti də ancaq bu istiqamətdə səfərbər edilib. Yuxarılarda bir terrorçunun nə elədiyinə və nə eləmək istədiyinə baxmaq, dinləmək kimsəyə ləzzət vermir. Vətəndaşların təhlükəsizliyi zərrə qədər önəm daşımır. Onsuz bu rejimin özü də vətəndaşlarını yavaş-yavaş aradan götürməklə məşğuldu. Zülmdən cana doyub özünü yandıranlar buna parlaq misaldı. Əsas odu ki, kimsə dilini hakimiyyətə uzatmasın. Ona görə də dostum haqlıdı: Dilin üstünə möhkəm düşüblər…